Moskvada təhsil aldığımız illərdə mərhum Xəlil Rza Ulutürklə sözləşib böyük türk şairi Nazim Hikmətin görüşünə getdik. Yataqxanamız Peredelkino deyilən yerdə, Moskvadan bir az aralıdaydı. Rus yazıçılarının yaradıcılıq, istirahət evləri olan yerdə. Bütün ərazi küknar meşəsiydi.
Rəhmətlik Xəlil Rza ilə aramızda mübahisə olmuşdu: şeiri necə yazmaq lazımdı? - Mayakovski kimi, pafosla, yoxsa Yesenin kimi sakit. Bəzən də pıçıltı ilə?
Nazim Hikmətin yaşadığı bağ evi bizim yataqxanamızın demək olar ki, qonşuluğunda idi.
Bir neçə dəfə onun evində olduğumuz üçün, bizi köhnə tanışları kimi qarşıladı. Ona baxan həkimi və həmışə o evdə gördüyümüz Qalina Qriqoryevna da xoş üz göstərdi.
Biz oraya - böyük qardaşımızın, ustadımızın yanına getmişdik.
Divanın üstə söykənmişdi. Günorta üstü olardı.
Sualımızı verdik.
Nazim Hikmət bir an susdu. Sonra qalxıb qarşıdakı pəncərənin qarşısında dayandı. Səməd Vurğunun "Şair, nə tez qocaldın sən" şeirinin bir bəndini dedi. Qayıdıb divanda, söykəndiyi yerdə əyləşdi.
- Şeiri, ananla hansı dildə danışırsansa, o dildə yazmalısan, - dedi: - sakit, astadan.
Xəlil Rza birinci söz aldı. Fikrini sübut üçün, böyük şairin öz şeirindən misal çəkdi.
- Siz bu şeirinızi pafosla, Mayakovskivari yazmısınız - dedi:
... Şərqdən gəliyorum,
Şərqin dərilərini bağıra-bağıra gəliyorum.
Sən yanmasan,
mən yanmasam,
biz yanmasaq,
necə çıxar qaranlıqlar
aydınlığa?!
Nazim Hikmət gülümsədi:
- Canım (o bizə "canım", "şəkərim", biz də ona "Nazim can", "ustad" deyə müraciət edirdik), mən ona görə elə yazmışam ki, o cür pafoslu şeir lazım olanda onun yox, mənim şeirimi oxusunlar, - dedi.
Ustadın sözlərini mən olduğu kimi misal gətirdim. İndi, burada dediklərimi isə mərhum dostum şair X.R.Ulutürkün sağlığında da yazmışam. Biz o vaxt belə düşünürdük. Ədəbi axtarışlar üçün yaradıcılıq mübahisələri edirdik.
Vaqif Bəhmənli anasıyla danışdığı dildə yazan şairlərimizdəndi: sadə, aydın, koloritli. Bəzən də pıçıltı ilə. Belə pıçıltılar (qışqırıqlar yox, pıçıltılar!) bəzən daha tez eşidilir.
Mən, ümumiyyətlə, çoxdan bu möhtərəm şair dostum haqqında yazmaq istəyirdim. Gənclik, tələbəlik illərimdə o, mənim rəhbərlik etdiyim ədəbiyyat dərnəyinin fəal üzvlərindən olub.
Şadam ki, indi onların bir neçəsi görkəmli qələm sahibi kimi tanınır. Çağdaş şeirimizi, nəsrimizi ləyaqətlə təmsil edirlər.
Bu yaxınlarda, görüşlərimizin birində şair dostum, Yazıçılar Birliyinin katibi və "525-ci qəzet"in Baş redaktoru Rəşad Məcid dedi ki, Vaqifin türk dilində yeni şeirlər kitabı çıxıb. Türkiyəyə yola düşəcəyik.
Vaqif söhbətinin üstə gəlib çıxdı. Bakıda nəşr olunan yeni "Qansız savaş" kitabını mənə bağışladı. Təbrik etdim.
Şairin dörd yüz səhifəlik kitabında bir-birilə daxili zəncirvarı bağlılığı olan şeirlərini bioqrafik mənzum roman kimi oxudum.
Əsər Vaqifin özü haqqındadı - ana bətnindən, barelyefini gördüyü son ana qədər olan acılı-şirinli ömür sürən, düşünən, düşündürən mütəfəkkir bir şairin həyat yolu haqqında.
Bu kitabın orijinal struktur quruluşu da var. Əsər bütünlüklə beş "Qat"dan ibarətdir. Hər "Qat" bir bənd şeirlə açılır və hər fəslin üstə, sanki bir Ay aydınlığı salır. Bundan əlavə, burada ayrıca Qarabağ haqqında proloqu, epiloqu olan poema da (əsər içində əsər!) var ki, orqanik şəkildə "Qat"ların açılmasında, sanki bir açar rolunu oynayır.
Şair yazır:
Söz baba yurdudu, mən də sultanı,
yurdu Vaqif təki qoruyan hanı?
Calanır atamın qırmızı qanı,
anamın ağ südü axır şerimə.
- kimi misraları ilə oxucunun qəlbinə sehrli yol axtarır. Şeirin, sözün süddən, sümükdən gələn bir halallıq, Tanrı payı olduğunu vurğulayır.
"Peyğəmbər kimi", "qeybə çəkilməyi"n, bu yaradıcılıq prosesinin özünü şairin ilahi missiyası kimi qiymətləndirir.
Sağ olun, dostlarım, sağlıqla qalın,
mən çıxıb gedirəm.... Məmləkətimə.
Boğçamda azuqə,
əynim də qalın -
bir təhər baxmayın hərəkətimə.
...hər bir ayrılığın səbəbi olur,
sizdən ayrılığın səbəbi yoxdur.
... Qəfil gedişimdən qorxmayın, dostlar,
mən çıxıb gedirəm, yazı yazmağa.
"Şeir yazmağa", "əsər yazmağa", "kitab yazmağa" deyə bilərdi. Sadəcə olaraq, "yazı yazmağa" deyir. Bu da Vaqif Bəhmənlidi!
Dostu Rəşad Məcidin dünyaya yeni göz açan oğlu balaca Vaqifin portretini elə cizgilərlə çəkir ki, biz onu görməsək də, təsəvvür edə bilirik.
İkinci Vaqifdi bu, ürəyi nazik, şüşə,
Cingiltili gülüşü, çağlar şəlalə kimi.
Qulağı qoz ləpəsi, cüt baxışı bənövşə,
Bərk qolları poladdır, kürəyi qaya kimi.
Bunu da demək lazımdır ki, adətən rəssamlara aid edilən belə detalları, ştrixləri görmək və göstərmək Vaqifin də şeir yaradıcılığı üçün xarakterik haldır.
Nazim Hikmət bədii obrazın tərifini verəndə deyirdi ki, o detalı gözünlə gör, əlinlə də tut. Bax, budur obraz!
Şair körpəyə olan istəyini, arzusunu bildirərkən yazır:
Vaqiflər Vaqif olmaz, Vaqif eşqi olmasa,
Sevdiyini görüşə Yer pisdi, Göyə çağır.
Gəlin pasport adını dəyişməyə qoymasa,
Xəlvətlikdə sən onu "Rəhilə" deyə çağır.
Rəhilə - Vaqif Bəhmənlinin şeirlərində işlətdiyi, sevdiyi addır. Çağırdığı İlham pərisidir. Balacaya da bunu arzulayır, indidən onunla ərklə danışmağa başlayır.
Silsilə şeirlər arasında "Qarabağ" adlı qəzəl şairin həm könül ağrısı, həm də könül istəyidir. (Təkcə Vaqifinmi?!) Onun ulu şair babası, XVIII əsrin sonlarında yaşamış böyük məhəbbət və təriqət yolçusu Seyid Həmzə Nübari də qarabağlı kimi bu torpağa "Qarabağ" adlı qəzəl yadigar qoyub getmişdir.
Qəzəllərin ikisini də yanaşı qoyub oxuyuram. Vaqifi böyük eşqin, həsrətin, böyük təmkin və iztirabın, bu yüksək insani keyfiyyətlərin varisi görürəm.
"...Aləmi cənnət imiş dari-diyari Qarabağ!".
Seyid Həmzə Nigari
"...Cənnətin ortasına taydı qırağı, Qarabağ!".
Vaqif Bəhmənli
"...Yeridir kim, çəkərəm mən ahu-zarı, Qarabağ!".
Seyid Həmzə Nigari
"...Nəhs gəlib tale zəri, ah kimiyəm bir gəzəri".
Vaqif Bəhmənli
"...Nə gözəl nemət imiş söhbəti-yari Qarabağ".
Seyid Həmzə Nigari
"...Gövhərin məskənisən, dürdü dodağın, Qarabağ".
Vaqif Bəhmənli
Bu misraların çaldığı havalar könül qohumluğu olduğu üçün bir pərdədə köklənmiş səslər də bir sinədən gəlir. Bəlkə də, Seyid Həmzə Nigari çağırışının əks-sədasıdır?! Bizim günlərdə "Qarabağı unutmayın!" - çağırışı kimi səslənir.
Əvvəldə demişdim ki, "Qansız savaş" əsərinin baş qəhrəmanı, oradakı məişət və həyatın rəngi, boyası - hamisi şairin özüdür. Bir Vaqifdə cəmləşən - Vaqiflərdi. Təkcə şair yox, müxtəlif iş-güc sahibi, həyat tərzi olan Vaqiflər. Əsərin axırında o, ədəbi axtarışları zamanı nəhayət, gəlib divara vurulmuş öz barelyefini görür. Və bunu belə mənalandırır:
Hörülsün divara şöhrət kölgəsi,
Barelyef neyniyir dərdin yaşıdı?
Mənim barelyefim Şuşa qalası,
Şəhid oğulların sinə daşıdı!
Bu misralar qürur hissilə səslənir.
Vaqif mənə deyirdi ki, bu kitabı dörd ilə yazıb.
Sənə uğurlar, daha bir yeni dörd il, Vaqif!
Bakı 04.02.2019
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!