ƏDƏBİYYAT ÜZRƏ 1945-Cİ İLİN NOBEL MÜKAFATÇISI
QABRİELA MİSTRAL
Çilili şair, mütəfəkkir, diplomat, qadın hüquqları uğrunda fəal mübariz Qabriela Mistral 7 aprel 1889-cu ildə anadan olub. 16 yaşından müəllimlik edib. 1924-cü ildən etibarən İtaliyada diplomat kimi fəaliyyət göstərib. 1933-1935-ci illərdə İspaniyada, 1935-1937-ci illərdə Portuqaliyada, 1938-1946-cı illərdə Braziliyada, daha sonra isə BMT-də çalışıb.
İlk şeirləri 1903-cü ildən çap olunmağa başlayıb. Şəxsi həyatı haqqında düşüncələri 1914-cü ildə işıq üzü görən "Ölüm haqqında sonetlər" kitabında yer alıb. Daha sonra "Tale" (1938) kitabı çap olunub və kitab şairin poetik düşüncələrini, lirik duyğularını və həyata baxışını tam olaraq açıb. Onun Latın Amerikası insanlarının, hinduların həyatına həsr etdiyi şeirlər öz dövründə oxucuların dilinin əzbərinə çevrilib. Müəllifin son kitabı 1954-cü ildə nəşr edilən "Şirə çəkilən yer" adlanır.
1945-ci ildə ədəbiyyat üzrə Nobel mükafatı alan şairə mükafat "Gerçək poetik duyğulara, bütün Latın Amerikasında idealist simvola çevrilən şeirlərinə görə" verilib. Şair Mistral təxəllüsünü 1904-cü ildə ədəbiyyat üzrə Nobel mükafatı alan Frederik Mistralın şərəfinə götürüb.
P.S. "Ədəbiyyat qəzeti"nin oxucularının nəzərinə çatdırmaq istəyirəm ki, sizə təqdim etdiyimiz 1938-ci ilin ədəbiyyat üzrə nobelçisi Perl Bakdan sonra ədəbiyyat haqqında bu mükafatı 1939-cu ildə finlandiyalı Frans Sillanpyaya, 1944-cü ildə isə danimarkalı Vilhelm Yensen alıb. 1940-1943-cü illər arasında isə İkinci Dünya müharibəsi səbəbindən mükafat heç kəsə təqdim edilməyib.
BULUDLARA
Göy üzünün tül pərdəsi, -
rəqs edərək göz oxşayın,
qəlbimizin ağrısını
mavi səmaya daşıyın.
Evimdən uzaqlardayam,
əzablar çöküb üstümə,
buradakı divarlar da
sanki dayanıb qəsdimə.
Ruhum sizinlə birlikdə
dənizlərə uçacaq,
sahillərə çırpılan
ləpələri qucacaq,
həzin nəğmələrimə
dəniz qucaq açacaq.
Ustalar, mənim üçün
tez olun bir daş yonun,
zaman əriyib gedir,
kədər sinəmə qonur,
yuxuda da bitmir heç
bu əzabların sonu.
Göy üzünün zəvvarları,
Qoyun qalsın taleyimdə
Dənizlərin təravəti,
Dodaqlarım quruyub, bax
Neçə günün təşnəliyi
Sona çatsın, bitsin ancaq!
NARIN YAĞIŞ
Sanki xəstə uşaq kimi
Qorxaq, ürkək yağış yağır.
Titrək-titrək, kövrək-kövrək
Torpaq üstə sakit axır.
Küləklər də, ağaclar da
Susub qalıb bu yağışda.
Bir ürəyin göz yaşı tək
Sakitləşmir bu yağış da.
Səma geniş ürək kimi
Qucağını açıb dərdə.
Yağış deyil heç bu yağan
Qandır - axır hərdən-hərdən.
Evdə olanlar duymayır
Səmaların ağrısını.
Bu, yağış yox, əzab çəkən
Göy üzünün ağrısıdır.
Göy üzünün nəm nəfəsi
Uzun yoldan yerə çatdı.
Mürgüləyən yer üzünü
Damlalarıyla oyatdı.
Yağış... quduz canavartək
Qaranlığa şığıyır, bax.
Görən onun qəsdi nədir,
Nələr çəkir ondan torpaq?
Bu yağışda yatmaq olar?-
Bu - göylərin qarğışıdı.
Su deyil ki, göydən gələn
Ölümün qan qardaşıdı.
ŞEH
Bir qızılgül var idi,
Şeh o gülə yar idi.
Oğlum da bax, eləcə
Həmişə yardı mənə.
Qızılgül başın əyir,
Nəm ləçəklər titrəyir,
Çiçək sevgiylə qucur
O damlaları yenə.
Sanki bu şeh damlası
İlahinin damğası,
Bu şehin nəfəsindən
Sevgiylə dolur sinə.
Xoşbəxtdir bu qızılgül,
Buna səbəb də çoxdu.
Çiçəklər arasında
Ondan xoşbəxti yoxdur.
Bir qızılgül var idi,
O qızılgül var, yenə.
Oğlum da bax, eləcə
Həmişə yardı mənə.
GECƏ
Sakit olun, yatan var,
Günəş qüruba gedir.
Parıltı nə? Şehdir, şeh,
O parlaq işıq nədir?
Sakit olun, yatan var,
Yolda sükut və axşam...
Nəfəs nədir? - Çay axır,
Həyat nədir? - Oyağam.
Duman dolub dərəyə,
Mavi göylər gizlənib.
Sanki yuxulu səma
Dərəyə sərələnib.
Layla dedim körpəmə,
Beşiyini tərpətdim.
Elə beşik başında
Mən də yuxuya getdim.
ÖLÜM HAQQINDA NƏĞMƏ
Ey ağsaçlı cadugər,
Ey ifritə, ey ilan.
Gəzib dağı, dərəni
Oğlumdan uzaq dolan.
İnsan qoxusu alıb
Onun üstünə çökür
Oğlumun qoxusunu
Yaman burnuna çəkir.
Təzə Ay doğub, tez ol,
Çıx get gəldiyin yolla.
Ay küpəgirən qarı,
Nə işin var oğlumla?
Get özgənin al canın,
Oğlumdan uzaq dolan.
Səhv sal bildiyin adı,
Ay ifritə, ay ilan!
Qoy Şimaldan Cənuba
Üstünə yağsın tufan,
Gözlərini qum örtsün,
Kor ol, ay canlar alan!
Oğlumla mən - pərvanə,
Sənsə - can alan çapar.
Oğlumu yox, gedirsən,
Məni özünlə apar.
Hazırladı: Əyyub QİYAS
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!