Elə yaxınıq ki, nəbzinin səsini duyuram gözlərimi yumarkən... - Ümid Nəccari - şeirlər...

 

Teleqraf

Yolların soyuqluğuna dik gözünü

Gör,

görünməzliyə doğruyam...

Uzaqlıq bir zivədir yollara uzanan

Zivənin üstündə yellənen

                        köynəklərdir adamlar.

Pəncərənin o tayına birinci dəfə

                        "qürbət" - dedi atam.

Sürgün düşdülər...

Yabancı oldu adamlar...

 

Pəncərənin o tayına birinci dəfə

                        "gözyaşı" - dedi anam

Yağış oldular

Yaşardı adamlar

 

Pəncərənin əlindən tutub

Pəncərəyə "sevgi" - dedim

Buraxdılar...

Atdılar adımı

Getdilər adamlar.

 

Elə həmin yollarda

Uzun-uzadı bu teleqraf simləri

Bir sevgi məktubu simlərdə didərgin

Simlərə qonan quş nə bilər

                        simin darıxmasını!

 

Gör,

görünməzliyə doğruyam...

Mən o teleqraf simlərində yorulmuş

                        üçcə kəlmə söz

Mən həmin o yollarda

Bir işıq dirəyiyəm, ey yolçu...

 

Uzun uzadı bu gözləm

Geri qaytar ayaqlarımı!!

aldığın ayaqlarımla rəsm çəkirəm

                        yolların uzunluğunu

 

Uzun-uzadı bu özləm

Bu ciyər deyil içimdə havanı soran

Ciyərimdə bir ev var kimsəsiz

Ciyərimdə ağrı var, ey havam!

Ey suyum,

Susuzam səsinə...

İki kəlməlik dol boğazıma!

 

Uzun-uzadı bu zivə

Zivənin üstündə yellənen

                        köynəklərdir adamlar.

Adamların hər biri mən!

adamları atır külək

Adamları aparır yel

Yaxın uzağım

Adını bilmədiyim bir kəs

qonşuluğumda nəfəs çəkməkdədir...

Ayaq səsini duyaram gözlərimi yumarkən.

...Hər gün bir az yox olmaqdadı,

hər gün uzaqlaşmaqda.

Özünə bir çiçək alar evə qayıdanda,

bir də qəzet...

 

Dediyim o bir kəs

qonşuluğumda televizora baxmaz,

hind kinolarını da bəyənməz,

Hannanı düşünüb kitablarda nəsə axtarar.

Hərdən Qrenoyun xətrinə

                        ətir vurar üstünə

Yanyanayıq...

Divarımız bir,

dünyamız ayrı...

 

Elə uzağıq ki,

heç vaxt girə bilmərəm onun otağına -

evinin qapısı yox,

pəncərəsizdi otağı.

Elə yaxınıq ki,

nəbzinin səsini duyaram

                        gözlərimi yumarkən...

 

Adını bilmədiyim bir kəs

dincəlmək istədiyim vaxt

beynimin kamerasında

xatirə şəkili asmaq üçun

mismar vurar divarlara...

 

Şən nəğmələr oxuyar

                        gözümün yaşı axanda,

ürəkdən qəhqəhə çəkib gülən

 zamanımda.

Hönkürüb ağlayar qonşuluğumda

                        adını bilmədiyim bir kəs.

 

...Qonşuluğumda bir səs yaşayır -

adını bilmədiyim bir səs!

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!