İon Hadırka (1949) - görkəmli moldav-rumın ədibi, şair, yazıçı, fikir adamı, ictimai-siyasi xadimidir. Eyni zamanda, tərcüməçi kimi də tanınır. Onun tərcüməsində Nizami Gəncəvinin aforizmləri Moldovada nəşr edilib.
"Artera Zen" kitabından "Azərbaycan damarı" bölümündən seçmələr
***
İstanbuldan uçuruq?
Türklərlə doludur İstanbul.
Onda biz ruslarla dolu
Moskvadan uçaq.
Moskva üzərindəki buludlar
Elə gömrükçülərə oxşayırlar.
Qaraşın Vüqar bəy
bizə şübhə dolu nəzərlərlə baxan
saçı saman sarısı
paqonlu xanıma yaxınlaşır:
-Deyin, zəhmət olmasa,
göz yaşlarına yenəmi inanmır Moskva?
-Əlbəttə, inanmır, əlbəttə.
Çıxardın ayaqqabı…və kəmərlər…
-Təəssüf, axı
o nəyəsə inanmalıyıdı əvvəl-axır.
Bakı göydələnləri "Yastı dam Bakı"
Vladimir Mayakovski
Limanın qaldırıcı kranları səmanı cırmaqlayır
Çılpaq buruqlar çırmaqlayır səmanı.
Minarədəki müəzzinin səsi
səmanı cırmaqlayır.
Şişuclu damların səmimiyyəti
cırmaqlayır səmanı.
Mayakovski büsbütün yanılırdı-
yastıyapalaq söz qırıntılarından
səmaya pilləkən çəkmək olmaz.
Yelkənlər cırmaqlayır səmanı
və ayın buynuzları.
Qırılmış simləri sazın
cırmaqlayır səmanı.
Dəliqanlılar cırmaqlayır səmanı.
Günəşi cırmaqlayır gözəllər - zərif əllər.
Şəhərin yarasından doğulur
bir cızıq-cırmaq yeri olmayan
yeni-yeni səhərlər.
Beləcə doğulur, dirçəlir
öz ilkinliyi ilə şəhər.
Toxunulmaz Nizami
Onun evazkar
Xəmsəsini
və müdrik rübailərini
oxusam da,
“İsgəndərnamə”nin səhifələrinə
bürünsəm də,
Leyli-Məcnunun göz yaşları ilə
yuyunsam da,
bu il də Nizami ilə
görüşə bilmədim.
Nikolae Spetaru (1961) - yeni moldov ədəbiyyatının tanınmış nümayəndəsi, nasir, şair, tərcüməçi və publisistdir. Rumıniya və Moldova Yazıçılar birliklərinin, Pen klublarının üzvüdür, Moldova Milli Kitab Salonunun(1993) , Rumıniya Mədəniyyət Fondunun mükafatlarını alıb; Moldova Yazıçılar İttifaqının katibidir.
Necə zəng etməli...
Yağış haqqında bütün şeirlərdə olduğu kimi,
yağış yağır
və neçə gündür darıxmağın
bir özgə açmasını tapmaq istəyirsən
təəccüblənirsən ki, saitlər samitlərlə
mübahisə etmirlər
(hətta sözlərdə belə nifrət və düşmənçilik yoxdu indi)
səni saatın səssiz işləməsi hövsələdən çıxardır
bir də payızın qarşısında
ləyaqətini itirən çiçəklər
bu vəziyyət
dərin bir sıxıntı gətirir
dəstəyi götürüb
fərqində olmadan nömrə yığırsan
alo deməzsiz
necə zəng etmək olar in-inqilaba?
Təklikdəki poema
Şeirləri çap maşınında döyəcləyirəm,
sözlərin qəlpələri ətrafa sıçrayır
masaya, divarlara, kitab rəflərinə,
sanki quyu ətrafında qaçışan
kəsilmiş xoruzun qanıdır.
Şeirləri çap maşınında döyəcləyirəm,
saitlər və samitlər qalın təbəqəylə çöküntü verir
üst-üstə qalaqlanır (yaxşı ki durğu işarələrindən
vaxtında vaz keçmişəm)
hər dəfə daha qalın
divarlar və tavan güclə seçilir,
pəncərə görünmür,
qapını ayırd edə bilməzsən
otaq
getdikcə kiçilir.
Şeirləri çap maşınında döyəcləyirəm,
o vaxta qədər ki, birləşirlər - bütünə çevirlirlər
ətrafımdakı əşyalar:
divarlar sözlər pəncərə sözlər qapı
tavan sözlər yazı maşını masa
sözlər kitablar sözlər sözlər.
İndi yəqin ki, kimsə
mənimlə otaqdakı əşyaların fərqini tapmaq üçün
boşuna cəhd edəcək.
Uduzulmuş xəritənin şəhəri
Bu şəhərin sənə təklif edəcək
heç nəyi yoxdu
damarlarında zəhər kimi axır
Ad və Səmud.
Bu şəhərdə yaxşı olmaq günbəgün
mümkünsüz olur
öz-özünlə qalmaq,
xəyal etmək də həmçinin
(hökmən kimlərsə qəmiş olur sənə)
və anlayırsan ki, dəli olmaqçün belə
sənə heç bir yol saxlamayıblar.
Əgər dalğınsansa,
küçələr səni mütləq
azdırar gecələr
adlarının qəribə
təzadlı mənaları var,
ya da lap pisi
mənasızdır onlar
hər an
bu şəhəri uda bilərlər
ya da uduza bilərlər kartda
çünki səmadakı
tərpənməz ulduzlarla
hər hansı əlaqədən
məhrumdur həm də
və təklikdə itmiş unudulmuş
qala rolunu məşq edir.
bu şəhər (öz kiçik
və böyük dərdləri ilə)
inandığın taleyindir sənin.
Mariya Pilkin (1982) - yeni nəslə aid tanınmış moldav şairəsi və ədəbi tənqidçidir. "İvan Qoq, sənin üçün şeirlər" poeziya kitabının, "Tənqid dəhlizləri" ədəbiyyatşünaslıq kitabları məşhurdur. Moldova və Rumıniyanın bir çox ədəbi mükafatlarını alıb, hər iki ölkənin yazıçı təşkiltaının üzvüdür. Kişinyov Dillər Universitetində dərs deyir. Öz ölkəsinin bir çox ədəbiyyat mükafatlarının sahibidir.
Made in China
Əziz Çin,
sağ ol ki
Hər yerdə varsan,
hər yerdə mənimləsən
içimdəsən,
çölümdəsən,
yanımdasan.
Elə bil anamsan,
mən də
sənə oxşamışam,
sənə çevrilmişəm
made in China
Saşa Puşkin üçün e-mail
Əziz Saşa Puşkin,
belə anlaşılır ki, bəzi bessarablar
ürəyincə olmadılar
hərçənd Odessada Saşa Sturdza
və onun ağıl dağarcığı bacısıyla görüşdün
bilirsən burda şayiə gəzir ki
sən guya çarın kaqebisti olmusan
ya da ona bənzər bir şey
indi bizdə bu cürə qeybətlər dəbdədir,
amma məni başqa şey maraqlandırır
tez-tez unutmayım deyə düşünürəm
etiraf edim ki, sənin
Qaratoxmaq qadınla Oneginin
xoşuma gəlir hər necə olsa da
hə tez-tez düşünürəm ki,
səninlə bir zamanda yaşamaq istərdim,
baxmaq istərdim ağ ərəbin gözlərinə.
axı pislik hardasa yaxınlıqda ola bilərdi
bir neçə ağıllı
söz deyərdim sənə,
istərdim dəyişəsən fikrini
bizim quberniyanın camaatı haqqında
hərçənd mən də
bəzən sənin fikrini bölüşürəm
güc gələ bilməyəndə dərdə
(pardon gözəlçələrə şirin romantik şeirlər
yazılan dövrlərin vərdişilə
deyəsən qafiyə də tuturam hərdən).
Bacarırsan İudanı sev
x deyir ki, y xəbərçi olub
y deyir ki, x hələ də xəbərçilik edir,
sanki atam qışqırır ki, anam ləçər
anam qışqırır ki, atam əyyaşdır,
belə çıxır ki, hamımız bir az İudayıq,
hə İsanı sevmək necə asandır
bacarırsan İudanı sev
bəlkə həqiqi eşq elə budur
axı İudasız xilas olmazdıq
heç birimiz.
İvan Pilkin (1983) - tanınmış şair, esseist, rumın və rus ədəbiyyatı tərcüməçisidir. Moldova Dövlət Universitetində çalışır. Moldova və Rumıniya Yazıçılar İttifaqının üzvüdür. "Lector in libris: Bessarabiya yazarları mütaliə, kitab və kitabxana haqqında" adlı ikidilli antologiya ilə ədəbi debüt edib.
Sənin işığın...
Özünə inanmaq
deyirsən ki,
Allaha inanmaqdan
çətindi.
İnan,
sənin sözlərin
həyatdır
işıqdır,
sənin sözlərin
Allahdandır.
Eləcə
qoy açılsın pəncərə
sənin əllərinlə
de,
qoy hər yan
işığa boylansın
görəcəksən ki
boyandı
görəcəksən ki,
yaxşıdır
sənin işığın...
Adi şeylər
Adi şeylər barədə
adi sözlərlə danışmaq
tayabatay açılı
işığa bələnmiş
pəncərə önündə dayanmaq,
məsələn, buludların görünüşü barədə
mübahisə eləmək
astadan
diz-dizə toxunmaq
təbəssümləri gözümüzə təpmək,
ətrimizi içimizə çəkmək dəli kimi.
Budur mənim bu bazar günü arzum,
budur mənim bu səhərki yuxum,
budur mənim gecədən keçmiş xəyal etdiyim.
Portret
Budur büllur stəkan,
ancaq bayramlarda
içilər bundan,
ehtiyatlı olun
zəhmət deyilsə.
Budur qarışqa
yolunuzun ağzında
bir şirin qırıntı ilə
tapdamayın
zəhmət olmasa.
Budur astadan ləngər vuran
ilbizin gözləri
işıq axtarışında
zəhmət olmasa toxunmayın.
Odissey
Axı
sonucda
hamını Odisseyin
yolu gözləyir-aqibəti
dostları bir-bir itirmək
" mən heç kiməm " söyləyərək
xilas olmaq
qürubda Yasəmənin nəğməsini eşitmək,
məlakələrin qoynunda azadlıq axtarmaq,
dibsizliyin duzlu suyunu dadmaq
unudulmağın ot-ələfinə bürünmək
öz səyahətin barədə olmazın şeylər danışmaq
sevilmək
və evinə tələsmək.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!