Dan yeri söküləndə vurnuxdu bütün atlar... Nallarıyla torpağı hey yardılar, yardılar! - Könül Arif - şeirlər

 

Yoxluğun çərçivəsiz şəkilləri

M. üçün

Şəkil 1

Qəfil atəş kimi

Onlarla göyərçin qanadları açıldı havaya

Sübh çağı!

Oyandım...

Öncə göyərçinlərin

Güllə kimi başıma sıxdığı

Sübhün açıldığını anladım.

Sonra -

Yoxluğun düşdü yadıma...

"Durub ölüm" dedim

Ağlayıb qaldım.

 

Şəkil 2

Qabları

Soyuq suyla yuyanda

Əllərimə köçür yoxluğun.

 

Şəkil 3

Sükut...

Sükut xofu!!

SÜKUT XOFU!!!

 

Şəkil 4

Evdə insan səsləri

Çöldə insan səsi

İnsan gülüşü,

İnsan surətləri!!!

...və heç biri,

İlahi,

Heç biri

O deyil...

 

Şəkil 5

Saçlarımı kəsdirdim,

Telefonu söndürdüm,

Təzə paltar geyindim,

Daha nə qaldı?

 

Hə,

İndi

Ölə bilərəm.

Ordakı oktyabr

Uşaqlıq rəfiqəm Sevincə

Səninçün darıxmağın içində -

Ayaqlarının altındakı nəm otların ətri

Oktyabrın sərin nəfəsindən

çılpaq qalmış kövrək nar ağacı

Ağlayan sığırçınlar

Atamın uzaqdan gələn səsi var.

 

Səninçün darıxmaq - şəkillərdir, amma rəngli

Səsli

Ətirli...

 

Oktyabrı həyət evində -

O bap-balaca küçədə görmək gərək idi.

İndisə

Bu ruhsuz şəhərdə mən

Oktyabrı hər il görməzdən gəlirəm.

 

Səninçün darıxmağın içində -

Navalçaları döyəcləyən yağışın səsi

Topunu həyətdə

Unudub qaçan uşağın ayaq izləri

Bu izlərin içində boğulan

qarışqaların ayaq hərəkətləri -

Həyat eşqi...

 

Səninçün darıxmaq -

Daim bir əlin dartınmasıdır uzağa

Səninçün darıxmaq -

Gözlərini yumaraq baxmaqdır oktyabra...

Qaçış

M. üçün

Atları ağaclara bağladılar...

...və getdilər

qüruba sarı.

Bir görsəydin o atları -

Necə güclü, qamətli,

Qara, kəhrəba,

Xınalı,

Xallı...

Bir qaçışa

Yer yarardı nalları!

 

Ağaclara bağladılar neçə-neçə qaçışları

Getdilər

Qüruba sarı.

 

Dan yeri söküləndə vurnuxdu bütün atlar

Nallarıyla torpağı

Hey yardılar, yardılar!

Yellənirdi yaşıl-yaşıl budaqlar

Silkələnirdi

Yuvasındakı quşlar.

"Qaçış! Qaçış!!" deyə çırpınırdı

Atların ürəkləri.

 

Ağaclara bağladılar neçə-neçə ürəkləri

Getdilər

Qüruba sarı.

 

Ağaclara bağladılar

Külək kimi atları!

...getdilər

Üfüqə sarı...

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!