...PAYIZ DADINDA
Bütün dənizlərin mavidir gözü,
Bütün ayrılıqlar payız dadında.
İncimiş ürəyin sərt olar sözü,
Bir şair tükənər neçə qadında.
Uçar ellərindən sənin olanlar
Düşər gözlərindən dündə qalanlar.
Bir yalan min düzü çıxar, yalanlar,
Bütün ayrılıqlar payız dadında.
Bütün son ümidlər payız yarpağı,
İnsan cana doyar, sarar torpağı.
Köç edər içindən,sevər uzağı,
Bütün ayrılıqlar payız dadında.
Yağar gözlərindən payız yağışı,
Tutar məhəbbətin, tutar qarğışı.
Yatar gülüşlərdə boranı,qışı,
Bütün ayrılıqlar payız dadında.
Bir qadın üşüyüb dizini sarar,
Kişi siqaretin belini qırar.
Bütün ayrılıqlar göz yaşı dadar,
Bütün ayrılıqlar payız dadında.
AYRILAN ƏLLƏR
Bu nə betər soyuqdu,
Qış da, sənə bənzəmiş.
Günəşin üzü donub,
Bulud göyü bələmiş.
Qovur külək atını,
Şəhərdə küçə boyu.
Öpür dodaqlarından,
Göləklərdə lil suyu.
Ağaclarla oynayır
Dəcəl uşaqlar kimi.
Döyəcləyir qapımı
külək özgə əl kimi.
Soyuq gəlir, bərk gəlir,
Üşüyüb donmağı var.
Ayrı düşən əllərin
Qışda da yanmağı var.
UNUDARAM, ÜZÜLMƏ
Səni də yolcu edər ürəyim,
Üzülməz yoxluğuna, inan.
Qısacıq həyatdan sanaram,
Hər gün anaram səni, uzanar ömrün.
Siqaret külünə dönərəm otağında udum-udum,
Pıçıldar dodaqların gözlərindən uzağa.
"Sevdiyim qadın,
Sərsəm rüzgarım mənim.
Sevginin ən gözəl halısan,
Dəlisən", pıçıldar...
Sönərsən yoxluğumla,
Kölgən əriyər divarlarında.
Mənsə,
Mənsə
Səndən çox uzaqlarda qucaqlar dizimi,
Təskin edib sənsizliyi,söyərəm gedişinə...
Sən,
Sən sevgilim,
Dünyanın sonu deyilsən!...
SEVMƏLİ HAVADIR
Qaranlıq parkın bir bucağında
Qısılıb oturacağın hərarətsiz qucağına,
Əcəb ölməli havadır.
Qoşulub külək dalğasına,
Üzüb ayağını torpaqdan,
Göyə dönməli havadır.
Arzularımız qədərdi ömrümüz,
Ümidlərimiz qədər yaşayırıq.
Bir gün itəndə inanclarımız,
Çoxaldıqca kaşkilərin heyifi,
Ölürük... sadəcə nəfəs alırıq.
Nə böyük aldanışdır həyat,
Nə qəribə inancdır güvənmək.
Ələyib duyğuları zehniyyətin qaranlığından,
Sonra yelləyib başını,
Dəlicə gülməli havadır.
Boş sözdü sevgi,
Sevilmək.
Ya da sevinmək,
Tək doğru var,
Tək duyğu var.
Hər dəfə itirdiyin duyğuların gətirdiyi acı,
Tanrıyla üz- üzə duranda bəbəklərinə qədər duyduğun sancı.
İnsan yalanı sevir, ay dəli,
İnanıb inanmaq istədiyin yalana,
Yenə də sevməli havadır.
SEVDİYİM ŞEİR
Gəl şəkil çəkim sənə mən.
Bir pəncərə düşün
Və ardında
Baxışlarından yollara tilov düşmüş bir kişi...
ən son döngədə ritmsiz
addımlarla gözdən itir bir qadın,
Kobud kişi barmaqları silir
şüşələrin tərli belindən adın.
Hər şey öz taleyini yaşayır
eyni vaxtın ömründə...
Günəş sürüşür binaların
üstündən üzü sabaha sarı.
istidən qovrulmuş yollar sinəsin açıb gecəyə
Gəcə çökür yorğun kişi kimi küçəyə.
Hər pəncərədən bir yemək qoxusu ucalır,
Məhlədə gəlinlər qaynanalarıyla qocalır.
Sevməyə dəyər həyat,
Bax,
Bax,
Parkın ooo başında külək məhlə uşaqlarıyla
Qaçdı-tutdu oynayır.
BİR ŞƏHƏR SEVMİŞƏM
Bir şəhər sevmişəm
sahili sən,
dənizi mən.
Qorxuram,
asılıb qağayı qanadından,
atılan bir yemin arxasınca gedərsən...
Düşərsən gözündən xəyallarımın!..
İncinər diz qapağın.
Mən fırtınaları dəli,
sevgisi hədsiz,
bir az
havalı qadın...
At çapar dalğalarım
sahilinin boyunca,
Söylə mənə, sevgili,
Bakımı sən qədərdi,
sənmi Bakı qədərsən?!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!