Sən ey nəğmə deyən, söylə nəğməni... - ƏDƏBİYYAT ÜZRƏ 1995-Cİ İLİN NOBEL MÜKAFATÇISI Şeymas HİNİ

 

ƏDƏBİYYAT ÜZRƏ 1995-Cİ İLİN NOBEL MÜKAFATÇISI: Şeymas HİNİ

(İrlandiya)

İrland şairi, yazıçı, müəllim. 13 aprel 1939-cu ildə Şimali İrlandiyada, Derri qraflığının Kastldouson kəndində dünyaya gəlib. 1962-ci ildə Belfastdakı Kral Universitetini bitirib. 1976-1982-ci illərdə Dublindəki Keristfort kollecində professor ali elmi dərəcəsi ilə dərs deyib. "Naturalistin ölümü" (1966), "Qaranlığa boy verən ağac" (1969) və "Qışın sonu" (1972) şeirlər kitabları ilə ədəbiyyata gələrək, ölüm və torpaq haqqında poetik düşüncələrini əks etdirib. Onun yaradıcılığındakı torpaq - insan taleyinin simvolu, ilkinliyin başlanğıcıdır.

Doğma İrlandiyaya sevgi, tarix boyu nəsildən-nəslə ötürülən qəhrəmanlıq lövhələri, eşq, sədaqət motivləri şairin yaradıcılığında əsas yeri tutur. Elə bu xüsusiyyətlərinə və əsərlərindəki lirik gözəlliyə, poeziyanın etik dərinliyinə, keçmiş və gələcəklə bağlı qarşımıza açdığı poetik mənzərəyə görə Şeymas Hini 1995-ci ildə ədəbiyyat üzrə növbəti Nobel mükafatına layiq görülüb. Şair 2013-cü il 30 avqustda, 74 yaşında Dublində vəfat edib.

"Ədəbiyyat qəzeti" oxucularına Şeymas Hininin bir neçə şeirini təqdim edirik.

 

Şimal

Ora qayıtmışam, orada körfəz

Nal kimi tapdayır bomboz havanı.

Dalğalar təmkinlə, səbirlə döyür

Sinəsi ağappaq Atlantikanı.

 

Dikirəm gözümü çox uzaqlara,

Hardadır İrlandiya? O qəmli sahil

Qəflətən boylanıb baxır üzümə

Dərin okeandan qalxır elə bil.

 

Qədim döyüşçülər, vəhşi atlılar,

Dublinin qumsallıq təpələrindən -

Çıxıb qəbirlərdən gəlirlər, sanki

Gəlib öc alırlar düşmənlərindən,

 

Durub dayanırlar çiyin-çiyinə,

Sıyrılmış qılınca oxşayır buzlar,

Qəzəbli baxışlar dikilir yerə

Çayı qılınc kimi doğrayır sular.

 

Bu ölmüş vikinqlər, bu əski adlar,

Gecikmiş kədərin dərin sükutu,

Dumanın içindən dartınıb gəlir,

Dayanır, üzünü bizlərə tutur:

 

"Toranın qəzəbi ildırım saçır

Rüsvayçı şərəfdən dəm vurur elə! -

Başı qarışdıqca can alverinə

Qisas təzələnir, qan dönür selə,

 

Riyakar şuranın hər bir üzvünün

Sifəti yağ damır, boynu dönməyir,

Qırğınlar, talanlar bitib-tükənmir,

Baxdıqca adamın içi göynəyir.

 

Sən ey nəğmə deyən, söylə nəğməni,

ya da gir qınına, oyalan bir az,

Əynindəki xəzdə rahatsan demək,

Səni bu paltarda qorxma, don vurmaz.

 

Sığın zülmətinə, qaranlıqda yaz,

Orada kölgələr yaşayır ancaq.

Qütb parıltısı gözünə düşsə,

Gözləmə nə vaxtsa sabah olacaq.

 

Döymə gözlərini, parlaq işığa,

ya da gün sarısı gördünsə, qorxma.

Bir şeyi unutma, bu yerlərə sən

murdar gözlərinlə boylanıb, baxma".

Herakl və Antey

Möhtəşəm, şahanə döyüşçüdür o,

həm ilanboğandır, qəhrəman kimi,

Qızıl almalardır mükafatı da

beləcə əbədi yazıb ismini.

 

Herakl gücüylə qələbə çalır,

ona güc göstərmək əbəsdir, əbəs.

Bircə əziz-xələf Anteydən başqa

onunla döyüşə bilməz ki, heç kəs.

 

O möhtəşəm gücü sarsılsa bir an,

sanki öz ruhundan ayrı düşəcək.

Buluddan yapışar dikəlmək üçün,

düşmənsə hiyləgər, məkrli, alçaq.

 

İşıqdan güc almış silahları da,

əlində cütdişli nizəsi də var,

Doğuşdan alnına yazılıb sınaq,

tale yazısıdır sirli yuxular.

 

Qaranlıq yer altda xatirələri,

körpəykən gördüyü yuxular bir sirr.

Zülmət mağaralar məskəni olub,

gücü, qüvvəsi də oradan gəlir.

 

O əski zülmətlər onun ruhunda

üsyantək kükrəyib, daşıb hardasa.

Şair göz yaşıyla vəsiyyətini

yazaraq sarsılıb, qərq olub yasa.

 

Əbəsdir, yerlərin dərin qatından

qalxan iniltilər - yanan ocaqdır, -

Güclü qollarını qaldırsa bir də,

Herakl qələbə qazanacaqdır.

 

Yuxarı qaldırar ağır daş kimi,

ya da ucu şişli qaya misalı,

O nəhəng özü də bir daşa dönüb

nəsildən-nəslə bu cür ad salıb.

 

Şeirlər ingilis dilindən

sətri tərcümə əsasında işlənib.

Tərcümə etdi: Əyyub QİYAS

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!