Susqunluq göy gurultusundan betərdi... - Derek Elton UOLKOTT

ƏDƏBİYYAT ÜZRƏ 1992-Cİ İLİN NOBEL MÜKAFATÇISI:Derek Elton UOLKOTT Şair və dramaturq Derek Uolkott 23 yanvar 1930-cu ildə Sent-Lüsiyada, Kastri şəhərində, müəllim ailəsində anadan olub. Santa-Mari kollecində oxuyub, daha sonra Kinqstondakı Vest-İndia Universitetində ali təhsil alıb. Rokfeller fondunun təsis etdiyi təqaüdə düşəndən sonra bir müddət Nyu-Yorkda və İngiltərədə təcrübə keçib, Boston Universitetinin professoru elmi dərəcəsi alaraq, həmin təhsil ocağında ədəbiyyat və ədəbi yaradıcılıqdan dərs deyib. Daha çox romantik və tarixi əks etdirən şeirləri ilə diqqət çəkən şair "parlaq poetik yaradıcılığı, tarixə olan sədaqəti və mədəniyyətə fərqli yanaşmasına görə" 1992-ci ildə ədəbiyyat üzrə növbəti Nobel mükafatına layiq görülüb. Derek Uolkott 2017-ci ildə 87 yaşında dünyasını dəyişib. "Ədəbiyyat qəzeti"nin oxucularına şairin bir neçə şeirini təqdim edirik.

Nəsrin bu üslubu məni də şizofreniya

xəstəsi etdi. Görünür, layiqəm

bu dəliliyə. Və bu dəli

Ayın oraq kimi qum üstə saldığı kölgəsi altda

gör neçə mil yol gəlib,

sevgisini okean sularına qərq etsin deyə.

Dilini dəyişmək yenidən doğulmaqdır.

Əski gerçəklərə haqq qazandırmaq olmaz.

Üfüqü batıran dalğalar, geri boylanmır heç vaxt,

qağayı səsinə çatmaq üçün tələsirlər bir az -

Şarlotsvildə iylənmiş cəsədlərə

piroq görüb cuman kimi cumurlar.

O vaxt elə bilirdim təmənnasız sevirəm xalqımı!

İndi fikrimi dəyişmək çox gecdir daha.

Görürəm, bir-birinin uğurunu

it kimi əlindən qapanların sayı çoxalıb.

Yaşadım bu ömrün tən yarısını,

kömür kimi əllərimin

dərisi soğan qabığı kimi soyuldu.

Ürəyim bomboş, sonu düşünmək qorxusu yox.

Ölüləri yaxından tanımışam deyəsən.

Hər şeyləri bizə oxşayır -

hətta ölümləri də. Və artıq

atəş qorxutmur canı, -

nə çalınan surun səsi,

nə torpaqda açılan oyuq.

Nə də Ayın buluddan-buluda süzən kabusu.

Sahil ağ vərəq kimi açılır qarşımda yenə.

Biganəlik - qəzəbin başlanğıcı.

Və hər şeydə bir susqunluq.

Dəniz üzümü

İşığa boylanan yelkənlər,

Qəraib dənizində

adaların başına dolanmaqdan yorulub.

Bəlkə, Odissey

İtakı axtarır yenə.

Bu - ata ilə ər

qağayı səslərinə qarışıq 

bircə "Navoıka" - "Alışan gəmilər" kəlməsi

eşitimişdi kələ-kötür, turş

üzüm tənəkləri arasından.

Ehtiras, ya da borc -

bu qədim müharibənin

sonu yoxdur artıq,

və o, yenə elə

sahildə sərgərdan gəzəndə

və bir də bu anlarda evinə

getməyə hazırlaşan,

yalın ayağına geydiyi səndəllər

qızmar qumda alışanda

və Troya son dəfə yanıb kül olduğu gün

kor olmuş təpəgözün qəzəbdən atdığı daş

divarları dağıdanda,

yəni hər şey alt-üst olanda

bircə klassika təsəlliyə yaradı.

Amma bu da bəs olmadı. 

Son

Əşyalar dağılımır -

çiyinlər şəfəqləri dəf edən,

qum köpüyü udan kimi

quruyub solur.

Hətta şimşəyin çaxmaq həvəsi belə

çaxmaqla bitmir

və çiçəklərin susqunluğu

süngər daşı kimi soyur dərini.

Nə qədər ki,

qulaqları tutulan Bethoven kimi

eşidə bilməyəcəyik sükutun səsini

təbiətdə hər şey təkrar edəcək bir-birini.

 

Susqunluq

Susqunluq

göy gurultusundan betərdi

sanki sevgisini bəyan edə bilməyən heyvan kimi

dəhşətdən dilimiz tutulur bəzən,

bizsə sevginin

dərkolunmazlığından dəm vururuq elə,

ondan danışmaq istəyirik ancaq

və göz yaşlarına boğula-boğula

ruhumuzu əsir edirik sözlərə

adına sevgi deyirik bunun,

ölülərin susqunluğu ilə

sevdanın susqunluğunu

dəfn edirik ürəyimizin dərinliyində -

bu isə eyni cür susqunluqdur,

eşqi eyni cür susmaqla bəyan etmək,

ovlada susmaq, qadına, dosta susmaq eyni şeydir

və buna səadət deyirlər

xoşbxtlik deyirlər buna

sənin olanı itirmək qorxusu ilə bir yerdə.

Şeirlər Qiyas Abasovun ingilis dilindən

sətri tərcüməsi əsasında işlənib.

Tərcümə etdi: Əyyub QİYAS

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!