Bir eşq bulsam, yağışında islansam... - Əbdürrəhim Qaraqoç - şeirlər

ANADOLUDA BAHAR

İlk baharı gəldi Anadolumun,

Silifkədə çiçək açdı nar indi.

Hər tərəfi yaşıllandı Bolumun,

Sultan dağı bənək-bənək qar indi.

 

Əyri yollar yamacların qurşağı,

Gül səpilib zirvələrdən aşağı.

Nərə çəkir Sürmənənin uşağı,

Dadaşların oynamağı var indi.

 

Köpükləndi irmaqları Dadayın,

Yaşıl palma - zümrüd tacı Xatayın.

Çuxurova cənnətidir bu ayın,

Aydın eli əfələrə dar indi.

 

Könül dilə gəlir tütək səsində,

Qağayılar düyün qurub Mərsində,

İspartanın rəng-rəng gül bağçasında

Bülbüllərin cəh-cəhini gör indi.

 

Cıvıl-cıvıl səssiz qalmış yuvalar,

Kəpənəklər bir-birini qovalar,

Xalı kimi naxışlanıb ovalar...

Bölük-bölük sarı, yaşıl, mor indi.

 

Aşıqlar diyarı Elbistan eli

Olub bu mövsümün baği - İrəmi.

Hər çeşmənin üç-beş dənə gözəli,

Hər çiçəyin bir arısı var indi.

 

Çıxa bilsən Çamlıcanın başına -

İki qitə bir boğazda aşina...

Qaraqoçam, gəl, yorulma boşuna,

İstanbulu vəsf eləmək zor indi.

 

GÖR

Sən bizim dağları görmədin, gülüm,

Hələ boz dumanlar çəkilsin də gör.

Hər həftəsi bayram, hər günü düyün,

Hələ yaylalara köçülsün də gör.

 

Bilməzsən obalar necədi bizdə,

Qantəpər qurşaqda, yoncalar dizdə.

Əriyər-əriməz bəyaz qar yazda,

Hələ bir əkinlər əkilsin də gör.

 

Nazlı, cilvəlidir Qırxqız pınarı,

Sanki təbi gəlib, coşur suları,

Köpüyü bəmbəyaz, seli sapsarı,

Hələ daşdan-daşa tökülsün də gör.

 

Yağışdan sonrakı göyqurşağıtək

Bir qarış torpaqda minbir gül, çiçək...

Hansını oxşayaq, hansını dərək,

Sübh tezdən dan yeri sökülsün də gör.

 

Yaxşı tanımırsan sən bizim xalqı,

Məhəbbət görəsən - yaxına gəl ki...

Üzlər könülləri göstərməz bəlkə,

Ürfan pərdələri çəkilsin də gör.

GƏLƏR AĞLIMA

Harda tariximdən bir nişan görsəm,

Əski gün, zaman gələr ağlıma.

Şərqdən Qərbə axan bir kükrəyən sel,

At, qılınc və qalxan gələr ağlıma.

Malazgirt savaşı... Zəfər türküsü...

Şübhəsiz, Alparslan gələr ağlıma.

Ana bildiyimiz bu ana məkan -

Burcu-burcu vətən gələr ağlıma.

Ərtoğrul bəy kimi dövlət banisi,

Cəddim Qazi Osman gələr ağlıma.

Başı səmalarda bir ulu çinar -

Fateh Mehmet Sultan gələr ağlıma.

Üç qitəyə dalğa-dalğa yayılan

Nəhayətsiz ümman gələr ağlıma.

Eşq ilə, vəcd ilə, ədalət ilə

Elm gələr, ürfan gələr ağlıma.

Cəzayir dastanı bir həzin ağı,

Fəryad ilə fəğan gələr ağlıma.

Məndəki yaranı kimsələr bilməz,

Bir yaralı ceyran gələr ağlıma.

Kor kimi dalaram hey xəyallara,

Övladi-Fatihan gələr ağlıma.

Kosovayla Dumlupınar diz-dizə,

Qeyb olan şərəf-şan gələr ağlıma.

Bu dünyanı yenə başdan saracaq

Bir hökm, bir fərman gələr ağlıma!

 

KİM ANLAR

Mürgü döyən gölə Ay işığında

Sevginin rəsmini cızsəm kim anlar?

Tumurcuq çırtlayıb, gül açdığında

Yağışın saçını çözsəm kim anlar?

 

Eşq - süd bəyazı, kin - kömür qarası,

Könlümü göynədir hər dost yarası...

Ət oldum, bıçaqla sümük arası,

Cəlladla əhdimi pozsam, kim anlar?

 

Doğumda yalan var, ölümdə gerçək,

Nəyə işarədir, balıq, quş, böcək?

Qırıq könülləri toplayıb tək-tək,

Köksümün üstünə düzsəm, kim anlar?

 

Yazlamı açılır qışın düyünü,

Haqlamı çözülür işin düyünü?

Ağlımdan keçəni - düşündüyümü

Oxusam kim anlar, yazsam, kim anlar?

DƏYMƏYİN QALSIN

Çoxa kədərlənər, aza gülərəm,

Ülgüc ağzındakı düşüncələrəm,

Dəlilikdir bəlkə... dəyməyin qalsın.

 

Sevdam böyüdükcə dünyam dar olur,

Zamandan çıxdığım zamanlar olur,

Və elə gözəl ki... dəyməyin qalsın.

 

Saatlar ya geri, ya da irəli,

Qıran yox hiyləli tərəziləri,

Öfkələr ürəkdə... dəyməyin qalsın.

 

Nə bütünüm bütün, nə yarım yarı,

Nə çiçək - çiçəkdi, nə arı - arı,

Ümidlər uzaqda... dəyməyin qalsın.

 

Nə olsa, yırtılar ən qalın pərdə,

Hesaba çəkilər dünya məhşərdə,

Nə son - son, nə ilk - ilk...

dəyməyin qalsın.

 

GÖZLƏMƏK

Sarıcadüzündə bir yığın torpaq,

Sulanır hər sabah göz yaşlarımla.

Sevgilim, sevgilim, oyan da bir bax,

Həsrət düyün-düyün ağ saçlarımda.

Ardıc ağaclarında yenə Ay doğar,

Akasiya kölgələri dəlik-deşik...

Bir bulaq ağlayar sabahdan axşamadək,

Yarpaqlar yellənər, işıqlar sönər,

Böyüdükcə böyüyər içimdəki dərd,

Hər şey bitər, bitməz gözləmək.

 

ALAGÖZLÜ YAR

Gəl qüsur arama ötən zamanda,

Qəlbdə nə günah var, alagözlü yar?

Məcnunlar Mövlanı bulsalar canda,

Yar olar Leylalar, alagözlü yar.

 

Gözəl açar gözəlliyin sərgisin,

Gün ağardar qara saçın hörgüsün,

Məhəbbət fəslində ölüm türküsün

Kim çalar, kim söylər, alagözlü yar.

 

Eşdikcə iş çıxar işin içindən,

Gəncliyi qəm yeyər sevda köçündə,

Bilməzmisən dörd mövsümün üçündə

Qar olur yaylalar, alagözlü yar.

 

Alı al, yaşılı yaşılda ara,

Axırətə gedər qəlbdəki yara.

İstə , ya istəmə, düşəcək yerə

Yetişən heyvalar, alagözlü yar.

 

Zaman gələr, səbrin bitər kasanda,

Sevgi bir kitabdır könül masanda.

Oxusan da olar, oxumasan da,

Çevrilər varaqlar, alagözlü yar.

BİR EŞQ BULSAM

Bir eşq bulsam, yağışında islansam,

Bir dost bulsam, irfanında bəslənsəm,

Bir dağ bulsam, sinəsinə yaslansam,

Yalnızlığım bitərmola, bilməm ki...

 

BİRLİK

Bilməyən öyrənsin, duymayan duysun,

Qardaşıq, tək vücud, tək bir millətik.

Yolunu sapmışlar yoluna dönsün,

Qardaşıq, tək vücud, tək bir millətik.

 

Fələyin qırmadığımız çarxı yox,

Üzlərdə qəm, könüllərdə qorxu yox,

Çərkəzi yox, kürdü yox, türkü yox,

Qardaşıq, tək vücud, tək bir millətik.

 

Allah bir, vətən bir, bayraq bir - de, sən!

Dərs al keçmişindən, dədələrindən,

Güney-quzey deyib, ayrılaq nədən?

Qardaşıq, tək vücud, tək bir millətik.

 

Nə zaman ki, başımız düşdü dərdə,

Bir olduq camidə,

            bir olduq cəbhədə -

Koreyada, Kiprdə, Qocatəpədə -

Qardaşıq, tək vücud, tək bir millətik.

 

Adımız qalacaq qaldığı kimi,

Aləmə vəlvələ saldığı kimi,

Eynən Sakaryada olduğu kimi

Qardaşıq, tək vücud, tək bir millətik.

 

Nə zülmü sevərik, nə kinimiz var,

Haqqı əmr edən haqq dinimiz var,

Əsrlər boyunca bir andımız var,

Qardaşıq, tək vücud, tək bir millətik.

 

BU DÜNYA

KİMİN DÜNYASI

Yol üstündə bitən çalı ,

Bu dünya kimin dünyası?

Ağ çiçəkli ərik dalı,

Bu dünya kimin dünyası?

 

Gədiklərdə əsən poyraz ,

Yarpaqları rahat qoymaz,

Göz doysa da, könül doymaz,

Bu dünya kimin dünyası?

 

Hər gün əski, hər gün yeni,

Tükənməz gəlib-gedəni,

Ürəyimdən vurdu məni,

Bu dünya kimin dünyası?

 

Qar yağar, silinər izlər,

Hər naxış min bir sirr gizlər.

Xəyallara dalan gözlər,

Bu dünya kimin dünyası?

 

Atar dərdin ocağına,

Kimi qala, kimi yana...

Torpaq alar qucağına,

Bu dünya kimin dünyası?

 

GƏLSƏNƏ

Çox qorxuram, bəlkə sabah gec olar,

Gələcəksən, bir gün öncə gəlsənə.

Yaralıya yol gözləmək güc olar,

Gələcəksən, bir gün öncə gəlsənə.

 

Qar yağar, buz bağlar, yollar açılmaz,

Sellər daşar, dərələrdən keçilməz,

Bu taledi - ömrə vədə biçilməz,

Gələcəksən, bir gün öncə gəlsənə.

 

Uçan quş qəfəsə girməz demişlər,

Gələn gələr, yolda durmaz demişlər,

Son peşmanlıq fayda verməz demişlər,

Gələcəksən, bir gün öncə gəlsənə.

DOSTA DOĞRU

İçimdə uzanan hər yol

Çıxar gedər dosta doğru.

Bənövşə, nərgiz, lalə, gül

Qalxar gedər dosta doğru.

 

Birləşir sabah axşamla,

Nə edim kədərlə, qəmlə,

İlıq qanım damla-damla

Axar gedər dosta doğru.

 

Məndə gör, məndə, gəl məni,

Durdurammaz əngəl məni,

Görmədiyim bir əl məni

Çəkər gedər dosta doğru.

 

DUA

Sənin ağ alnından, göy gözlərindən

Öncə o yamyaşıl yarpaqlar öpsün.

Ulduzlar əyilsin, tutsun əlindən

Gecə keçib getsin, şəfəqlər öpsün.

 

Eşq deyirlər ən xoş, şirin xəyala

Səni də düşəsən görüm bu hala.

Dodağın bal-şəkər, yanağın lalə,

Güllər, qərənfillər, zambaqlar öpsün.

 

Qumral saçlarında bahar yağmuru,

Getsin ağ üzündən kölgənin moru,

İncə əllərindən bumbuz, dumduru

Bulaqlar, bulaqlar, bulaqlar öpsün.

 

Çəmənlər oxşasın ayaqlarını,

Üzüklər boğmasın barmaqlarını,

Mən öpməmişdən əvvəl yanaqlarını

O tərtəmiz tüllər, duvaqlar öpsün.

 

DUYDUNMU?

Qara gözlüm, qovuşmağı gözlərkən

Ayrılığın vaxtı gəldi, duydunmu?

Sevib-seçib əkdiyimiz çiçəklər

Açmamışdan əvvəl soldu, duydunmu?

 

İçimdə acıdan irmaqlar çağlar,

Gözlərim yaş dolu, könlüm qan ağlar.

Şirin xatirələr, şirin sevdalar

Xəyal oldu, röya oldu, duydunmu?

 

Mələr qaldı bu dağların quzusu,

Belə imiş alnımızın yazısı.

Hər mövsümdə ayrılığın acısı...

Ox dəydi, sinəmi dəldi, duydunmu?

 

Qaraqoçam, qəlbim sınıq, dilim lal,

Ürəyimdə kədər, üzümdə məlal...

Bəslədiyim ümid, qurduğum xəyal

İçimə od-alov saldı, duydunmu?

 

GÜNEY ELLƏRİ

Göy mavi, dağlar ağ, ovalar yaşıl,

Dörd mövsüm bahardır güney elləri.

Şeh düşmüş çiçəkdə gün işıl-işıl,

Bir sarı, bir mordur güney elleri.

 

Yollar burum-burum - enər yoxuşdan,

Dumduru suları süzülər daşdan,

Quşları çiçəkdən, çiçəyi quşdan -

Seçilməyən yerdir güney elləri.

 

Dağılır yaylanın boz dumanları,

Könlüm seyr edər ulduz şamları.

Bambaşqa aləmdir yaz axşamları,

Cənnət ilə birdir güney elləri.

 

Bülbülün səsinə oyanır sabah,

Kəkotu ətrinə boyanır sabah,

Ən xoş zamanında yaratmış Allah,

Misilsiz diyardır güney elləri.

 

GƏLƏCƏYƏM

Yaşım əlli olsa da, yüz olsa da,

Yollar yağış, qar, yollar buz olsa da,

Yorğun, çarəsiz, ac, susuz olsam da,

Bir gün yalınayaq, qan-tər içində

Gələcəyəm, məni gözlə

 

Bəlkə o gün lap yaxındı,

                        bəlkə də uzaq,

Qəlbimdə xatirələr, saçlarımda ağ,

Hansı gün bilmirəm, amma ki, mütləq

Gələcəyəm, məni gözlə.

 

Unutmaq mümkün deyil,

                        unutdum sanma,

"Gəlməz" deyən olarsa, aman, inanma,

Ümidini qırma keçib gedən zamanla,

Gec qaldı deyərək qəm yemə,

Gələcəyəm, məni gözlə.

 

İsti bir yaz axşamında ola bilər,

Sarı bir güz axşamında ola bilər,

Qışın bəyaz axşamında ola bilər

Əllərimdə bir dəstə ağ çiçəklə

Gələcəyəm, məni gözlə.

 

İtirsək də o gözəl gəncliyimizi,

Ayıran bir gün qovuşduracaq bizi.

İçimizdə sevgilərin ən təmizi,

Səninlə dopdolu, bir ürəklə

Gələcəyəm, məni gözlə.

GEDƏR

Sevgilidən sevgiliyə hədiyyə

Heyva gedər, alma gedər, nar gedər.

Sevənin ürəyi - rəngarəng mövsüm,

Yağış gedər, külək gedər, qar gedər.

 

Alovdan saçların tökmüş belinə,

Bağladım könlümü hər bir telinə,

Qurban oldum şirin-şəkər dilinə,

Xəzan gələr, bağban gedər, bar gedər.

 

Sarıldım boynuna, öpdüm üzündən,

Sevdim, ayrılmaram qara gözündən,

Ah, arkadaş, neyləyim könül izindən

Hər kəs getmiş, mən gedərəm, yar gedər.

 

KOROĞLUYA

Məndən salam olsun qoç Koroğluya,

İndi dövran başqa - zaman dəyişdi.

Qarda qonur Qıratların belinə,

Arpa o arpamı, saman dəyişdi.

 

İndi nə Hasan var, nə Dəmirçioğlu,

Tarixə qarışdı Eyvazla Xoylu,

Hər kəs Bolu bəyi, hər tərəf Bolu,

İgidlik qalmadı, insan dəyişdi.

 

Sirr saxlamır suya gedən təstilər,

Qılıncları divarlardan asdılar,

Çənlibeldə qovaqları kəsdilər,

Dağlar lüt-üryandı, orman dəyişdi.

 

Qala yoxdur, ox atılmaz bürclərdən,

Qatır keçir, lələk düşmür quşlardan,

Boz dovşanlar xərac alır qurdlardan

Ərlik  başqalaşdı, meydan dəyişdi.

 

AND

Canım sağ olduqca rəhmətlik atam

Susarsam, haqqını halal etməsin.

Ağ südün əmdiyim ixtiyar anam

Susarsam, haqqını halal etməsin.

 

Bu mənim andımdır - eşitsin aləm,

Özgə əqidəyə qail deyiləm.

İlk insan, ilk nəbi - Həzrəti Adəm

Susarsam, haqqını halal etməsin.

 

Meylim nə şöhrətə, nə səltənətə,

Haqq üçün sarıldım mən bu sənətə;

Gürşad, Bilgə xaqan, Oğuzxan ata

Susarsam, haqqını halal etməsin.

 

Gözümün önündəykən türklüyün halı,

Susub da boynuma almam vəbalı.

Əbubəkir, Ömər, Osman və Əli

Susarsam, haqqını halal etməsin.

 

Əsir ikən Krım, Kərkük, Türküstan,

Mənə zindan olar Maraş, Elbistan.

İbn Sina, Dədə Qorqud, Alparslan

Susarsam, haqqını halal etməsin.

 

Kömək etsə yeri-göyü yaradan,

Çəkib çıxardarıq ağı qaradan,

Ərtoğrul bəy, Osman qazi, Murad xan

Susarsam, haqqını halal etməsin.

 

Bu yol alp ərənlər, qorxmazlar yolu,

Bu yol şan-şöhrətlə, zəfərlə dolu,

Şeyx Mövlana, Dərviş Yunus, Koroğlu

Susarsam, haqqını halal etməsin.

 

Türkcə sevdalanan, islamca yanan

Verər millətinə bir deyil, min can.

Yavuz Sultan Səlim, Barbaros, Sinan

Susarsam, haqqını halal etməsin.

 

Tarix boyu itirdiyim neçə el...

Qəlbimi min yerdən yaralanmış bil.

Mehmet Akif,

           Osman Batur, Şeyx Şamil,

Susarsam, haqqını halal etməsin.

 

Kim ki, vətənini, xalqını sevər,

Böyük Yaradan da, bil, onu sevər.

Həzrəti-Məhəmməd - o əsl rəhbər,

Susarsam, haqqını halal etməsin.

Hazırladı: Dilsuz

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!