Şirin nəğmələr və dualar üçün doğulduq... - Şairin Tanrıya göndərdiyi elçi - Ülvi BABASOY yazır

Şeirdə insan bədəninin rolu...

 

Ritual

Mətnoxuma ritualı  maraqlıdır. Oxucu mətndən zövq və həzz alırsa, ikiqat maraq yaranır. Mətn yaratma prosesi isə, insanın var olmaq səbəbidir. Mətnyaratma prosesi böyük tarixi forma və məzmun mərhələsi keçib. Daş kitabələr, müqəddəs kitablar; "Zəbur", "Tövrat", "İncil", "Quran", kağız dövrü və elektron çağ. Tanrının kitabları olmasa belə, insan onu yaradacaqdı. Ona görə də ilahi kitabları mətnləşdirmə prosesi insana aiddir. Elə buna görə də həmin kitabların insana və ya Tanrıya aid olması sual və şübhə doğurub, doğurur və doğuracaq. Deməli, mətnyaratma prosesi hər zaman cazibə mərkəzində qalacaq.  Puşkinə görə, mətn yaratmaq insanın yaşamaq üçün ən gözəl bəhanəsidir.

Gündəlik həyatın

sıxıcı qayğıları üçün,

Qazanc arxasınca qaçmaq,

rahata çatmaq üçün,

doğulmamışıq,

- biz ilham üçün,

Şirin nəğmələr və dualar üçün

doğulduq.

Struktur məna ilə uzlaşmağa məcbur olub həmişə

Faiq İsmayılovun "Yağma, qar" şeiri insan bədənini mətndə, sənətdə və şeirdə görmək və göstərmək qabiliyyəti üzərində yaranıb. İnsan bədəninə xas əlamət və keyfiyyət şeirin natural, estetik formasında təqdim edilir. Xarici  (zahiri) forma və daxili (batini) məzmun obrazlı, plastik, rəmzi məcazlar sistemi ilə dekorasiya edilib.

Yağma, qar!

Məni qarabuğdayı doğub anam,

çətin ağaram.

Tutaq ki, ağartdın saçlarımı,

ağartdın dabanları yeyilmiş

42 ölçülü ayaqqabılarımı.

Tutaq ki, ağartdın geyimimi -

kecimimi.

Ağarda bilməzsən bəxtimi

Həndəsi uyğunluq

"Yağma, qar" şeirində Faiq öz avtoportretini yaradır. Şairin, lirik qəhrəmanın həndəsi forması intervizual mozaikalara parçalanır. Bədii strukturla qəhrəmanın görünüş simmetriyası çoxsəsli, geniş semantik miqyasda uzlaşır. "Yağma, qar" şeirinin struktur estetikası bir neçə bədii təyinatları özündə cəmləyir:

Görmə qabiliyyəti: Şair özünü və qara ömür-gün  yaşayan bütün insanları nəzakətli bir bənzətmə ilə obrazlaşdırır. Dərisinin rəngi qarabuğdayı olanlarla bəxti qara olanlar Faiqin görmə bucağında kəsişir. Daha çox epik və dramatik keyfiyyət  kimi təzahür edən estetik görüntü şeirdə dəqiq ölçülərlə konkretləşir.

Xarici görünüş: Şeirin lirik qəhrəmanı dəqiq və plastik bir zahiri görkəmə sahibdir. Ortaboyludur. Hardan bilirik? Çox güman ki, 42 ölçülü ayaqqabı geyinmiş bir adam ən azından ortaboylu olacaq. Rənglər xarici görünüşü tənzimləyən və simvollaşdıran estetik dekordur. Qarın bəyazlığı ilə siyah saçlar arasında gözəllik duyumu yaradılır. Ağ günə çıxmaq istəyən insanın xarici görünüşü qarın təmizliyi, gözəlliyi və şəffaflığı ilə tərs mütənasibdir.

Daxili və xarici bədən: Şeirin strukturu baxımından ən vacib amil daxili və xarici bədənin; məzmun və formanın olmasıdır. "Yağma, qar" kimi süjetli, vizual şeirdə insan bədəni fizioloji və metafiziki hissələrə bölünür. İnsan bədəninə fərqli və yeni yanaşma tərzi, emosional, çılğın temperament şeirin hər misrasında davam edir. "Yağma, qar" şeiri məzmun və formanın, daxili və xarici strukturun təsnifatı üçün də dəyərli nümunədir. Faiq İsmayılov yeni poetik deyimlər, məcazlar sistemi ilə dolğun ifadə estetikası yaradır.  Həmçinin struktur estetikasındakı yeni  təsvir və təhkiyə metodu daxili və xarici bədənin vəhdətini nizama salır.

Bədənin xarici sərhədləri: Qarabuğdayı qəhrəman dabanları yeyilmiş 42 ölçülü ayaqqabısı ilə geyim-kecimini, vizual vəziyyətini müəyyən edir. "Ağarda bilməzsən bəxtimi" misrası  bədənin xariclə, ətraf mühitlə əlaqəsi haqqında ekzistensial assosiasiya doğurur. Bəxti gətirməyən insanların ümumi, poetik tablosu ortaya çıxır.

Ətraf mühitdəki hadisələr: Faiq lirik mənin ətrafında baş verən hadisələri təsvir etmədən onlar barədə geniş məlumat verir. Bəs bu necə olur?  Ovqat psixologiyasının zərif və estetik ifadəsi ilə. Əhvalın şeirə çevrildiyi andır bu. Ahəng və poetika bir az ləngərli, bir az da ritmik intonasiya ilə enib-qalxır.

Özünükəşf: Faiq İsmayılovdan illər sonra Nərmin Kamal "Allahı bağışlama" şeirində Tanrı ilə söhbətin rənginə və səsinə etik və estetik  proyeksiya edir. Allahı bağışlamaq həm də özünükəşfdir. İnsan Tanrının müdaxiləsindən kənarda mövcuddur. Seçim etməkdə sərbəstdir. Əks halda həyat çox mənasız və sıxıcı olardı.  Bunu Tanrı da yaxşı bilir. Məhz ona görə də insanı "yaşamaq və yaşatmaq qovğası" ilə baş-başa buraxıb. Şeir sənəti isə Tanrıya belə təsəlli vermək iqtidarındadır:

Allah üzr istəyəcək bizdən

Bağışla

- deyəcək, qızım

bağışla ki,

sənə yaxşı tale vermədim

təəssüflər içində keçir ömrün

bağışla, mənim balam,

- deyib hönkürəcək

Mən onu başa düşəcəyəm,

qolumu qaldırıb sarılacağam boynuna

üç dəfə yüngülcə

kürəyinə vuracağam əlimlə

eybi yox, deyəcəyəm,

Eybi yoxdur.

Əlini saçlarımın arasına salıb dolacaq,

bunu belə sarışın etmədim,

bunu belə qıymadım sənə - deyəcək

"Yağma, qar" şeirinin finalında insanın özünü kəşf etməsi, özünü qiymətləndirmədəki  qəti və dəqiq parametrlər həyatla sənət dilində ünsiyyət qurmağın intonasiyasıdır. Çünki "Yağma, qar" bəxti gətirməyən bir adamın şikayəti, qara-qara deyinməsi deyil. Qarabuğdayı ömür sürən bir adamın Tanrı ilə söhbətidir. Ancaq bu söhbətdə qar metaforu şairin Tanrıya göndərdiyi elçidir:

Özünü yorma, qar,

yağma, qar!

Çətin ağaram!

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!