Vaxtın paradoksal inkarı...İnternet, vaxtın ölümü və şeir - Ülvi BABASOY yazır

 

"İnternet diktatura və məhdud  dünyagörüşünün gələcəyini qaraldacaq". Jurnalist Jan-Filip de Tonnak, kinodramaturq Jan-Klod Karier və yazıçı Umberto Eko internet barədə söhbətlərində bu qənaətə gəlirlər. Niyə? Çünki virtual dünya vaxta, zamana daha çox təsir edə bilir. İnternetə düşən bir məlumatı heç bir rejimi mütləq şəkildə silə bilmir. İnternetdə yayılan məlumatın üstündən sükutla da keçmək mümkün deyil. İnternet vaxtı əldə etmək, qazanmaq baxımından çox dəyərlidir. Elə günü günə qurban verməkdə də az rol oynamır. Ekonun internet və zaman anlayışı  haqqında fikirlərini  illər sonra bir daha oxuyuram. Qəribədir ki, bu fikirlərin şeir sənəti ilə əlaqəsi ortaya çıxır. Faiq İsmayılovun "Vaxtın ölümü" şeirində zamanın əldən çıxması mücərrəd və konkret estetikaya əsaslanır:

Gözlərimin qabağında

sudan çıxarılmış

balıq kimi çabalaya-çabalaya

ölür vaxt...

Bu dünyada ən böyük dərd

Vaxtın ölməyini görməkdi.

Konkretlik

Elm insanın ehtiyaclarını ödəmək üçündür. Həyatı bir az daha rahat və komfortlu edir. Sənət isə həyatda daha maraqlı və uzunömürlü bir yaşamaq və  yaratmaq prosesidir. Elm konkretdir.  Sənət həm konkret, həm də mücərrəddir. Yaradılış maddidən mənəviyə, mənəvidən maddiyə doğru hərəkətdədir. Deməli, "Vaxtın ölümü" şeiri poeziya sənətində konkretlik və mücərrədlik estetikasının epiqrafı, manifesti ola bilər. Şeir iki hissəyə ayrılır. Birincisi fiziki məzmun və keyfiyyət daşıyır:

Gözlərimin qabağında

sudan çıxarılmış

balıq kimi çabalaya-çabalaya

ölür vaxt...

Mücərrədlik

İkincisi metafiziki hadisədir. Burada vaxt tarıma çəkilmiş, gərilmiş vəziyyətdədir. Zaman adlı məhdudluqdan qurtulmaq,  xilas olmaq çabası dərdin estetik ifadəsinə çevrilir:

Bu dünyada ən böyük dərd

Vaxtın ölməyini görməkdi.

Vaxtın mövcud olduğu an və  ölümü arasındakı məsafədə evoluvasiya hadisəsi yaşanır. Materiya və ruhun bir-birinə keçidləri baş verir. Faiq şeirlə zamanı dirildir. Əldən çıxan zamanı estetik səviyyədə inkar edir. Real həyatda zamanın ölümü sənətə, virtual mövcudluq formasına daxil olur. Dünyasını dəyişir. "Vaxtın ölümü" şeiri zaman məhdudiyyətindən xilas olmaq üçün alternativ  bir reaksiyadır, çabadır.

Domnatio memoriae

Ədəbi tənqid Faiq İsmayılov poeziyasının varlığından sükutla keçə bilmədi. Bunun iki səbəbi var. Əvvəla, bu hal internet erasında mümkün deyil. Digər tərəfdən, "vaxtın ölümü" şeiri zamanın dar, məhdud sərhədlərindən  qaçmaqla hər növ "domnatio memoriae"ə meydan oxuyur. "Domnatio memoriae Roma imperiyasında bir şəxsin ölümündən sonra onu sükuta, unudulmağa məhkum etmək mənasını ifadə edirdi". Həmin şəxsi rəsmi qeydiyyatdan silir, onu təsvir edən heykəlləri yox edir və yaxud doğulduğu günü uğursuz elan edirdilər. Müasir dövrdə bir adamın fotosunu yox etmək çox çətindir. İnternetdən şəklini tapmaq asandır. Həqiqəti yox etmək çətindir. Vaxtı dirildən şeir sənətinin üstündən sükutla keçmək isə qeyri-mümkündür. Çünki:

Bu dünyada ən böyük dərd

Vaxtın ölməyini görməkdi.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!