Lap balaca gülüş olurdu əvvəllər, dodaqlarımın ucunda yaşıyardı... - Esmira MƏHİQIZI - şeirlər

 

Elə nəmdi pəncərələr...

elə nəmdi gecələr,

bütün nəmlər bir gün yəqin qurumaq istəyərlər.

əllərimi demirəm heç, boş ver barmaqlarımı,

ümidlərim bir ümiddən yarımaq istəyərlər.

 

Ayaqlarım yüyürməyə tamarzıdı o vaxtdan,

o vaxtdan e, o vaxtdan...

kölgələr də qoşalaşmır,

məktublar da oxunmur.

bir səs gəlib bu boydana səssizliyə toxunmur.

 

Amma elə ürəyimə toxunur bu havalar,

havalarda bilirsən,

heç bilirsən nələr var...

bir hava var, ay Səkinə, bir də dəli oynamaq,

belə dəli qol qaldırmaq,

belə dəli qaynamaq.

 

Belə çoxdan eşitmişəm...

Vallah çoxdan deyirəm,

eşitmişəm oralarda aralıqlar üşüyür,

hələ sizin qapı-baca, hələ bizim ev-eşik,

o yiyəsiz əl damınız,

xaraba təndirxana...

xəbərin var, ay Səkinə, xəbərin var xəbərdən,

deyir sizin qapınızda ayrılıqlar üşüyür.

 

Deyir hələ, cığırlara, çəhlimlərə iz düşmür,

nə bir çırpı yığılır,

nə bir ocaq qalanır,

nə təndirdə köz düşmür,

soruşan yox, arayan yox, bir deyən yox...

balam, niyə ağaclardan o dəlixay qız düşmür.

 

Mən də bir söz demirəm ki, demirəm ki, necəyəm...

səngiməyən ağrılarım, acılarım necədi,

hər gün belə payızdayam,

hər gün belə qışdayam,

eşitmisən heç bir deyəm, gecələrim necədi?

 

Necədi e...

bilirsənmi ayrılıqlar necədi?..

bizsiz qalan, bizsiz olan aralıqlar necədi?..

 

Necədi e xatirələr…

payızdımı, qışdımı?

o yay yenə qurudumu, payız yenə yaşdımı,

xatirələr yaddaşını axşam-sabah döyəcləyən,

uşaqlıqda o sularda səyirtdiyin daşdımı?

 

Hələ…hələ

o andlarım yadındadı, yadındadı sən Allah...

nənəm canı, dədəm canı heç düşməzdi dilimdən,

təpiyimin altında,

həşirimin,

dəlliyimin,

kürlüyümün altında...

bir kənd,

hələ poçt İbrahim lap bezmişdi əlimdən.

 

Hara getdi, bilmirsən ki, hara getdi o günlər,

içində də, bizimkilər, sizinkilər...taaaaa nələr.

 

Taaa nələri itirdik eee, itirdik e, tapmarıq,

bilirsən də, o günlərə qayıtmarıq təzədən.

nə də uşaq olmarıq,

heç qayğısız olmarıq,

o çöllərdə, o yerlərdə,

kövşənlərdə qoyun-quzu otarmarıq təzədən.

 

Elə nəmdi pəncərələr,

elə nəmdi gecələr...

gecələrdə gecə boyda qaranlıqlar üşüyür.

xəbərin var, ay Səkinə, xəbərin var xəbərdən,

deyir bizim qapılarda ayrılıqlar üşüyür.

Haçansa...

bu olmalıydı,

mən çıxıb getməliydim,

yoxluğum qalmalıydı-

kimiysə ağrıtmaqdan yana.

 

sığal çəkdiyim pişik,

sümük atdığım it,

dən verdiyim quşlar da küsməliydi-

sığaldan,

sümükdən,

dəndən...

məni ağlatmaqdan yana.

 

Ümidlərim yarımçıq ölməliydi,

bir dolu külqabıda.

küləyin qırdığı yaz ağacının,

gilənar budağı qurumalıydı

bir susuz gülqabıda...

pəncərədə,

bacada,

qapıda-

yoxluğum ulamalıydı,

bir də qayıtmaqdan yana.

 

Haçansa...

bu olmalıydı,

özümü unutduğum yerdən,

bir uşaq qaçmalıydı

ölümün gözlərindən.

bir kəpənək qanadlarında,

öpüşləri qalmalıydı,

gülüşləri qalmalıydı-

məni ovutmaqdan yana.

 

haçansa bu olmalıydı...

mən çıxıb getməliydim-

bu gediş bir ayrılıq,

bir ayrılıq bir ömür,

bir ömür bir yarımçıq...

bir qırıq hekayə eləməyidi-

bir şeir anlatmaqdan yana.

***

Vaxtlardan uşaqlığıydı...

beş yaşım varıydı.

anam barmaqlarımla say öyrədirdi,

beşə çatanda barmaqlarımı ovcumda yumardı,

-baax, sənin bu qədər yaşın var.

ovcumda gizlənərdi yaşım...

yumruq boydaydı yaşım.

Hələ uşaqlar deyirdi ki,

hər kəsin öz yumruğu boydadı ürəyi

və ürəyim boydaydı yaşım.

hələ elə bilirdim ki,

anamın da beş yaşı var,

nənəmin də,

kəndimizin də,

itimizin,

həyətimizin ağaclarının da beş yaşı var.

və hər şey beş yaşındaydı onda...

mən beş yaşındaydım deyə.

Zəminənin gözləri də,

Əlinin ayaqları da beş yaşındaydı.

Sonra hər şey beş yaşında qaldı...

evimiz də,

inəyimiz də...

gecələr tut ağacında ulayan bayquş da,

o payız da, o qış da

yumruğum böyüdü,

ürəyim böyüdü,

böyüdüm mən də,

böyüdü Zəminə də, Əli də...

böyüdü hər kəs də,

amma beş yaşım böyümədi...

Yenə də silirəm pəncərələri,

yenə də gecədir, qaralır şüşə.

Gündüzlər genişlik gördüyüm yöndən,

axşamlar sıxılır, daralır şüşə.

yenə saçlarımı açıb tökmüşəm,

itib bəyazları, dənləri yoxdu.

Bir qadın əlinin qaraltısında,

bir qızın ağaran əlləri yoxdu.

saçlarım tökülür pəncərələrdən,

necə pəncərəyə tellər yaraşır.

necə də bu yorğun, şair qadına,

o qızda gördüyü əllər yaraşır.

Elə qaranlıqdı, bu qaranlığın

səssizlik adında ahəngi olur,

gündüzün o qədər çalarları var,

gecənin qaradan bir rəngi olur.

Bəzi bəxtlər kimi, talelər kimi,

qaradan başqa rəng tanımır gecə.

bəzən ulduz olmur, bəzən ay çıxmır,

bəzən göyündən də yarımır gecə.

Bizim Zəminə tək yarımır gecə,

bizim Zəminənin gözləri kimi.

arada bir işıq saralıb keçir,

bizim Zəminənin göz yeri kimi.

Yenə də silirəm pəncərələri,

oğlum bəsdi, deyir, gecədi, axı,

oğlum hardan bilsin, Zəminə kordu,

gecələr şüşədən Zəminə baxır.

***

Yağılar Laləni meşədə tutdular 12 yaşında...

bir parça uşağa zülm elədilər qışın sazağında,

qardaşı özündən qabaqda qaçırdı, bilmirdi hara?

amma hara qaçırdısa...

Lalənin səsi gəlirdi qulaqlarına:--Qaqa...qaqa.

qaqasının 8 yaşı varıydı, qaqası çox uşağıydı, çox aciziydi.

Lalənin səsinə səs verə bilmədi, Laləyə kömək edə bilmədi.

qaçdı dona-dona, qaçdı qorxa-qorxa.

Səslər yenə gəlirdi:- Qaqa...qaqa.

get-gedə səslər uzaqda qaldı.

səslər uzaqda qaldıqca Lalə uzaqlarda qaldı.

Lalə uzaqlarda qaldıqca illər uzaqda qaldı.

illər uzaqda qaldıqca nələr uzaqda qaldı.

və... böyüdü Lalənin qaqası,

böyüdü qulaqlarında Lalənin səsi.

ha qapadı qulaqlarını kəsilmədi bu səs.

hələ də gəlir, gəlir... yüksəlir bu səs.

qalxır dalğa-dalğa, qalxır damğa-damğa:

Qaqa...qaqa

İndi...

bizim bazarın tinində bir dəli oğlan dilənir,

nə vaxt baxsan veyil əlləri havada yellənir.

Öz-özünə nəsə deyir, nəsə söyləyir,

Lalə boyda qızları görəndə saçını yolur, üzünü sillələyir.

hər gün şəhadət barmağını ürəyinin başına sıxıb

özünü güllələyir.

qışda palçığın, yayda toz-torpağın içinə yıxılır.

yanır, yanır, yaxılır.

dəli kimi uzaqlara boylanıb kimiysə çağırır:-

Qaqa...qaqa

qaqası yoxdu onun amma...

onun bircə bacısı varıydı Lalə adında.

***

Başqa gecələr düşər

gecələrin üstünə.

niyələrin,

nə cürlərin,

necələrin üstünə.

mən olmasam da,

sən olmasan da,

kim olmasa da...

başqa uşaqlar qaçar

küçələrin üstünə.

quşlar uçar,

köçlər köçər,

sonra payız,

sonra bulud,

yağış yağar budaqdakı

sərçələrin üstünə.

Əllərimi,

qollarımı,

gedilməyən yollarımı,

yaşanmayan illərimi,

sarıyıram ömrümdəki

acıların üstünə,

şeir yazsam,

barmaqlarım

su içməyə

qonar,

qonar

hecaların üstünə.

Lap balaca sevinc olurdu əvvəllər

şirniquş boyda.

ağzında o sevincin şipşirin dadı

elə bilirdin ki,

həyat da belə şirindir,

alça da,

duz da.

 

Lap balaca gülüş olurdu əvvəllər...

dodaqlarımın ucunda yaşıyardı,

bir balaca gülüşüydü,

gəl ki,

dünya gülürdü o gülüşdə.

 

Lap balaca xoşbəxtlik olurdu əvvəllər...

mən balaca deyirəm,

amma atam boydaydı.

***

Açmır oralarda o vaxtdan bəri...

heç açmır,

heç açmır novruzgülləri.

yanıb o çöl-çəmən,

o çöl-çəmənə daha səpələnmir

bahar çiçəkləri,

o yaz gülləri.

 

Üşüyə-üşüyə gəlir, gəlir...

soyuq heyyyy

bu ömrə

gəlir də, gəliiiir,

yüz ilin qışını bir günə gəlir,

gəlir sazaqların ayaz günləri.

 

İstidə arasam, sərini yoxdu,

getsəm dərininə, dərini yoxdu,

bir başqa gedəsi yerimi yoxdu,

neynirəm bu qədər dayaz günləri.

 

Bir Bəyaz varıydı, uşaqlıq dostum,

evləri məktəbin yanında idi,

indi axtarıram, tapa bilmirəm,

qalmışam...

evləri hayanda idi...

Nənəm də yoxdu ki, tutam əlindən

axtaraq bir yerdə Bəyazgilləri.

 

Yollar da, evlər də elə dəyişib,

bilmirəm, yolların hansısı gedir,

gedir uşaqlığa, Bəyazgillərə.

 

Bir kəsə yol vardı, kəhriz tərəfdə,

o yolda o qədər qarğı çapardım,

o yolda o qədər beşdaş tapardım-

o yol da düz gedib bizə çıxardı,

bizə deyəndə ki...

uşaqlıqdakı o qızgillərə.

 

Nədəndi,

nədəndi,

axı nədəndi...

nə bizim yol durur,

nə Bəyazgilin,

nə də uşaqlığın,

nə də yazgilin...

sanki uşaqlıqdan sonrakı yollar,

hamısı gedirmiş payızgillərə.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!