"Çağırış" və başqa şeirlər...

 

Aleksandr Səlimov (Aleksandr Azim oğlu Səlimov) - Amerika şairi, yazıçısı və ədəbiyyatşünasıdır; filologiya elmləri doktoru, Delaver Universiteti Senatının prezidenti və professorudur. "Çağırış və başqa şeirlər" (Desafio y Otros Poemas) şeir toplusuna görə Viktoriya Urbano ədəbiyyat mükafatına layiq görülüb. Şeir və məqalələri İspaniya, ABŞ, Kanada, Cənubi Koreya və Azərbaycanda dərc edilib.

Aleksandr Səlimov 1963-cü ildə ziyalı ailəsində anadan olub.

Əslən azərbaycanlı olan Aleksandr Səlimov 1986-cı ildə Dağıstan Universitetini bitirib və 1986-1989-cu illərdə Kuba Silahlı Qüvvələrinin beynəlxalq əlaqələr şöbəsində hərbi tərcüməçi kimi çalışıb. 1990-cı ildə Delaver Universitetinin (ABŞ) magistraturasına daxil olub, oranı bitirdikdən sonra Pensilvaniya Universitetinin aspiranturasında təhsilini davam etdirib, 1996-cı ildə ispan dili və ədəbiyyatı üzrə fəlsəfə doktoru dərəcəsini alıb. Hazırda Delaver Universitetində ispan və Latın Amerikası ölkələri ədəbiyyatlarından dərs deyir. 2008-2010-cu illərdə Delaver Universitetinin Senatoru seçilib, 2010-2012-ci illərdə Delaver Universiteti Senatının Prezidenti olub.

Amerika Pen təşkilatı, Amerika Şairlər Akademiyası, Boliviya Yazıçıları və Sənətkarları İttifaqının üzvüdür. YUNESKO-nun Fəxri Mədəniyyət Səfiridir.

Professor Səlimov eləcə də Delaver Demokratlar Partiyası Koordinasiya Komtəsinin üzvü, Nyu Kastl qraflığından deputatlığa namizəddir.

Aleksandr rus dilindəki ilk poetik tərcümələrini yeniyetməlik illərində qələmə alıb. Kuba Respublikasında hərbi xidmətdə ikən isə ispan dilində şeir yazmağa başlayıb. Əgər ilk dövr ispandilli yaradıcılığında şeirlər onun yeganə dinclik yeri, şəxsi duyğularını, Qafqazla bağlı yaşantılarını qürbətdə ifadə etmək üçün yeganə vasitə idisə, illər keçdikcə Latın Amerikası və ispan dili onun üçün doğmalaşmış, yaradıcılığı keyfiyyətcə yenilənmişdi. Artıq ispan dilli yazıları onun üçün yalnız mühacir baxışını ifadə eləmək demək olmayıb, yeni mühitdəki təzə yaşantılarıyla yanaşı, bütün keçmiş həyatına baxmağın həqiqi üfüqlərini müəyyən edən imkan idi.

Aleksandrın ispan dilli ədəbiyyatı çap edən öncül "Verbum" nəşriyyatında işıq üzü görən, beş hissədə toplanmış şeirlərdən ibarət "Özgə bədənlərə pəncərə" (Ventanas a otros cuerpos) kitabı  ədəbi mühitdə geniş əks-səda doğurmuş, görkəmli ədəbiyyatşünas və ədəbi tənqidçi Anxel Esteban və Kuba şairi Amauri Qutyeres tərəfindən yüksək dəyərləndirilmişdi. Aleksandr "müasir ispandilli poeziyanın yeni və həqiqi poetik səslərindən biri" kimi qiymətləndirilmişdi: "Doktor Aleksandr Səlimovun poeziyası krizis və sülh, yoxluq və varolma, keçmiş və indi, "sən" və "öz-özün" arasında hərəkət edir. Biz ispan dilində yazılan müasir poeziya səhnəsinin ən autentik səsinin varlığının şahidiyik ki, bu faktın digər müstəsnalığı şairin öz doğma köklərinə çox yad olan ispandilli poetik özünəməxsusluğa və mədəni mühitə sonradan və uğurla büsbütün inteqrasiya olunmasıdır...".

"Post Factum" kitabı İspaniyanın "Legados" nəşriyyatında çap edilib. Üç hissədən ibarət, zəngin lüğət və yeri gəldikcə sadə poetik dil və təhkiyə ilə yazılmış mətnlər olduqca maraqlı obrazlarla zəngindir. Süjet xəttində "Preludio" hissəsi - 1980-ci illərin sonunda Kubada xidmət etmiş sovet tərcüməçisinin xatirələrindən ibarətdirsə, "Post Factum" və "Edenes" bölümləri İspaniya və ABŞ-dakı həyatla, təcrübələrlə bağlıdır.

Aleksandr Səlimovun "Müəllif uğurunun şərtləri" Bakıda "Kitabçı" jurnalında çap edilib.

Xocalı soyqırımının günahsız qurbanlarına həsr olunmuş şeirlərin də yer aldığı "Çağırış və başqa şeirlər" (Desafio y Otros Poemas) kitabına şairin müharibə əleyhinə şeirləri toplanıb. Bu gün biz həmin kitabdan bəzi şeirləri təqdim edirik.

Tərcümələr və təqdimat: Səlim Babullaoğlu

Aleksandr Səlimov

Xocalı

Yaddaşım-ağrım inlər,

Nə dili, nə kürsüsü.

Dayanar qarşı-qənşər:

Göz deşər kor tüstüsü.

 

Zülmətin doğurduğu

Mənim sonsuz əzabım,

Dualarla yuyundum,

Amma qalmayıb tabım.

 

Ey külək, məni apar

O yerə, o dağlara,

Yuxuma yağıb o qar -

Qovtək yanır... ağlaram.

 

Soyuq fevral gecəsi...

Xocalım - ağrım aman...

Kimsəsizdik...çarəsiz...

Dağılmadı sis-duman...

Qarabağ

 

Yadımdadır, rəqs edərdin:

yumruq göyə... əllər yana açılardı.

Sən qurd idin, qartal idin, bəbir idin,

Təbillər də lap ucadan çalınardı.

 

Güllələrin cırmaq yeri divarlardan

pəncərələr oyuq-oyuq,

            kor göz kimi baxır indi.

Qayçılayır kənd yolunu dəli tanklar,

Duman-tüstü... İndi burda

            ölü quşlar yuvaların sakinidi.

Öz evini qoruyarkən

həyətinə girən yerdə yıxıldın sən.

Bu dünyada gülüş ilə,

            ümid ilə yoldaş oldun,

gülə-gülə yox oldun sən.

 

Savaş

Xaraba divarların arasında

Yırtıq dizlikdəki körpə,

Əlində oyuncaq ayı balası:

başını yaralamış qəlpə.

 

Xaraba divarların arasında

oğlu qalıb kiminsə,

Dönməz ki, bir də geri

bu uzaq-yaxın eldən...

 

Sarayevo

Pəncərəyə yaxınlaşdı qızcığaz

Qarayanız gəlincik qucağında,

Sübh şəfəqi qaranlığı yarınca

Qışqırdılar, ey Fatimə, qaç ordan!

 

Yorulmuşdu qaranlığa baxmaqdan:

İşıq, işıq gərəkdi gəlinciyə.

Şüşə gözlər zillənmişdi uzaqdan,

Cavab kimi əl uzandı tətiyə.

 

Qaçqınlar

Əlimdə

qızın rəsmi

titrəyir,

Günəş qan rəngində -

əriyir.

Bu ağrını

dilləndirmir - kiritmir

yazılarım,

Ovutmur

bu ağrını

yuxularım.

 

Yuxu

Uca Qafqaz dağlarıdır qarşımda,

Qanadlarım çıxır, budur, uçuram,

Bu inadkar məğrurluğum axırda

Zirvələrə çırpılır, yıxılıram.

 

Yıxılıram, yıxılıram dərəyə,

Boğuluram, boğuluram sularda.

Qayaları sevindirir qələbə,

Külək əsir, sığallanır sular da.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!