Düşmən daha mərd imiş, məni yıxan yaxından... - NURAFİZ - şeirlər

 

AĞRI

Ruhum tərəzidir ağrılarıma,

Yerdən göyə çəkir günüm qarışıq.

Durub deyəcəm ki, vecimə deyil,

Baxıb görəcəm ki, külüm qarışıb.

 

Fikrində kül töküb, ocaq qalayar,

Tavası gözündə, yağı əlində.

Nəfsini qul edər dadar-doymaza,

Yurdu yağmalanan yağı əlində.

 

Yurdu yad ayaqda ağı misrası,

Ahı ağrı çəkir dodaq boyunca.

Səhvi eləyəndə ağıl ucundan

Durub ağlamaq da olmur doyunca.

 

KÖÇ

Köç hayı başına götürsün göyü,

Yaylaqlar sevinsin, doğma səs gəlir.

Kəndlərin o boyda barı-baratı

Qalsın umuduna bircə nəfərin.

 

Aypara nalların dili açılsın,

Törəmə cığırlar boy versin yalda.

Arılar güllərin sirrini açsın,

Ləçəkdə şeh gülsün yuxulu halda.

 

Nənəm buludlar  da kövrəlsin göydə,

Oxşasın yarpızı, kəklikotunu.

Çiçəyi çırtlasın qoşalülənin,

Güldürsün dağların lal sükutunu.

YAŞ

Saçımın  ağlığı  üz  qaraltmasın,

Saçımın  ağlığı  çoxalıb  bir  az.

Ömrümün  üstünə  bir  il  də  gəldi,

Sinəmdə  ürəyim  yuxalıb  bir  az.

 

Bir  vaxt at çapardı üzü dağlara

Köçlər daşdananda, ərlər-ərənlər.

Nə çox bar gətirib bu il ağaclar,

Yaman azalıbdı meyvə dərənlər.

 

Ömrümün əlindən  tutub da gedir,

Səhərin doğması, günün batması.

Min ilin yükünü yola versə də,

Tutacaq  bu kəndi ürək tutması.

 

YADDAŞIM OXUMUR DURNA SƏSİNİ

Beləmi demişdim?... Sındı gümanım,

Sınıqçı sağaltmaz ümid sınanda.

Üzü göyüzünə, ağzı dualım,

Könül nə diləsin ümidsiz anda?

 

Ağ günə gün salmaz qara sevdalar,

Aşılmaz yolları qarlı, qovğalı.

Ağaran saçlarım nağıl dilidi,

Susmağı öyrədir baxtı-yığvalı.

 

Ağ saç kəfəndimi  illəri bükəm?

Anam da sağ deyil, bələk yollasın.

Dağlar götürməsə, ahımı yandır, -

Deyin durnalara, lələk yollasın!

 

Hələ ki, payızı nəmişlik sıxır,

Bəxtim quraqlıqdı - dərd çiçək-çiçək.

Yaddaşım oxumur durna səsini,

Yolüstü gözümə sərçə şəkli çək.

GÖYƏRÇİN ƏLLƏRİN DUASI                             

Sözün torpağına ruhun dən səpir,

Yaddaşın eydirir qan ağrısını.

Fikirlər yuxunu gözünə təpir,

Çəkir misra-misra can ağrısını.

 

Umudun boydadır göyüzü sənə,

İçində baharın şəkli boy verir.

İslanmış nəğmədi payız buludu,

Altında ürəyin təkdi - boy verir.

 

Səbrin yurd salıbdı iynə ucunda,

Ağrının gözündən can addadırsan.

Dərdin gözlərinə sıxıb qanını,

Ömrü nağıllardan yan addadırsan.

 

Ahına bükdüyün ağrılarını

Dəfn edib telinin bəyaz yerində.

Qərib nəğmələri səfə düzmüsən

Durna səslərinin ayaz yerində.

 

Göyərçin dillərin duası yorğun,

Lal simin nəğməsi mizraba məzar.

Ləngəri yol yoran köç havaları

Oxuna-oxuna qəmində azar.

 

Bir ağrı daşıdın min ildən bəri,

Daş yonan səbirnən, sonuclu “döz”nən.

Könlünün üstündə Tanrı duası,

Dilinin ucunda ilahi söznən!

 

ÖLÜRƏM SÖZ İÇİNDƏ

Qanımda köç havası,

Yol görünür  gözümə.

Daha səbrim daş yonur,

Vaxt  satıram  dözümə.

 

Vaxtdan çıxa bilmirəm,

Haqqın əlində yaxam.

Sözüm üşüyən yerdə,

Məni soruşma, yoxam.

 

Ruhum yenə yol çəkir

Bu gecə yerdən göyə.

Ölürəm söz içində,

Söz diri qalsın deyə.

 

TƏNHALIQLA QOL-BOYUN

Gümanın çoxluğunda

Tənhalıqla qol-boyun.

Vaxt  gözümdə əriyir,

Ağrı çəkir yol boyu.

 

Yenə ağlım uduzur

Duyğulara bu axşam.

Ağrıya işıq salır

Dodağımda bu ah-şam.

Səsimin  kölgəsinə

Söykəmişəm başımı.

Məni bəxtim oyatsa

Silərdim göz yaşımı.

BİR EV TİKDİN AHINLA

Bir ev tikdin ahınla

Ömrümün o başında.

Ayrılıq boyda qaldın

Gözümün yaddaşında.

 

Heç nəyimi qısmadım,

Gen-bola xoş xərclədim.

...mən səni tanımağa

Bir ömrü boş xərclədim.

 

Nağıllaşan illərin

Ağrısı  qalıb  təzə.

Kim nə bilsin, nə qaldı

 bu paydan Nurafizə?!

 

 ƏLLƏRİM DÜYÜN TUTUB

 Əllərim düyün tutub

 Ciblərimin ahından.

 Düşmən daha mərd imiş

 Məni yıxan yaxından.

 

 Fikrim ocaq söndürsə...

 Vaxt ehtiyac qoxuyur.

 Gümanımın daş üzü

 Soyuq nəğmə oxuyur.

 

 Sükutuma çat salıb

 Ağrının yaddaşıyla,

 Əllərimi ovutdum

 Gözlərimin yaşıyla.

 

ANAN ÖLMƏSİN, PAYIZ

Anan ölməsin,  payız,

Nə gündədir üst-başın.

Ağaclar heydən düşüb,

Yönü  göynəyir qışın.

 

Boşalmış yuvaların

Havası qəm oynadır.

Fikirlərim daranır

Sükutunda, - aynadır...

 

Köçdü köşəri quşlar,

Həmdəmindi sərçələr.

Torpağı bük xəzələ,

Bəlkə ruhun dincələ.

 

ANA, PAYIZ DARIXIRDI...

Yenə kəndə qonaq gəldim,

Uça-uça,- quşdum, ana.

Bağlı görüb qapımızı

Hasar üstdən aşdım, ana.

 

Xatirələr dil açmışdı,

Daş asmışdım gözümdən mən.

Ağaclara baxa-baxa,

Utanırdım özümdən mən.

 

Ehmallıca meh əsirdi,

Yarpaq-yarpaq yer qalxırdı.

Kənddə həyət-bacamızda

Ana, payız darıxırdı.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!