Məmməd İsmayılın təqdimatında
Bayron dünyanı kitaba bənzədib yazırdı ki, doğulduğunuz ölkə o kitabın ilk səhifəsidir yalnız, hələ oxumadığınız neçə səhifə yolunuzu gözləyir. Gerçəkdən də hardasa çaylar dənizləri yaratdığı, qidalandırdığı kimi, biri az, biri çox millətlər də dünya ədəbiyyatı və kültürünə öz töhfələrini verir, onu ən azından bir buğda boyu böyüdür,önəmli qılırlar. Ağlım kəsəndən Hindistan, Çin, xüsusiylə də Yaponiya diqqətimi çəkərdi. Beş min illik qədim, qədim olduğu qədər də dəyərli bir mədəniyyəti qoruyub saxlamaq,atom, kosmos əsrinə üzərinə əlavələr edərək daşımaq hər mənəm deyən millətin işi deyil.
Bu gün şeirlərini "Ədəbiyyat qəzeti"nin oxucuları ilə tanış etmək istədiyim ünlü yapon şairi Mariko Sumikura ilə 2015-ci ilin sentyabr ayında Rumıniyanın Krayeva şəhərində keçirilən Mihai Emunesku Beynalxalq şeir festivalında tanış oldum.Sonralar bu tanışlığımız dostluğa çevriləcəkdi. Mariko Sumikura mənim şeirlərimi tərcümə edəcək və yapon şairi Mieko Yosuhinonun şeirləri ilə birlikdə "Rənglərin dueti "adıyla kitabımızı çap etdirəcəkdi.Marikonun yazdıqlarına görə kitab Yaponiya da yaxşı qarşılnacaq və haqqında məqalələr çap olunacaqdı. "Əl əli yuyar, əl də dönüb üzü yuyar" atalar sözümüz hardasa bizim münasibətlərimizdə özünü bir elə də doğrultmur. Marikonun şeirləri ilə tanış olduqca hardasa bir azca özümü gördüm. Onun şeirlərində Mandelştam demiş, verilmək istənən fikrin, uzun və ya qısalığından asılı olmayaraq misralara sığmadığını və bu misra qəlibini dağıtmaq istədiyini gördüm.Və belə şeirləri çevirməmək insafdan deyildi. Marikonun dünya ədəbiyyatına təsir göstərən yapon şeir növü haikidən özünəməxsus bir şəkildə yararlanır. Hətta başqa şeir növlərində yazdığı əsərlərdə də haikidə olduğu kimi sözün miqyası dar, fikrin üfüqü geniş olur:
Çiçəklərin iradəsi sağlam olmalı,
Sabit zaman öz gözəlliyi içində yaşamada
Həyat əski zamanlardan ötürülmüş bizə
Və kökləri tərəfindən qorunan
sevgiyle silahlı səssiz əsgərlər.
İnsan qəlbləri üzərinə endi bir toxum.
Sözsüz, barış çiçəkləri açacaq dünya gələcəkdə,
Körpələr çiçəkdən çələng olacaq.…
"Çələng"
Marikonun şeirlərində fikirlə hissin vəhdəti barmaqla dırnaq kimidir, ayırmaq istəsən də ayıra bilməzsən:
Səssiz titrəşimləri duya bilirmisən, Amalya?
Daha uzun, üzgün nəğmələr söyləmək gərəkməz.
Kimsə yox burda.
Mən bir gitara almadan gəldim.
Qeyb olmuş röyalar üzərində
ağlamaq gərəkməz, Amalya.
Yalnız deyilsən
Yanındayam artıq.
Məndən bir istəyin varmı, Amalya?
Sən hər kəsdən daha yaxşı bilirsən nə istədiyini.
Dinləmək istərmisən nəsə?
Eyni melodidir qəlblərimizdən axan
Artıq bir nəğmə oxumağı buraxsam,
Satın aldığın gitara mənə eşlik etməsə belə…
"Gitaraçı"
Şairin əsərlərində Yaponiyanın özünəməxsus düşüncə qoxuyan təbiəti ilə geri dönüşümü olmayan itirilmiş zamanın hüzünqarışıq təəssüfü çulğaşaraq yeni bir harmoniyə yelkən açar:
Ağlayan qüvvətli rüzgarlar iti.
İzlərin izlərə qarışdığı yer:Vadidir…
Qüvvətli bir rüzgar yuvarlanar;
Altın günəşin altında kölgəli
Bir vadi var.
Çox əski zamanlarda
Dənizə can atardı bir çay.
İndi qum, qumu yeyir.
Ah, su! Bir damla su!
Ah, bitkilər! İki otcuğaz!
Dipdiri bütün məxluqat!
İzlərini görürəm göz yaşlarının
Yerin uğultusunu dinləyərək:
"Geri dönməyəcək bir daha
İtirilmiş zaman!"
Mariko Sumikura Yaponiyanın Kyoto şəhərində anadan olmuş, Ristumeikan Universitetini bitirmişdir. Ümumdünya Şairlər Dərnəyinin Yaponiya təmsilçisidir."Poetik-Bridge. Ama Hashi" online beynəlxalq jurnalının baş redaktorudur. "Kokoro Kaoru Hito", "Yume Tsumugu Hito", "Hikari Oru Hito", "Ai Mato Hito", "Tsuchi Dakum Masurao" kitablarının müəllifidir. 49-cu Struga Poetry Beynəlxalq şeir festivalının (2011 Makedoniya), Jan Smrek Beynəlxalq Ədəbiyyat Festivalının (Slovakiya, 2012) Mihai Emuneski Şeir festivalının (2015 Rumınya) və "Verci Avropa" (Como, İtaliya, 2015) şeir festivallarının iştirakçısıdır.
Gabriel Rosenstockun "Mina dağ Tonaete" ("Onun adını tələffüz et") kitabının tərcüməsinə görə 2012-ci ildə İrlandiyada Exchange İrish Ədəbiyyat üzrə bədii Tərcümə mükafatı almışdır.
Mariko Sumikura
SONLUQ
Mən gülün
Hüznlü sevgi sonluğunu oxudum:
son qönçələr,
son sözlər
Və… heç zaman açılmayan.
ƏTİR
Çiçəyin
ölçülü yarısı…
Gül kitab
Bir oyun üçün gözləyən
uçucu ətir saxlayar.
Küçədən keçən kimdi bilinməz,
amma havada sevgi ətri var.
SAHİBLİK
Tikanları dərinə işləmiş, -
mənə vurulmuş gül
Çıxarılması müşkül.
İçimdəki ağrı
sahiblik sevincinə çevrilir hətta.
BƏYAZ GÜL
Bir gül görən kimi
Ona can atar,
Dəyərini bilərəm
Bacı sevgisi ilə.
Varmı bir xəbər verən?
Qönçəmidir, gülmüdür
İndi hardadı görən?!
QIRMIZI GÜL
İnqilabda
Gənc döyüşçü
Həyatını itirdi.
Torpaq, borclu qalmadı
məzarın başında
Qırmızı gül bitirdi…
GÜLÜN GÖZ YAŞI
Nə zaman ki, qırmızı gül hönkürür
Kədərindən arınır;
Bəyaz adam seyr edər
Ya sevinc, ya kədərdən
Göz yaşıyla doldurar gülün qırışlarını…
GÜVƏNLİ BİR EV
Bahar axşamı
yaxınlaşan fırtına
Ağacda yarpaqları hazırlar
sabah bal arısına
Yurd- yuva olsun deyə.
BOĞMAQ
Bu gün arzularımdan
Hər şeyi bir-bir atdım,
Türkiyədə verilmiş
Lalə çəmənliyində
Batıb boğulsun deyə..
LALƏ KİTABI
Bu səhifələr necə ortaya çıxdı,
Hardan gəldi bu qəhər?
Lalələr nədənsə
Hüznlü bir təbəssümlə
oyanarlar
hər səhər.
LALƏ ÜZƏRİNDƏ ŞEH
Yarpaqları üzərində şeh-
almazı qısqandıran
ətrə dönüşən ləzzət
Və dəyişən rəng
Hüzur içində get…
HƏYAT ÇEŞMƏSİ
Həyat hadisələri
O zaman yaxşıdır ki,
Səni ucalda bilsin.
Gərək həyat iqlimi
solmasın lalə kimi…
SEVGİ QUMAŞI
Qumaşın zərifliyi
Yaranı örtər necə;
Sevgi incəliyi də
İnsanları ovudar
Ovudar gündüz, gəcə…
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!