Mənim bir sualım var
Kəsmişdim üzünü xoşuma gəlməyən kitabın,
uşaq vaxtı...
İndi də xoşuma gəlməyən
adamların ayağını kəsirəm
ömrümdən.
Çəkmişdim rəsmini anamın,
doqquz yaşımda...
Üç dəfə öpmüşdü məni.
Yanağına qəmzələr qoymuşdum
bir gülüşüylə...
Bağçamıza qızılgül qələmi əkmişdim
Gecəgözlüdə,
Böyüyüb "ayrılıq" yazdı ömrümə:
Yurdumdan...
Anamdan...
Səndən...
İndi də özümdən ayrılıram.
Ayrılıram ki, Allaha yaxınlaşım.
Bu ilin martında da sən getdin, ata!
Axund dedi ki, cümə günü ölənlər sorğu-sual olunmaz.
Mənim bir sualım var:
- Anamı gördünmü?
Rəssam
S.Soltanlının rəsmlərinə baxarkən
Su çəkmisən quru torpaqlara
yaşıllıq gəlsin deyə.
Yaşıllıq gəlir əlindən, deyilsən biganə...
Yaxşılıq - insanın bu dünyada qoyub getdiyi
və özüylə apardığı yeganə xəzinədir...
Par-par parlayır dərin təmizlikdən,
Yanaqlarında suyun rəngi,
dərinliyi gözlərində bulaqların...
elə sadəsən, elə bil Bəhlulzadəsən.
Otların nəfəsi canlanır, dəlib çıxır cadarlı torpaqları...
Bəs sən özün hardasan?
Su çəkmisən yanaqları qırış-qırış düzlərə,
Artıq ölümə qarşı qorxusuzluq yaranıb bu rəsmdə...
Fırçanda gəzdirirsən dünyanın nəfəsini,
Rəngdən-rəngə salırsan qəfəsdəki bir quşun səsini.
Baxıram çılpaq ağaclara bağlanmış diləklərə,
Körpə-körpə tumurcuqlar,
Bükülürlər yaşıl bələklərə
sulu boyadan sonra...
Bir köhlən atlı
buludları çəkib aparır suya həsrət torpaqlara.
Saqqalını yuva etmiş bir qoca,
Bəsləyir bir quşcuğazı mərhəmətlə,
heca-heca yazıram gördüklərimi...
Sonra,
qarşımda duzla dolu dənizlə qarşılaşıram.
Sənin əllərindən çıxan fikirlər dərin-dərin,
Bu nədir ki, hələ!
Dəniz gömgöy sularını saralan otlara vermək üçün
can atır sahilə.
Tökülür fırçandan qumlar xışıltılı səslə,
Bir qum və qəm dənəsi düşür gözlərimə
susuzluqdan qaralan
Somalili uşaqları gördükcə...
Ölümü əyləncə bilib boğazındakı kəndirdə
yellənirdi bir uşaq...
Ananın yapdığı çörəklər
küt getmişdi təndirdə
həmin gün ancaq.
Birdən özümü görürəm,
Canı şüşədə olan bir div
asıb məni qara saçlarıımdan mağarada.
Sən şüşəni sındırırsan,
Mən düşürəm saçlarımdan.
Sonra qırx qapı keçirik,
(Saçlarım düşürür məni qırx yaşımın uclarından
ağara-ağara)...
Ağ qoçun belində çıxıram Yerin üstünə.
əl uzadıram rastıma çıxanlara, "salam" verirəm,
Parlayır boynumda qara qızıl -
Torpağının altı üstündən qiymətlidir bu məmləkətin,
bilirəm.
Dənizi yorğan kimi çəkmisən şəhərin üstünə,
Qala divarlarını boyunbağı, parkları bilərzik kimi...
Alov qüllələrini üçqaşlı bir üzük kimi taxmısan
şəhərin şəhadət barmağına,
Şəhidlər xiyabanının yanında...
Çəkirsən əlimdən tutub,
Mən də yavaş-yavaş sevməyə başlayıram
rəngləri,
ən çox da sarını.
Götür fırçanı, rəssam,
Çək, gözləmə yarını!
Dilinin altında gizlənir insan
Dilinin altında gizlənir insan,
Bu, ən böyük coğrafi kəşfimdir, bəlkə də...
Qobustandakı qayaüstü təsvirlərdi,
Qavaldaşının gurlayan səsidir,
arxeoloqun dəyməmiş nəfəsidir,
dilinin altı ibtidainin.
Hələ insanın təbiətlə iç-içə olan vaxt
yarandı kamanla ox.
Boğaziçindən çıxan boğazsamitli
səsdən sonra tanıdım dinimi,
ondan çox əvvəl dilimi -
İllər öncənin kitablarında kirli kirilindən,
Təmiz əlifdən, bədən,
Ta səndən başladı latınım da,
anam-atam da,
ey Adəm!..
Bir karvan kimi keçir bədənimdən fikirlərim,
Qələm tələsir düşüncələri almağa,
Karvansara qapısı kimi açılır səhər,
Sürətləndirilmiş görüntüdür həyata maraq...
Bax beləcə,
Fikirlər tələsir harasa,
Gecənin səhəri bağlayacağından qorxaraq,
dilinin altından çıxır insan...
Qalaktika, Ay və Günəş...
Marsda da həyat var,
Torpaq, od, su, hava,
Yer üzündə hələ də dava, dava...
İndi nağıl deyil daha kosmosa uçmaq da,
Sehrli xalçalar yoxdu daha,
sehrli təyyarələr var, bir də səyyarələr,
nağıl dili yüyrək olar.
Nağıllardan düşmür daha nənəmin üç alması,
Nənəm də yoxdu daha,
Dilinin altında gizlənib nağıllar.
Yerin qara üzü gəlir, səssizlik çökür gecəyə,
yerlər salınır,
Dilinin altında yatır hamı...
Səni ilk gördüyüm yer
Səni ilk gördüyüm bir Yer vardı -
Öz oxu ətrafında fırlanan...
Yaydan çıxan oxunu
indi ürəyimdə gəzdirirəm...
Səni ilk gördüyüm bir yer vardı,
İşığı işıq deyildi ki, nur idi,
İndi o nuru balıq gözlərimdə,
Gecə-gündüz üzdürürəm.
Səni ilk gördüyüm bir səs vardı -
Heç kimdə tapammıram...
O səsin gözündən keçirib
Qulaqlarıma sırğa asdım busəni.
Səni ilk gördüyüm bir din vardı -
İmanı sən,
Peyğəmbəri sən -
Məhəmmədi sən,
Süleymanı sən...
Səni ilk gördüyüm bir gün vardı -
Gün çox dar idi, çox dar...
Darıxdım.
Tövbə qapısıdır gözlərin
Qanım çəkdi səni Şeyx Zahid işığında,
İndi damarlarımda gəzir şəklin,
Görsən - Cənnətdən qovulmuş Həvvayam,
Görməsən özümlə dava.
Bir ip ucu taxdın
şəhadət barmağıma o gün -
La İlahə illəllah!
Çəksəm söküləcək dan yeri,
Çəkməsəm boğazımda düyün qalacaq.
Bir ağac göstərdin mənə
Payızın içində,
Ağac ağac deyildi ki!
Səni görəndə tumurcuq bükümü,
Görməyəndə yarpaq tökümüydü...
Tövbə qapısıdır gözlərin,
Açsam tövbəli Gəlinəm,
Aşmasam dəlin.
Halalım olmasan da, hülulumsan...
Qanım çəkdi səni,
İndi "çəkim-çəkməyim" sualı yorur məni...
Şəkillərdən baxan gözsən,
Görən şəkilsən...
Dondan dona girməyini istəmirəm daha,
Məndə qal, tənasüx etmə,
getmə!
...Sən getdin deyə qınamıram heç,
Gözləyirəm ricətini.
Yenə gələcəksənmi?
Bilmirəm.
Ölüncədir çətini...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!