Azanın göy qapısın
döyən vaxtı,
Şahi-Zindədə,
qərib bir məzar önündə
əl-ayağı tikan-tikan
Səmərqəndi tikən, quran
Usta Əlinin məzarı önündəyəm...
Ruhum axşam azanına qoşulub,
bir qəribin dərdlərini zikr edir:
"Təbriz yolu dərbədər"
Bu qəribi kim gəzər...
Ata-övlad doğmalığı,
ülfətiylə,
sehrləndim bir məzarın
önündəcə...
Ağı demək istədim,
kilidləndi dilimdə...
"Təbriz üstü Miyana",
"Təbrizin küçələri dolanbadolan",
"Təbriz aralı, könlüm yaralı".
Təbrizdən çox-çox aralı
Əli qızıl əllərlə,
Əli yaralı qəlblə
Təbrizin həsrətini,
tale hekayətini,
Daşa, naxışa yazıb...
Hər buta, kaşı üstə
göz yaşına bükülən
gecə-gündüz yarısı...
Əli ürək yağıyla
əks etdiyi butada
gizli, sirli naxışda
Təbrizdə gözü yaşlı
gəzər tale yarısın...
Göy rəng Tanrı qapısı,
göy çiçək, sarı çiçək,
boynu bükük bənövşə,
köksü xallı laləni
kaşı üstə düzərək
minarə bürc ucaldıb,
fələkdən öcün alıb,
Tarix yaradıb Əli...
Ən uca günbəz üstə
səpələnən naxışlar
rəngli məktuba döndü,
dərdli məktuba döndü,
hər çəkilən azanla
Tanrı qapısın döydü...
Alın yazısımı bu?
Səmərqənd qızıl qəfəs,
Əli bülbül qəfəsdə...
Ucaltdığı abidədə
qərib ah-zarı var.
Qarşıda çinar üstə
bülbül susqun oturar
oxu, min illər sonra
oxu, bülbülüm, oxu,
bəlkə...
"Bəlkələr" - ümid dolu
bəlkələr ömür olur.
Gözü yaşlı qəribin
kül qalaq arzuları
içi köz-köz alışır,
kaşı-kaşı, naxış-naxış
Təbriz dərdi tarix olur,
daşlar dil-dil danışır.
Solğun payız günündə
Allah, bu nə çiçəkdir,
Təbrizdə baharmıdır?
Daş üstə bəyaz güllər
Ağı deyib ağlayır...
Ulduzlu göy üzüdü,
Minarəyə köçürülən...
Ucalıqdan, imandan,
ağappaq yol uzanır,
ümidə, Təbrizə doğru...
Cüt, qoşa minarələr
iki damcı göz yaşı.
Yüksələr haqqa doğru
Yol dilər Təbrizə sarı.
Dərd çiçəklər
rəngbərəng...
qırmızı çiçək kaşı
bir nisgilli aşiqin
qaysaq tutmaz
yarası,
olmaz dərdin çarəsi...
Əli dərdin içində...
Əli tarix yaratdı,
Əmir Teymur hünərinə,
Səmərqənd şərəfinə,
Təbrizin həsrətinə...
Yurd həsrətin, vətən dərdin
Kərpic-kərpic böyütdü
Tarixdən öc alaraq
özü tarixə döndü
özü tarixi yazdı.
İçindəki Təbrizi
Səmərqəndə köçürdü,
Səmərqənddə yaratdı.
Uzaq Vətən həsrətinə
Dünyanı heyran qoyan
Səmərqənd əzəmətdə
Daş abidə ucaltdı.
11.11.2018
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!