Hörmətli Azər bəy!
Bu şeirləri təsadüfən oxudum. Asim Xəzər (Cəfərov Asim Qulu oğlu) Kürdəmir rayonunda doğulub. Universitet bitirib, mühəndis-memardır. Asimin şeirlərində qəribə obrazlar var, bu obraz və detallar özləri ilə bərabər qədim dövrlərin havasını gətirir, bu günün tez-tez gözdən yayınan fraqmentləri, olayları ilə təmasda olur, bəzən bu kimi hallarda qədimliklə müasirliyin təmas nöqtəsini də görmüş kimi olursan. Vaxtilə "Cahan" jurnalında çalışanda rəhmətlik Bayram Ağayev Qafar Kəndli haqqında miniatür bir vida yazısı yazmışdı. Ordakı obraz yadımdan çıxmır: dünyanı ayağına çarıq kimi geyib gəzmək... Asim də bu obrazdan istifadə edir, ancaq "paraleli" dəyişir: Didilmişəm, bitmişəm//həqiqət axtarışında// Geyilib,cırılmış//çarıqlar kimi... Başqa bir obraz da yadıma düşdü, bu gün onu Qəzənfər müəllim (Qəzənfər Paşayev) yadıma saldı. Deyir Mövludun "Yel Əhmədin bəyliyi" povestində, lap əvvəldə bir məqam var, yel Əhməd Nəsimidən şeirlər deyə-deyə (...Dünya duracaq yer deyil, ey can, səfər eylə) "uçur" və əlavə edir: elə bil ayaqlarının altına kəpənək tozu səpilmişdi... İndi dünya bu sürətlə "uçub gedir", hərdən yaxşı şeirlər oxuyanda misilsiz anların tutulduğunun şahidi olduğumuzdan bu sürəti hiss etmirik.
Bu yazı "Uğurlu yol" deyil, onu şairə şeirləri oxuyanlar verə bilər, belədə siz kəpənək tozlarını da hiss edə bilərsiniz...
Hörmətlə, Cavanşir YUSİFLİ
Asim XƏZƏR
İtən cavablar
Cismimdən silmişəm
bütün kimliyimi,
Süfrədən çırpılan
artıqlar kimi...
Parçalanmışam,
dağılmışam hər yerə,
Sınmış stəkandan
qırıqlar kimi...
Didilmişəm, bitmişəm
həqiqət axtarışında,
Geyilib, cırılmış
çarıqlar kimi...
Kütlənin içində
insan axtarıram,
amma azıb qalmışam
yelkənsiz qayıqlar kimi...
Ey itmiş insanlıq, hardasan?
Bir dəfə də mənim yoluma çıx.
Yorulmuşam gəzməkdən,
mağara, oyuq, alaçıq...
Anlamıram niyə, axı niyə?
Bu qədər acıq?
axı biz doğulmadıq
yarım, yarımçıq...
Təbiət bizi tam yaratdı.
Yoxsa bizi var saydığımız,
yoxluqlar yarımçıq buraxdı?
Yenə suallar, suallar...
Əvəzi nədir?
Axtarılan,
tapılmayan,
insan olmaq istəyənin
itirdiyi cavablar...
Getsəm yaxşıdır
Eşitdiyim yalan, gördüyüm yalan
Ağın üzərində qara naxışıdır.
Naşı yolçu kimi dolanbac olan
Yollardan qıraqda getsəm, yaxşıdır...
Gözlərim gözlərdən həqiqət arar,
Sözlərim sözlərdən həqiqət sorar,
Sonda dar ağacı mənə qurular.
Son sözü demədən, getsəm yaxşıdır...
Ağa ağ deyirəm, qaraya qara
Kimdir ki, eşidən sözlər bekara.
İstədiyim hara, mənzilim hara.
Özümdən özümə getsəm, yaxşıdır...
Doğrunun yerinə yalan haqq olur,
Həqiqət gözlərin yaşına dolur,
Daha yalanlar da ömürlük olur.
Mən qısa ömürlə getsəm, yaxşıdır...
Bu yolda son yolçu oldum, bilirəm.
Hər addım yarıdan dönən görürəm.
Başlanğıc da, son da birdir deyirəm.
Bu yolun sonuna getsəm, yaxşıdır...
Səni niyə yaşayım ki
Yarpaq-yarpaq ötən ömür,
Xəzan gəlsə bitən ömür,
Unudulub itən ömür,
Səni niyə yaşayım ki...
Göz yaşında axan ömür,
Ruha asi çıxan ömür,
Atəş olub yaxan ömür,
Səni niyə yaşayım ki...
Buludlara sığan ömür,
Yağış olub yağan ömür,
Bəxtimdən ağlağan ömür,
Səni niyə yaşayım ki...
Çoxluqda azalan ömür,
Yazılan, pozulan ömür,
Hər sirri çözülən ömür,
Səni niyə yaşayım ki...
Bir udumluq susan ömür,
Danışmayıb susan ömür,
Sonu ölüm asan ömür,
Səni niyə yaşayım ki...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!