Üzümü hara tutum dua edəndə... - Venesiyaya məktub - Emin PİRİ - şeirlər

Birinci məktub

Bir az əsmər, bir az günəş-şokolad qız,

sən gedəli

Burda şirniyyatların dadı qaçıb.

 

Venesiyanın suları

gecələr pıçıldayırmı qulağına

Sumqayıtın yalnızlığını?

 

Heç gördünmü

Eşqə qalxmışam desin kimsə?

Hamı düşdü,

düşdü.

Düşmək qalxmaqdı

necə ki, Yusifi endirdilər

qalxmasıyçün

Allahın eşq quyusuna.

Sən də mənim eşq quyumsan

balıqların Marian zirvəsi kimi.

 

Ayaqlarımın addımlamağı

əllərimi aldatmaqdı

səcdə edir getdiyin yollara.

Üzümü hara tutum dua edəndə

Məkkəyə, Vatikana

Yoxsa Venesiyaya?

 

Bədənimdən ayrı düşən ayaqlarım,

"Axilles dabanı"msan.

Kişilər qadınsız yeriyə bilməz bu həyatı.

 

Günəşə həsrət mamırlar

ayağına dolanıb yalvarırmı

getmə, qal, əsmər günəş-deyə?!

 

Üzük yerinə

öpsəmmi barmağından?!

 

...bəlkə də, bir itimiz olar,

adını Kio qoyarıq.

Sevgi dilində danışır itlər-

elə mənim dilimdə.

Çox yorulmuşam, şokolad qız...

Bu həyatdan nə doydum, nə də bezdim.

Yoruldum,

yoruldum, şokolad qız.

 

Aldadasan hamını...

Elə özünü də

Tanrını da

Onun yazdığı 75 illik ömrü də

33 yaşında

atasan özünü

dənizin qolları arasına.

 

Cırasan alın yazısının qalan səhifələrini

balıqlar öpə gözündən,

yosunlar anantək bələyə səni.

Allah da köks ötürüb deyə:

"Bağışla.

Bağışla məni".

 

Mənim gücüm çatan iş deyil bu iş,

alın yazısında proqnozlarım

özünü doğrultmur buralarda heç...

 

İkiəlli yapışıb tavandakı ipdən

özünü asan gəncin kölgəsi.

Körpüdən ölümünə tərəf boylanan

bir başqasının da kölgəsi

boğulub dənizdə çoxdan...

Kölgəmiz cəsarətli çıxır özümüzdən.

 

Yuxularımız necə

Onlar da yazılıb alın yerinə?!

Şeytan Allahın,

gecə gündüzün,

yuxular həyatın

sən mənim kölgəmsən.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!