Cənnətdi sevənin yeri dünyada... - Hüseyn Bağıroğlu - şeirlər

 

Cənnətdi sevənin yeri dünyada

Ürəyi olanlar dərdə tuş gələr,

Ağlı olan bəndə bilməz qəm nədi.

Çox da ki o pəncərədən daş gələr,

Könül, sevirsənsə gözdə nəm nədi?

 

Havalandı ruhumuzun havarı,

Bir az utandırdı uca dağları.

Bağlı qalan qapıların açarı

Bəxtimizə doğmayan o gündədi.

 

Özünü özündən qoru dünyada,

Çatlar hər bəndənin goru dünyada.

Cənnətdi sevənin yeri dünyada,

Sevməyən hər yerdə cəhənnəmdədi.

 

Açıldıqca çiçək kimi

Haldan-hala salar hər gün

İçdiyim meylər ruhumu.

Bir eşqin əlvan rəngləri

Al-əlvan eylər ruhumu.

 

Zərifdi kəpənək kimi,

Dözər dərdə pələng kimi,

Açıldıqca çiçək kimi

Mələklər iylər ruhumu.

 

Hər ovçunun öz ovu var,

Hər şairin söz ovu var...

Bağrına basıb ovunar

O mavi göylər ruhumu.

Qoyma bu dünyaya uduzaq sözü

Şair ürəyinin yağı yandırır

Bizim gözümüzə bu çıraq sözü.

Hərdən sığal çəkib qanadlarına

Könüldən-könülə uçuraq sözü.

 

İlahi kəlməni sən çağır, gələr.

Demə söz, yoxsa ki, dağ ağır gələr.

Dünyanın özündən çox ağır gələr

Qoysaq tərəziyə bir varaq sözü.

 

Bir söz de, cəhənnəm atəşi sönsün,

Bir söz de, bu dünya cənnətə dönsün.

Qoy günəş qüruba ensə də, ensin,

Sən qoyma qüruba ensin haqq sözü.

 

Biz ki daş atmağın daşını atdıq,

Hər yıxılan sözün dadına çatdıq.

İlahi, dünyanı söz ilə udduq,

Qoyma bu dünyaya uduzaq sözü!

 

Göydən sözdən özgə nə umdu şair

Şair qələmini yonduğu kimi,

Zaman da şairi yonmasa, olmaz.

Şair bu dünyanı dandığı kimi,

Dünya da şairi danmasa, olmaz.

 

Gah gərilər, gah çatılar qaşları,

Alıb başdan aparar çox huşları.

Hər gün qanad açıb kədər quşları,

Şair qələminə qonmasa, olmaz.

 

Dünyanın varına göz yumdu şair,

Göydən sözdən özgə nə umdu, şair?

Bu söz bir Leyladı, Məcnundu, şair,

Yolunda alışıb-yanmasa, olmaz.

Getdim eşqin iziylə

Mənim nələr çəkdiyimi

O da bir biləydi kaş.

Həsrətin qəm tozunu

Üzümdən siləydi kaş.

 

Uca göyün izniylə,

Getdim eşqin iziylə.

Tale onun üzüylə

Üzümə güləydi kaş.

 

Döndüm dərdçün hədəfə,

Oxu dəydi hər dəfə.

O xoşbəxtlik bir dəfə

Bizə də gələydi kaş.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!