Əlvida... - Şöhlət Əfşar - şeirlər

 

Üçrəngli bayrağım

Ucalıb göylərə, bir daha enməz,

Şanlı istiqlalın məşəli sönməz,

Sənə məhəbbətim bitməz, tükənməz.

Üçrəngli bayrağım, şöhrətim-şanım,

Mən sənə qurbanam, Azərbaycanım!

 

Yaşılın - İslamın, haqqın yoludur,

Mavi - ulu Türkün polad qoludur,

Qırmızı - millətin çağdaş yoludur.

Üçrəngli bayrağım, şöhrətim-şanım,

Mən sənə qurbanam, Azərbaycanım!

 

Dalğalan, Cavadın ruhu oyansın,

Müşfiqin can evi nura boyansın,

Cavidin arzusu məşəltək yansın.

Üçrəngli bayrağım, şöhrətim-şanım,

Mən sənə qurbanam, Azərbaycanım!

 

Sənə layla çalır mavi Xəzərim,

Eşqinlə kükrəyir Arazım-Kürüm,

Sən, ey Məkkəm, qibləm, müqəddəs pirim

Üçrəngli bayrağım, şöhrətim-şanım,

Mən sənə qurbanam, Azərbaycanım!

 

Əbədiyyət aldın ulu Heydərdən,

Yazıldın tarixə başdan, binədən,

Qovuşdun millətə, fəxr etdi Vətən!

Üçrəngli bayrağım, şöhrətim-şanım,

Mən sənə qurbanam, Azərbaycanım!

 

Şöhlətəm, ruhumsan, damarda qanım,

Hazıram uğrunda odlara yanım,

Fədadır yolunda həyatım, canım.

Üçrəngli bayrağım, şöhrətim-şanım,

Mən sənə qurbanam, Azərbaycanım!

 

Bahar nəğmələri

Oyandı təbiət, silkindi dağlar,

Aldı yer üzünü qışın əlindən.

Gözündə buzları qırıb bulaqlar,

Çağladı dağların sinələrindən.

 

Mart gəldi, səllimi əsdi küləklər,

Qatdı qabağına çərşənbələri.

Baharın müjdəsi - ətirli yellər

Kövrəldib göyləri, süslədi yeri.

 

Tanrı, Günəşinin nurun artırıb,

Kürreyi-aləmə zər şəfəq yağır.

Yerlə göy evlənib, murada çatıb,

Hər gün qara torpaq min nemət doğur.

 

Bənövşə üzündən duvağın açıb,

Nazlı gəlin kimi bəzənib çəmən.

Dağlar ətirlənib müşk-ənbər saçıb,

Tamaşa qurubdu nərgiz, yasəmən.

 

Cırdı köynəyini bağçada güllər,

Bülbül sevdalanıb oda alışır.

Öpüb qönçələri nəğmələr çilər,

Eşqdən sərxoş olub, dili dolaşır.

 

Yaşıl çadrasını atdı lalələr,

Cümlə əzaları lüt-üryan oldu,

Açıq yaxasını görən aşiqlər,

Atəşdən şamantək bağrı qan oldu.

 

Al-əlvan geyinib yaşıl talalar,

Açılıb çiçəklər dəstəbədəstə.

Dörd yanda uçuşur kefli arılar,

Xallı kəpənəklər dəstəbədəstə.

 

Şöhlətin kimyasın dəyişib bahar,

Əlində qələmi dayanıb hazır.

Coşubdu könlündə kaman ilə tar,

Baharın şəninə nəğmələr yazır.

Şam kimi yandım

Bir mart səhərində gəldim dünyaya,

Novruz salamladı ilk gəlişimi.

Qığıltım səs saldı Günəşə, Aya,

Çərşənbələr duydu ilk gülüşümü.

 

Boy atıb, güc aldım ana torpaqdan,

Qovub uşaqlığı, gəncliyə çatdım.

Həyata bağlanıb könüldən, candan,

Sübh tezdən oyanıb, az yuxu yatdım.

 

Qoşuldum Nuh köçən qoca karvana,

Bu uzun yollarda nə zillət çəkdim.

Gah işığa getdim, gah da gümana,

Haldan-hala düşüb çox illət çəkdim.

 

Bəzən saflığımdan düşdüm duzağa,

Qəlbimi sındırıb, yaraladılar.

Ovsarım bağlandı çox vaxt ulağa,

Taleyin yazdığın qaraladılar.

 

Nə sitəm çəksəm də, Haqqa tapındım,

Qırdım tilsimin əhrimənlərin.

Tanrıdan nur alıb şam kimi yandım,

Dağ çəkdim bağrına zülm ilə şərin.

 

Heç kimə kin duyub tənə etmədim,

Qəlbimə həsədi yaxın qoymadım.

Kimsəyə yarınıb xeyir güdmədim,

Haqqa qul olmaqdan heç vaxt doymadım.

 

Zamanın amansız qabar əlləri

Hərdən qapazlayıb əzdi ruhumu.

Qoparıb tikanı, əkdim gülləri,

Bir İlham pərisi gəzdi ruhumu.

 

Təqvaya üz tutdum, ixlasım artdı,

Atdım üzərimdən fələyin kinin.

Ağılım elmindən hikmətə çatdı,

İziylə mən getdim şeyx Nizaminin.

 

Torpaq altda gizli dəfinə idim,

Qapıları bağlı sirdim, açıldım.

Eşq sarayın nəğməm ilə bəzədim,

İşıq olub yerə, göyə saçıldım.

 

Sözə aşiq olub irfana çatdım,

Qəlbimin sədəfi inciylə doldu.

Şeirlə yaqutu gövhərə qatdım,

Könlüm çiçək açıb gülüstan oldu.

 

Xaliq əta edib mənə lütfünü,

İçim də, çölüm də bir xəzinədir.

Qələmim sözlərin qara zülfünü

Öpüb sığal çəkən qızıl şanədir.

 

İndi bəzirganam söz bazarında,

Sərmayəm qəlbimdə dərdim, kədərim.

Alveri gətirməz hər yazarın da,

Şükür taleyimə, sözmüş qədərim!

 

Şöhləti arif bil, demə naşıdır,

Hələ bu karvanla çox yol gedəcəm.

Əzrail karvanın sarvanbaşıdır,

O, harda en desə, orda enəcəm!

 

Bacarmıram mən         

Yenə xəyallarım pərən-pərəndi,

İztirab atəşi qovurur məni.

Fikrim darmadağın, yaram dərindi,

Dəli qasırğalar sovurur məni.

 

Mat qalıb özümə edirəm heyrət,

Düşdüyüm ovsundan baş açmıram mən.

İçimdə savaşır sevgiylə nifrət,

Özüm özüm ilə bacarmıram mən.

 

Bu qovğa nə qədər sürəcək Allah?

Zülmətdən çıxmağa ömür yetərmi?

Qaranlıq dünyamda açarmı sabah?

Xəzanlı bağçamda güllər bitərmi?

Sevmək günahsa

Sən mənim dünyada ən gözəl xətam,

Müqəddəs günahım, pünhan cəzamsan.

Başıma açdığım ilahi bəlam,

Sən mənim bal dadan şirin cəfamsan.

 

Tanrı dərgahında sevmək günahsa,

Hazıram məhşərdə hər cür cəzaya.

Hazıram qismətim ölüm də olsa,

Alnıma yazılmış belə yazıya.

 

Siz ey günahları yazan mələklər,

Cümlə savabımı dəftərdən pozun.

Puçdur məhəbbətsiz bütün əməllər,

Tək sevda xətamı dəftərə yazın.

 

Yerin, kainatın cövhəri eşqdir,

Mənim eşq dünyamın cövhəri sənsən.

Haqqa ibadətin gövhəri eşqdir,

Sevdasız savabı istəmirəm mən.                       

 

Necə qədərdir

O gün ki, mən səndən düşmüşəm ayrı,

Elə bil ürəyim bölünüb yarı.

Yarısı səndədir, can üstəyəm mən,

Eşqinlə çarəsiz bir xəstəyəm mən.

 

Hicran nə tez gəlib girdi araya,

Bu necə qismətdir, necə qədərdir?

Ahım, nalələrim gəlməyir saya,

Sənsiz hər çəkdiyim nəfəs hədərdir.

 

Birimiz Günəşik, birimiz Ayıq,

Qovuşa bilmirik, olsaq da mətin.

Sonsuz bir həsrətin Bermudundayıq,

Bu vüsal məhşərə qalacaq, yəqin.

Dözə bilmirəm         

 

Sanırdım qəlbimdən silərəm səni,

Ağlım unutsa da ürək unutmur.

Qurduğum xəyallar ovutmur məni,

Təsəlli gözümün yaşın qurutmur.

 

Nədən yad olmuşuq, bu möhnət nədir?

Aradan nə keçdi, nə oldu bizə?

Hicranın əlində qalmışıq əsir,

Sözümüz keçməyir öz qəlbimizə.

 

Baş əyib, qul olduq qürurumuza,

Eşqə zülm eyləyib batdıq günaha.

Tale yazan bir də bizə nə yaza...

Sən orda tənhasan, mən burda tənha.

 

Gündüzlər bir təhər keçinirəm mən,

Gecə sənsizliyə dözə bilmirəm.

De, necə dözürsən, ay bəxtəvər sən?

Sənsiz gen dünyada gəzə bilmirəm.

 

Gəl sevək yenə də dəlilər kimi,

Eşqə qucaq açaq, qürura savaş.

Gəl isit üşüyən, donan qəlbimi,

Qurusun gözümdən axan qanlı yaş.

Əlvida

Əlvida deyirəm bu gündən sənə,

Çalış sən də məni tez unudasan.

Bilirəm, çox çətin olacaq mənə,

Sənə bu ayrılıq gəlməsin asan.

 

Daş basıb bağrıma, heç zaman, bir də,

Adını dilimə almayacağam.

Qəhr olub nə qədər sitəm çəksəm də,

Unudub yadıma salmayacağam.

 

Əl açıb, yalvarıb Yaradanıma,

Səni hafizəmdən sildirəcəyəm.

Ürəyim tab etməz?.. Düşünmə, sanma,

Ona öz həddini bildirəcəyəm!

 

Toxunma qoruma, bir də alışmaz,

Ocağı söndürüb, külü neynirsən?

Bizim ulduzumuz daha barışmaz,

Budağında yanmış gülü neynirsən?

 

Yenidən eşqimlə alışıb-yansan,

Pərvanən olmaram, oda yanmaram.

And içib əlini kitaba bassan,

Mən səni könlümə həmdəm sanmaram.

 

Özünü şah bilmə, unutma ki, sən,

Haqqı bilməyənsən, vəbalın çoxdur.

Üzü parlaq, saxta qızıl kimisən,

Gözəlliyin vardır, əyyarın yoxdur.

 

Bəsdir, gəl aləmi bizə güldürüb,

Sınmış bir ürəkdən nə istəyirsən?

Bülbülü həsrətdən nakam öldürüb,

Eşqin şəhidinə nəğmə deyirsən.

 

Ruhunu arıtmaz çayların suyu,

Özün öz oduna hey yanacaqsan.

Döyüb dizlərinə ömürün boyu,

Məni xatırlayıb ağlayacaqsan.

 

Özümü məhşərə çəkəcəyəm bil,

Təpədən dırnağa dəyişəcəyəm.

Nə sevgin, vüsalın gərəyim deyil,

Daha həsrətinlə sevişəcəyəm!

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!