Güldan uçuşu
Mənzil: səliqə-sahmandan əsər-əlamət dəymir gözə.
Uşaq: sevinc içində bayaqdan var-gəl edir,
qaçır, atılıb-düşür otaqda heç nəyi almadan vecinə.
Gənc ana: bir o qədər məmnun olmasa da,
bu nizamsızlıqdan, sevinci - körpəsinin sevinci.
Otağın bir guşəsində hündür masa: üstündə iri qəşəng bir güldan.
Birdən ... uşaq toxunur masaya: ani bir titrəyiş və anidən ani bir uçuş.
Bu məqamda bir qədər dayanaq bəlkə - uçuş sürətini azaldıb xəyalən,
seyr edək qısa zaman kəsiyinə sığan mənzərəni:
uşaq donub yerində, gözlərində qorxu,
ana bir gözü uşaqda masaya tərəf sürətlə hərəkətdə,
güldan fəzada uçuş xətti cızmaqda.
Və nəhayət, qulaqbatıran çingilti. Ayılırıq xəyaldan:
döşəmədə çilik-çilik olmuş gözəllik - işıqdan bərq vuran
müxtəlif ölçülü hissələr mozaikanı xatırladır hardasa.
Beləcə ... Vahid çoxluğa çevrilib, keyfiyyət kəmiyyətə keçib
bir anın içində. Təəssüf!
Uşuş vaxtını bir qədər uzatmaq mümkün olsaydı,
qorumaq olardı bir gözəlliyi, yəqin ki.
Gecdir artıq, onsuz da hər şey anbaan heçliyə doğru sürətlə hərəkətdə -
düşünən ana qorxmuş uşağının qayğısına qalır əvvəlcə, sonra
işıqdan bərq vuran qırıntıları təəssüf içində yığır zibil qutusuna.
Gənc ata: səhər işə gedərkən bəzəkli qırıntıların toplandığı torbanı
bir güldanlıq xərci hesablaya-hesablaya atır zibil qutusuna.
Axşam: uşaq, ana və ata.
Yeni qəşəng bir güldan dayanıb hündür masanın üstündə.
Ata laqeyd, uşaq gözlərində qorxu və maraq,
ana isə məmnun yeni güldanın işıqdan bərq vuran gözəlliyindən.
Bir növ, hər şey öz qaydasındadı bu mənzildə, dünən azca
narahatlıq yaşansa da ailədə. Üstəlik, təzə bir əşya da
gəlib köhnəsinin yerinə.
Sadəcə, bəzi şeyləri qorumaq lazımdı imkan daxilində, məncə.
Özü də yaxşı-yaxşı qorumaq! Çünki bəzi şeylər adi toxunuşdan
çilik-çilik olub da, yox ola bilirlər bir anın içində.
Belə söylərdi Zərdüşt
Şeir-esse
"Doğru düşüncə, doğru söz, doğru əməl" -
belə başladı qürubu Zərdüştün ...
Şənbə günü. Dəniz kənarına
öz-özülə bölüşməyə çıxmışdı
bir saatlıq təəssüratlarını yenə.
Onu cəlb edən hər bir hadisə
qeyri-iradi bir fikir doğururdu ağlında:
bu an
nə söyləyərdi Zərdüşt, görəsən?
Sahil boyu ardıcıl düzülmüş
zibil yeşiklərinin yanından keçərkən
nəsə yadına düşdüyündən gülümsədi.
Bir neçə gün əvvəl
iki gənc yazarla ədəbiyyat və elm barədə
polemika etmişdilər:
mövzu seçimindən söz düşdüyü zaman
"hər şey, hətta zibil qutuları da predmetidi ədəbiyyatın"
deyəndə gənclərin bir-birinə baxıb,
heyrətlərini gizlədə bilmədiklərini sezmişdi.
Gənclərdən biri, sanki nəsə kəşf edib -
gözlərində məmnunluq sevinclə təkrarlamışdı:
hətta zibil qutuları da predmetidi ədəbiyyatın.
Hər yaxşıda azca pis, hər pisdə bir az yaxşı olur.
Sanki gözəllik və təmizlik naminə ətrafdakı çirkabı
özünə yığmağa hazır dayanar daim, zibil qutuları -
bu da bir hadisə, əslində, yaxşı və pisin kəsişdiyi mənzərə.
Əsas olan hadisə yox, hadisəyə münasibətdi.
Belə söylərdi Zərdüşt.
Auditoriyaya girib,
intellektual poeziya barədə
böyük zəhmət və əzmlə qurduğu konsepsiya əsasında
mühazirə oxuyarkən bal arısına bənzəyirdi.
İllərcə elm, fəlsəfə və ədəbiyyat adlı
ağacların çiçəklərindən şirə toplayan bal arısına.
Maraq və bəzən də heyrətlə qarşılanan
mühazirələrdən sonra düşünürdü:
"Günəş nə yaxşı, elə burda qürub edib".
Sonralar çıxış və mühazirələrinin
bitdiyi bütün məkanlarda seyr etdiyi mənzərə
fikrini bir daha təsdiqləyirdi:
nə yaxşı, qürubum burda, bu məkanda oldu,
nə yaxşı, boşalır dolmuş piyalə.
Belə söylərdi Zərdüşt.
Məqsədi
zibil qutusundan və təmtəraqlı çıxışlardan yox,
ucalıqdan danışmaq idi doğrusu, əsl ucalıqdan.
Daima yaşıl ağaclar arasında gəzə-gəzə fikirləşirdi:
"Ağac nə qədər gözəl olsa da, ucaldıqca
kökü daha çox zülmətə işlər".
Hər yüksəliş ucalıq deyil, amma kökü zülmətə işləyən
bütün yüksəkliklər hündürlükdü, sadəcə -
üz tutsan riyaziyyata taparsan ölçüsünü,
hələ bir estetika naminə həndəsi forma verib,
ad da qoyarıq ölçülərə:
məsələn, uzunluq - L, sahə - S, həcm -V.
Ucalıq - nə qədər səy göstərsən gəlməz ölçüyə,
bütün ucalıqlar ölçüdən qıraqda;
sığmaz idrakın cızdığı cürbəcür həndəsi formalara,
eninə, uzununa, dərininə yertutma iflasa uğrar.
Belə söylərdi Zərdüşt.
Yelləncək: rəqs edir. Gah qalxır, gah da enir...
Uşaqlar növbəyə durub, gözləyirlər səbirsizliklə.
Böyüklər həvəslə seyr edir bu mənzərəni -
sanki rəqs edən yelləncək heç zaman dayanmayacaq.
Amma qaranlıq düşdükcə boşalır yelləncək,
hamı tərk edir həmişə eyni havaya oynayan "rəqqas"ı.
Boşalır və bir müddət rəqs edib öz-özünə,
sonra asta-asta dayanır yelləncək. Bayaqdan neçə uşağı
əyləndirib, neçə valideyni sevindirmişdi bu boş yelləncək.
İndisə sükunətdə. Amma sükunətdə belə hərəkətdədi, sanki
bir toxunuşa bənddi təkrarlasın dəyişməz rəqsini.
Daimilik, dəyişməzlik gizlənər yelləncəklərdə -
elə buna görə bəyənilər bəlkə də -
uşağın da, böyüyün də sevdiyi əyləncə.
Hamının hər yerdə həmişə sevdiyi -
əyləncə, əyləncə, əyləncə.
Şər yoxdu, Şər - Xeyirin yoxa çıxdığı məqamdı:
belə söylərdi Zərdüşt təəccüb və heyrət içində,
baxıb yalnız əyləncə və təmtəraq əsiri soydaşlarının
dəyişməyən iki min beş yüz illik oxşarlığına...
Öldü Zərdüşt
və alıb öz çiyninə öz meyitini
üzü zülmətə
yenə yollandı tənhalığına ...
Çatınca Zərdüşt dağda bitib
başı səmaya dəyən ağacın kölgəsinə,
görür meyit kəndirə çevrilib artıq, ilməyi boynunda,
ucu ağacın kəlləsində. Və deyir Zərdüşt:
Bu nə yalqızlıqdı, Uca Yaradan, bu nə tənhalıq, nə təklik,
körpü olmaq istəyərkən insandan fövqəlinsana,
nədi bəs
illərdi boynumda gəzdirdiyim bu kəndir - birdəfəlik
nə kəsilir bu "ölüm", nə dartılır sonadək?!
Beləcə ... bitdi qürubu Zərdüştün:
nə adi insan ola bildi sonacan, nə fövqəlinsan.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!