Gecəyə söylənən şeir
Gecəyə bir şeir söyləsəm, eşidərsənmi?
Məsələn qış gecələrində
Şaxtalı qaranlığın arasındakı
o misra isidərmi səni?
Yanvarın qandonduran sazağında
Göydəki ulduzları gördünmü, Gilənarım?
Ya da onlar ulduzmu?
Donmuş qar dənəciklərinə oxşatdım,
sənin xəyalınca...
İndi
Zamanın belə bizə uduzacağı
Bir məsafə uzaqlığından yazıram sənə.
Amma biz zamandan daha çox,
Məsafədən daha çox
İnsanlara uduzuruq, Gilənarım, insanlara...
Bax, baaaaax
O ulduzların arasında
mütləq dörd parlaq ulduz var...
Dörd par-laq ul-duuuuuz...
Bir-birinə zillənmiş parıltıları - baxışları...
Nə zamana uduzublar,
Nə məsafəyə,
Nə insanlara.
Amma onlar da uduzublar, Gilənarım,
uduzublar onlar da.
Ruhu payız,
adı payız şairlərin misralarında
Şaxtaya dözümsüz ümidlər
Pəncərənin çöl tərəfindəki
buz bağlamış naxışlar kimidir.
Sən sobanın isitdiyi otağında
Üşüyürsən
təkliyini qucaqladığın yatağında.
İşığı da söndürməzsən, bilirəm,
"Hardan bilirsən", - deyə soruşma
Eyni ovqata köklənmiş şairlərin
Təkliyində işıqları həmişə yanar,
Ürəkləri kimi...
Aç pəncərəni,
Sobanın isitmədiyi içindəki yanğına
Göydəki dörd parlaq ulduz
Bir sərinlik çiləsin.
İsinsin buz tutmuş yollar,
Pəncərənin çöl üzü,
Zaman,
Aramızdakı məsafə.
Sevgiləri anlamayan insanların ürəyi.
Gözlərini qapa və
Dərin bir nəfəs ver
Yanvarın ciyərlərinə,
Dünya sevgiylə isinsin...
Mən inanıram, Gilənarım...
İnanıram...
Mavicə
Mənim səmam qara bulud,
Sənin göy üzün mavicə.
Mən ağ kağızda qara xətt,
Sənin hər sözün mavicə.
Səni yüz gündü görürəm,
Könlün üzgündü görürəm.
Göylər güzgündü, görürəm -
Güzgüdə gözün mavicə.
Sevənlərin yarı payız,
Yarı yazsan, yarı payız.
Sağın, solun sarı payız,
Amma ki, özün mavicə.
Ay bu yerin qərib qızı,
Qürbət də bir alın yazı.
Vüsallar - gülən qırmızı,
Ayrılıq - həzin mavicə...
Burda şair var, dəlidir,
Hər misrası gəzməlidir.
Gəzən dərdə dözməlidir,
Sən də gəl, gəzin, mavicə...
Dəlicə gəzin, dəlicə..
Mən yağış həsrətlisi
Göydə buludlar kimisən,
Mən yağış həsrətlisi...
Baxışların göy qurşağı -
Mən naxış həsrətlisi.
Bu adamlar qoymaz bizi,
Açıb deyək sevgimizi.
Dörd yanım insan dənizi,
Mən tanış həsrətlisi...
Bir ömürün köçündəyəm,
Yüküm ölüm, içim dəyəm.
Savaşların içindəyəm
Mən barış həsrətlisi.
Sən mənim
Sən mənim sularda
Sirli kölgəmsən.
Sən mənim dünyamda
Gizli ölkəmsən.
Sən mənim payızda
Sarı ağacım.
Əlim çatmır sənə
Sarı ha qaçım.
Sən mənim şeirimin
Mətnaltı sözü.
Bütün varlığımın
Özüsən özü.
Sən mənim qarşında
Susduğum kəlmə.
Səssiz də anlarsan,
Bil, amma gəlmə.
Sən mənim ruhumun
Gilənar rəngi.
Səninlə gözəldir
Şeirin ahəngi.
Sən mənim e-hee-heeey
Hüzurumsan, qız.
Gül üstə şeh kimi
Qatlarıma sız.
Sən mənim hər gecə
O "Sən mənim"sən.
Harda yarımçığam
Orda tənimsən.
Sən mənim, sən mənim
Yolum və yönüm.
Qoy səndə yaşayım,
Səndə də ölüm.
Qaya çiçəyi
Bir çiçək -
Sərt qayanı yararaq
Öz ömrünü yaşayır,
Səssiz, güclü və tək.
Bir çiçək -
Qızılgülcə gözəl,
Laləcə yaralı,
Bənövşəcə kövrək.
Bir çiçək -
Ha daşlayın vurmağa,
Ha əl atın üzməyə,
Gücünüz yetməyəcək.
Bir çiçək -
Sevgi dolu baxışlarla
Dünyaya meydan oxuyur,
Günəşə gülümsəyərək.
Bir çiçək -
Ətrini duydum o gün,
Varlığını hiss etdim,
Sevdaya düşdü ürək.
Bir çiçək -
Qaya sərtliyində çiçək,
Çiçək zərifliyində qaya.
Çiçək qaya, qaya çiçək.
Bir çiçək -
Səni bildiyini bilənlər,
Səni bilməzlər, bilməzlər,
Anlamazlar şairintək.
Bir çiçək -
Sərt qayanı yararaq
Öz ömrünü yaşayır,
Səssiz, güclü və tək.
Balacanın şeiri
Ürəyində gizlətdiyin
Gizli bir yükdür, balaca.
At çiynindən, sevda yükün
Səndən böyükdür, balaca.
Eşqi yuva bilməyənlər,
Dərdi dəva bilməyənlər,
Şeiri dua bilməyənlər
Əhdə dönükdür, balaca.
Təkliyində qıvrılana,
Ruhu sözdə sovrulana,
Könlü eşqlə qovrulana
Baxış körükdür, balaca...
Gedəni payız qaytarmaz,
Qaytarsa, yalqız qaytarmaz.
Baxışlarım qız qaytarmaz -
Nuru sönükdür, balaca.
Mən sənə həyan olmaram,
Yuxu gör, əyan olmaram.
Heç kimə bəyan olmaram,
Sirr ömürlükdür, balaca.
Ürəyində gizlətdiyin
Gizli bir yükdür, balaca.
At çiynindən, sevda yükün
Səndən böyükdür, balaca.
Səndə tamam oldum
Qəmzəndə şərab içməklə
Dönüb Xəyyam olub gəldim.
İçib özümdən keçməklə
Sevdanda xam olub gəldim.
Havalandım, göyə çıxdım,
Hər nazına yiyə çıxdım.
Sənə qədər yarımçıqdım,
Səndə tamam olub gəldim.
Eşq dərsinə, qəmzəli qız,
Gətirmişəm qələm-kağız.
Tut əlimdən bir şeylər cız,
Dərsə avam olub gəldim.
Batdım qəmzə günahına,
Tutuldum hər gün ahına.
Dərdlərin div iştahına
Adam-badam olub gəldim.
Bir ilahi aləmdəydim,
Meyim eşq idi, dəmdəydim.
Göydən düşdüm, yerə dəydim,
Yenə adam olub gəldim.
Yıxıldığın yerdən tut
Yıxıldığı yerdən tutmalı adam,
ayağa qalxmaq istəyi varsa.
Nə olsun mən bütün ayrılıqlara yadam,
Nə etməli, gedənlər doğmalarsa?!
Qızım, yıxıldığın yanlarımın
başını sığalladım uşaq kimi.
Ağrıları bağrıma basdım,
"Kişilər ağlamaz" deyən ruhsuzun
qəddarlığına inad
Nə vaxt ki, qaranlıq çökür,
Təkliyimin ovuclarında
ağlayıram hönkür-hönkür.
Tərkedilişlər güllə yarasıdır,
canında gəzdirərsən ölənədək.
Və bu yara sevdadandırsa
günbəgün böyüyəcək.
Yaralarını sev, qızım,
Qızın kimi sev.
Yaralarını qoru hamıdan,
Bil ki, hər adam,
Yaralarıyla böyüyür, balacam...
İtirmək qorxusunun şeiri
Atamın böyrəyi xəyanət edir,
Atam heç özü də özünə baxmır.
Anamın ürəyi xəyanət edir,
Anamın təzyiqi sözünə baxmır.
Yaman diksinirəm hər gələn zəngdən,
Qorxuram alışam itirməklərə.
Kim qalib çıxdı ki, ölümlə cəngdən? -
Amma ki, çox tezdi itirmək hələ...
Atamla, anamla sınama, Tanrım,
65 nədir ki, 70 də azdı.
Bu üsyan deyil ki, qınama, Tanrım,
Ürək diktə etdi, qələm də yazdı.
Atamın dözümü, anamın səbri,
Qayadan möhkəmdir, dağdan böyükdür.
Bir yerdə kəsilir adamın səbri,
İtirmək qorxusu hamıya yükdür.
Atam hey deyir ki, dünya fanidi,
Hər kəsin dərd-qəmi, bəlası olub.
Atam atasıdır anamın indi,
Anam da atamın anası olub.
Anam da deyir ki, əl-ələ verib
Hələ neçə illər yaşayasıyıq.
Sevinci sevincin üstünə sərib
Nəvə toylarına daşıyasıyıq.
Atam ocaq yerim, anam pir yerim,
Onlar danışdıqca cana can gəlir.
Qorxular yox olur, açılır eynim,
Ömrümə yenidən həyəcan gəlir.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!