Göyəbaxma dayanacağı - Turqut Uyarın şeirləri - DİLSUZ

Dilsuzun təqdimatında...

DİLSUZ

BİR GÜN SƏHƏR-SƏHƏR

Bir gün səhər-səhər
                   qapını döysəm,
Səni yuxudan oyandırsam,
ki, hələ
      sis qalxmamışdır
                          Xaliçdən,
gəmilər fit verməkdədirlər.
Ətraf alacaqaranlıqdır.
Körpü açıqdır hənüz.
Yolçuluğum
    uzun sürdü, olduqca,
gecə
    dəmir körpülərdən
                 keçdi qatarımız.
Dağların başında
          beş-on evli kəndlər,
Teleqraf dirəkləri
                  yollar boyunca
şütümüş,
şütümüş bizimlə bərabər...

Türkülər oxumuşam pəncərədən,

oyanıb,
      oyanıb, yenə yatmışam,
biletim ümumi vaqonadır -

üzü qara olsun

                  kasıblığın.
Lülədaşından gərdanlığa
                     pulum çatmadı,
sənə
    Sapancadan
           bir səbət alma aldım...
Ver əlini,
     Heydərpaşa vağzalı,
                                 dedim,
budur, artıq,

         gəmi limandadır,
                           pırıl-pırıl.
Hava yüngülcə soyuqdu.
Dəniz
     qətran və balıq
                         ətri verir.
Körpüdən
       qayıqla çıxdım
               qarşıdakı sahilə
və heç dayanmadan qalxdım
                       nəfəskəsən yoxuşu...
Bir gün səhər-səhər
                 qapını döysəm,
- Kimdir? - desən
                    yuxulu səsinlə
                                      içəridən...

Saçların dağınıqdır,
                   gözlərin süzgün,
kim bilir,        bir dənəm,
             nə qədər gözəlsən...  
Bir gün səhər-səhər
                qapını döysəm,
oyandırsam yuxudan səni,
ki, hələ
     sis qalxmamışdır
                         Xaliçdən,
gəmilər fit verməkdədirlər...

TÜRKİYƏM

Səni
ta Qarsdan Ədirnəyə -
təpədən-dırnağa sevmişəm.
Dağlarını,
         düzlərini,
                 çaylarını,
                      dənizlərini
türkü-türkü,
          dastan-dastan
                      öymüşəm...
Sən -
     Zonquldaqda
                ana nəfəsitək
                           isti bir yuva,
Sən -
      Ağ dənizdə
                    nazlı bir sahil,
Sən -
     Qoçhisarda duzum,
Sillədə qızımsan…
Belimdə
      gümüş işləməli
                    bir xəncər
                           enmişəm Adanaya,
dilimdə
     Dudaloğlundan
                 bir təkərləmə:
"Şu yalan dünyaya
                    gəldim-gələli..."
Sən -
atam, anam, əmim, dayım,
Sən -
xalam, bibim,
Sən -
qardaşım, bacımsan,
Sən -
nəsl ağacımsan -
kökü ürəyimə,
    budaqları göy üzünə
                           işləyən,
Türkiyəm,
         Türkiyəm,
                 Türkiyəm!..
Qırxbulaqda -
yamyaşıl bir yastanada
gözüm qaralana,
          dizim heydən
                   düşənə qədər
güləşmişəm,
sonra Ərzurumda
bir dişləmə çayla
     çıxarmışam canımın
                           yorğunluğunu...
Dağlar
      yol verməsə də,
bir axşamüstü
            yetişdim Ərdahana,
Amma, sən demə,
ulu Tanrının
dörd yanını
       gül-çiçəklə bəzədiyi
Konyada imiş
     qəlbimi odlara yaxan
                          o alagözlü qız...
Səni, Türkiyəm,
ta Qarsdan Ədirnəyə -
təpədən-dırnağa sevmişəm.
Dağlarını,
          düzlərini,
                  çaylarını,
                          dənizlərini,
yurd sevdalısı igidlərini
türkü-türkü,
        dastan-dastan
                       öymüşəm...

SİMFONİYA

Tənha qaldıqca
                  səni düşünürəm -
hər şeydən əvvəl
                səsin gəlir ağlıma,
sonra saman sarısı saçların,
sonra cümə ertəsi,
sonra göy üzü -
beləcə, dərddən qurtuluram.
Bir yağış yağsa,
        təkcə ikimizi islatsa,
yan-yana olsaq,
                  əl-ələ tutsaq,
günlərlə
   ac qalsaq, ac -
          eynimə də gəlməz,
içim rahat -
bir göyərçini
    tumarlayırmışam kimi...
Tənha qaldıqca,
           bilsən, nələr düşünürəm:
bir yanımda dəniz,
          o bir yanımda sən,
bir yanımda çinar,
          o bir yanımda sən,
bir yanımda eşq,
       o bir yanımda da eşq -
səninlə qocalmaq istəyirəm...


GÖYƏBAXMA DAYANACAĞI

İkimiz

      birdən sevinə bilərik,

                              göyə baxaq

bu tez-tez yanıb sönən,

                 göz qırpan işıqların,

şəkər qamışlarının arasından,

al, qurtar gözlərimi

     günəşdən, yabanı otlardan.

Bu qorxaq əllərimdən tut,

bu evləri adla,

      bu evləri də, bunları da,

göyə baxaq...

 

Göyəbaxma dayanacağında

düşən var, deyərik,

          avtobus dayanar, düşərik,

bu qaranlıq belə,

             çox gözəldi,

                  eşq olsun Yaradana!

Oğrular,

       polislər,

               aclar,

                   toxlar -

hər kəs uyusun!

Bir sən oyaq qal,

bir də mən -

öpüşək, öpüşək, öpüşək,

arada

       başımızı qaldırıb,

                        göyə baxaq

tez-tez yanıb sönən,

             göz qırpan işıqların,

şəkər qamışlarının arasından…

 

Sənin bu əllərində

                   nə var, bilmirəm,

tutunca

güclənirəm, güclənirəm, güclənirəm…

 

Minlərcə,

         milyonlarca pəncərən vardı,

                                   bir-bir örtdüm,

yanıma -

      bu göyəbaxma dayanacağına

gələsən deyə.

Gözlərin

           keçmiş kimi

                      yalnız, tək-tənha…

İndi avtobus gələr,

                    minib gedərik

bir də ayrılmayacağımız yerə,

bir də ayrılmayacağımız yerə,

bir də ayrılmayacağımız yerə…

 

FEDERİKO QARSİA LORKAYA ÜÇ ŞEİR

        1

Mən sevərəm çiyinlərimi,

apoletsiz,

         ulduzlarsız olsa da.

Mən sevərəm çiyinlərimi,

uçan bir mədənin

            tavanına dirək olsa.

Mən sevərəm çiyinlərimi,

savaşda bir qaba,

yataqda bir incə

             çiyinin yanında…

       2

Yol uzun, hava isti,

qamçılaram atımı,

           yetişərəm Kurtubaya.

Endiyini görsəm

     bir gün maralların

           sürülər halında ovalara,

insanların

            dünyanı bölüşdüklərini

                               xatırlayaram…

Sevişərəm - ölərəm,

savaşaram - ölərəm,

qoyaram çantama

            quru çörək və pendir,

yetişərəm Kurtubaya

dediyin kimi:

"Saat beşdə, axşamüstü…".

          3

Ah, qaragözlüm,

göydən daş yağdı, daş,

yerdə qaldı

budağından qopmuş portağallar…

Ah, qaragözlüm,

bilirəm,

xalqımın qara günüdü

gözlərimə bağlanan

                        qanlı məndil…

Göydən daş yağır, daş,

gilas ağaclarının

            və maralların acığına…

Artıq

     xalq yolunda

                        tökülən qan

neçə iyen edər, bilirik.

Sapı

     gül budağı gözəlliyində

               bir bıçaqdır azadlıq

İspaniyada

və hər yerdə!

 

BÜTÜN QAYĞILARDAN QURTULMAQ

Sularla axmaq,

              bir gün, bir gün, bir gün,

dağlara çıxmaq,

        dağlara çıxmaq

               bir gün, bir gün, bir gün.

Çiçək kimi açmaq, çiçək kimi açmaq

                           bir gün, bir gün, bir gün…

Ağaclara,

          güllərə, çiçəklərə

su vermək,

            su vermək,

                        su vermək

bir gün, bir gün, bir gün.

Hələ

        saymağı bilməyən

                              körpə uşaqlarla

oynamaq,

            oynamaq,

                        oynamaq

bir gün, bir gün, bir gün.

Sonra…

Sonra bir yorğun atla,

                    bir solğun çiçəklə

evə dönmək,

            evə dönmək,

                        evə dönmək.

Bu işə, bu işə, bu işə

keşiş, keşiş, keşiş

nə deyəcək, nə deyəcək,

                            nə deyəcək

qoy desin, qoy desin,

                           qoy desin…

BEZGİNLİK

Bir ümid tapdım -

                  geyindim əynimə,

Bir sərin, mavi

       göy üzü tapdım -

                  geyindim əynimə,

Küçələr gördüm,

       dənizə enirdilər -

                    geyindim əynimə,

üstlərindən də

       səni geyindim, gülüm, səni…

Ümidmi çox yaraşdı mənə,

göy üzümü,

       küçələrmi,

              sənmi - bilmirəm…

 

Üç dilim yemiş kəsdim,

birini mən yedim,

       birini sənə verdim,

              biri də sərçələrə…

Gözünü zillədiyin

                        hər yerdə dayanmışam,

əlimdə bir yemiş…

Üç dilim kəsdim,

biri mənim,

biri sənin

biri sərçələrin…

Hanı sərçələr?

Yoxsa, uçurtdun onları?..

Yaxşı ver,

     o bir dilimi də

              Xurşid bəyə - ver,

ürəyin sakitləşsin…

 

İSTANBUL DEDİLƏRMİ

İstanbul dedilərmi, mənim ağlıma

Vaiz küçəsi gəlir,

Ədirnə qapısı gəlir,

evimiz gəlir,

küçənin başında dayanan

                        bir gözəl qız gəlir…

Biletçi zəngi çalar,

                   tramvay dayanar,

bir akasiya ağacı,

            bir meyvə dükanı,

                        bir qəlyanaltı…

Qumrular uçuşur

      kilisənin şüşəli qülləsində,

göy üzündən

       bəmbəyaz buludlar keçir…

Bu Həsən əfəndinin qəlyanaltısıdı,

Ədirnə qapısında,

bu, daşyonan Kamaldı,

                             uşaqlıq yoldaşım,

Buludu - Xalicdən,

                    rüzgarı - Boğaziçindən,

bir xoş gün keçiririk bu yay:

"Dörd çahar, sə dü, pəncü sə,

Axşam olur, günəş batır, hardasa…"

Pırıl-pırıl

            eşq içindədi

                Mihrimah Sultan məscidi,

Əyyubda - gəmi fiti,

Yeniqapıda - qatar səsi…

Qalxırıq ağır-ağır,

                        qəlyanaltıdan,

Mən, Kamal, Kamalın qaynı…

Vaiz küçəsinə gəlirəm,

                                 evə çatıram,

üç dəfə çalıram zəngi…

Arvadım qapını açır,

            uşaqlar üstümə yüyürür,

şükür, çörəyimiz var,

şükür, iştahımız var,

əyləşib, yemək yeyirik, bərabər,

alnımızın tərindən,

əlimizin əməyindən…

Otağa yayılır mərcinin ətri,

Bizə nə, el-aləmin on cür yeməyindən?

Gəzməyə çıxararam

                        arvadımı, uşaqlarımı,

bir avtobusa minirik

                            Ədirnə qapısından,

Sultan Əhməddədi

                    şabalıdların ən dadlısı,

əlli quruş verib,

                       kəndirbazlara baxırıq,

yaşımız - iyirmi beş

                              və İstanbul - bizim!

Dənizdə - balıqlar,

                        havada - quşlar gözəl!

Arvadımın bir gülüşü

                        sevdamı təzələr!

Dənizlərin qumuyam,

                              balıqların puluyam,

Adım Turqut,

                    sevda quluyam,

İstanbulluyam, istanbulluyam…

 

TANRI 

Əlbəttə,
           yaratdıqlarından
                                  gözəlsən,
hər yerdə
           və hər şeydəsən,
yəni,
     Kırşəhərdə
                       bir məscidsən,
Kapadokiyada bir kilsəsən,
Ağ dənizdə
           bəmbəyaz yelkənli
                                  bir qayıq…
Nə bilim,
      bəlkə bazar ertəsisən,
                          bəlkə cüməsən,
bəlkə
    bir ormanda
             bir ağacsan,
                       bu boydacıq…
Bəlkə…
Amma
       bilirəm ki, ustasan
                       səhərləri yaratmaqda,
                       axşamları yaratmaqda…
Səhərlər xeyir,
                    axşamlar şər üçündümü?
Hər gün
     beş rükət nazmazda
                  Ay bənizli qızlarla
                               üz-üzə dayanırsan,
amma
      mən illərdi
                   sevdiyimə həsrətəm…
Deyəsən,
           artıq-əskik danışdım,
bağışla…
Axı sən həm də əfv edənsən…


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!