Yeni bir ölkə cahana gəlir,
İnsanlarının qəddi düzəlir,
Susuz torpaqları cana gəlir.
Mübarizə aparır, zəfər çalır.
Ev tikir,
yol salır,
bayrağı göyə ucalır!
Bəzilərini arxayın salır -
Canında "mənəmlik" artır,
özünü dartır.
Zəfərdən sonra həmişə
belə boşluq olur.
Arxayınlıq, məstlik,
bir az sərxoşluq olur.
O günlərə dözmək lazımdır.
O zamanı keçmək lazımdır.
Çıxacağın sahili
yaxşı seçmək
lazımdır.
Azadlıq vətənin nəfəsidir,
nəfəsi!
Azadlıqdan sonra hər kəsin
Azadlıq istəməsi
- naşılıqdı!
Xaosdu,
özbaşınalıqdı!
Bu yerdə mübarizə
Dönüb sənin savaşın olacaq,
Savaşdığın sənin öz vətəndaşın olacaq.
Qazandığınız yadlar əlində
daş-qaş olacaq.
Sənə qalan balalarının
gözündəki yaş olacaq.
Vətən torpağın əllərdə daş olacaq.
Belə sathasatda,
alhaalda,
ən yaxşı halda,
Vətənin böyük bir ölkəyə
kiçik "qardaş" olacaq.
Bu yolda olmuşuq,
dadını bilmişik.
Bir dəfə ölmüşük,
dirilmişik,
Yenidən dünyaya gəlmişik!
Hamımız bir torpaqdan,
bir candan,
bir qandanıq!
Dünyanın harasında olsaq
Biz Azərbaycandanıq!
Əzizlərim,
Yadınızda qalsın bu sözlərim!
Azadlıqdan sonradır
yolun ən çətini.
Azadlıqdan sonra sınayırlar
Xalqın ağlını, gücünü, qeyrətini.
Azadlıqdan sonra
Gərək hamımız ayıq-sayıq olaq,
O gözəl azadlığa layiq olaq.
Ona sahib olaq,
Onu başımızdan yuxarıda tutaq.
Hər cür mənafeni unudaq.
Babalarımızın ruhu oyanıb,
Başımızın üstündə dayanıb,
Bayrağımızın qırmızısı,
Şəhidlərimizin qanı ilə boyanıb.
Gələcəkdən boylanıb nəsillərimiz,
bizi izləyir.
Bizdən təmkin, hünər, zəfər
gözləyir.
Daha şanlı illər,
daha gözəl nəsillər gələcək.
Əl-ələ versin keçmiş,
bu gün,
gələcək,
Hamımız bir can olaq!
Hamımız azad bir Azərbaycan,
Azərbaycan, Azərbaycan olaq!
Davam olacaq
Nə qədər bu dünya, zaman olacaq,
Heç vaxt sönməyəcək bu od, bu ocaq.
Atama ər - deyən - Anam olacaq.
Oğlumun, qızımın anası - yarım.
Siz rahat uyuyun ey ulularım,
Bu zəncir həmişə davam olacaq,
Bu diyar həmişə yuvam olacaq.
Sənə şükür olsun, ey ulu Tanrım.
11.02.2019
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!