Xoşuma gələn geyimlər
yaşıma uyğun deyil.
Yaşıma uyğun olanlar
xoşuma gəlmir.
Ürəyimdən keçən günlər
başıma uyğun deyil.
Onunçün istədiklərim
başıma gəlmir.
Nə ola, alınan mallar
geri verilə.
Mən də qaytaram bu canı,
xoşuma gəlmir.
Cansız bir maneken olam,
heç dəyişməyən.
Baxam donuq bir vitrinin
boz şüşəsindən.
***
Hər dəfə yol keçəndə
səbirlə gözləyirəm.
İçimdəki səbirsiz mən
dayana bilməyib yolu keçir.
Maşın vurur onu,
yolun ortasında,
gözümün qabağında.
Yanından başını bulayıb
keçən adamlar
Hardan bilsinlər,
Niyə tələsirdi bu qadın.
Gedəcək nə qədər yeri vardı,
görüləcək nə qədər işi...
Mən özümün
asfalta tökülmüş qanıma baxıram,
bədənimdən ayrılmış başıma,
qolumdan ayrılmış çantama.
Başımdakı son fikri xatırlayıram,
bir də çantamdakı
qızımın üzünə bağladığım qapının
yeganə açarını.
İçimdəki səbirsiz mən
hər dəfə belə eləyir.
Gah Anna Karenina kimi
qatarın altına atır özünü,
Gah Marqarita kimi
pəncərədən göyə.
Və hər dəfə səbirli mən
sağ olduğuma sevinirəm.
Evdə tək qalan qızımın,
bağçada gözləyən oğlumun,
xəstəxanada darıxan anamın
gözü yolda qalmayacaq deyə.
Bir az da yaxın oturun,
Lap həyatın yanında.
Yeni bir payız başlayır,
Pəncərələr önündə.
Səhərlər təndir çörəyi
və yağışlı havalar.
Səngiyirmi küçənizin
tinindəki davalar?!
Cavan-cahıl tərk edirmi
Yığışdığı dalanı,
Seyrəlirmi gəlişləri
Qatıqsatan xalanın?!
Yenə alov qüllələri
Gecə parıldayırmı,
Dərin bir yuxu içində
Yağış şırıldayırmı?!
Yandırdızmı sobaları,
Çəkdizmi pərdələri,
Asdınızmı divarlardan
Ömrün "xəritələrin"?!
Bir az da yaxın oturun,
Lap həyatın yanında.
Yeni bir payız başlayır,
Pəncərələr önündə.
***
Dibçək güllərini suladım öncə,
Saralıb büzüşmüş yarpağı üzdüm.
Təmasdan sevinən biçarələri
Açıq pəncərənin önünə düzdüm.
Beşyaşlı oğlumun yatmazdan qabaq,
Çəkib şifonerə yapışdırdığı
Mənə bənzəməyən rəsmimə baxdım,
Qəfildən oğlumçün yaman darıxdım.
Kamodun tozlanmış güzgüsün sildim,
Orda da əksimə baxdım və güldüm.
Haçandı görmürdüm, sanki üzümü,
Baxdım ki, toz basmış təbəssümümü.
Həzin bir mahnıya başladım sonra,
Uşaqkən anamın xoşladığından.
Mahnı da sevindi dodaqlarımda
Şad oldu hələ də yaşadığına.
Yemək də bişirdim, çayı da süzdüm,
Yemiş də doğradım, qarpız da kəsdim.
Dəyişdim masanın boz örtüsünü,
Ən təzəsin seçdim, ən güllüsünü.
Bir azdan uşaqlar gələcək evə,
Dağıdıb tökməyə nəsə tapsınlar.
Sonralar mənsiz də yaddaşlarında
Şəklimi çəkməyə nəsə tapsınlar.
Nə vaxtdı, evdən çıxmıram,
Odamda küllənirəm.
Bayıra addım atmağa
Tənbəllik eləyirəm.
İndi yadıma da düşmür
O çox darıxdığım gün.
Nəsə çovğun olmalıydı,
Son evdən çıxdığım gün.
Yenə yıxılan oldumu
Qar üstündə sürüşüb.
Hərdən gülümsəyirsənmi,
yadına nəsə düşüb.
Yalanı yoxmuş həyatın,
Sən demə, gerçək imiş.
Uşaq vaxtı uydurduğum
"Sən" belə gerçək imiş.
Uzaqlaşdım qapılardan
Qondum pəncərələrə.
Haçandı heç nə yazmırdım
Tərləmiş şüşələrə.
Üzümü qoydum, isindi
Pəncərəmin şüşəsi.
Və bir də smaylik çəkdim -
Gülücük işarəsi.
Sonra bir öpüş yolladım
Tanrıya-Yaradana.
Düşünmənin, var olmanın
Hissetmənin adına...
***
Qarşımda - Ana səhifədəki paylaşımları
Tək-tək "layk" elədim.
Birinə gülümsədim, birinə acıdım,
Dərin hüznlə kədərləndim.
Bayırda balıq satan kişinin
Qışqırtısı.
Otaqda divar saatının çıqqıltısı.
Saata baxmadım, pəncərəyə boylanmadım.
Bilmək istəmədim günün
Hansı vədəsi olduğunu.
Oyanıb, çay içib, yenə yatmış,
Yenə oyanmışdım.
İçimdə nə bir həyəcan,
Nə bir təlaş.
Kompüterin yanında
qırmızı bir alma vardı,
Yeməyə tələsmirdim.
Bu natürmorta oxşayan
Mənzərəni pozmaq istəmirdim.
Mövsüm qış, otaq isti, ayağım yalın,
Kreslom rahat,
Başım sakitdi.
Günə necə, hardan
başlayacağımı bilmirdim.
Sanki nəinki otaqda, bütün dünyada
təkdim.
Amma qarşımda - virtualda
Duyğularının üstünü
açıq qoymuş adamların
Hamısını sevirdim.
Gündüzün günorta çağı,
Niyə belədi, Allah?
Yerlə gedir qaşqabağın,
Nə səhv elədim, Allah?
Nə rəngdi havan bürünüb,
Zaman da keçmir, sürünür.
Gözümə ruhlar görünür,
Nə məsələdi, Allah?
Mən ən sonuncu qurbanam,
Dilimdə axırıncı dua.
Bəlkə, mənim qanım yuya
Sənin əlini, Allah!
***
Uçan qar dənəsimisən,
ensən əriyəsimisən,
gəlib tutaqmı səni,
bizə söz deyəsimisən?
Ürəkdənmi istədin,
var gücünləmi öldün,
hamı dərddən ölür, sən
sevincindənmi öldün?
Yazdınmı divarlara
son sözünü qanınla,
yaşamaq istərdinmi
öldüyün o inamla?
Səni neçəyə satdılar,
Bir anamı, bir günəmi,
Səni necə unutdular,
Sənin kimi, eləmi?
Əzrayıl sənə nə dedi,
Nə danışdın onunla,
Necə razılığa gəldiz,
nə dəyişdin canınla?
İndi nə ruhun ağrıyır,
Nə bədənin.
Sən ölümü öldürmüsən,
ölüm səni.
***
Oğrun-oğrun boylanırsan,
baxırsan içindən çölə.
Görürsən ki, heç kim yoxdu,
çıxırsan içindən çölə.
Taqətsiz bir quş aşağı
baxırmış kimi yuvadan.
Gün gözünü qamaşdırır,
Başın hərlənir havadan.
Qəfil nəsə tanış gəlir,
Bu duyğunu tanıyırsan.
Hər şeyi yaddan çıxarıb
uçmağı xatırlayırsan.
Anlayırsan, ən doğrusu
beləcə qanad açmaqmış.
Bir barama qurdu ikən,
kəpənək olub uçmaqmış.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!