Dünya qadına bənzər... - Məmməd Namaz - şeirlər

Ötəri misralar

(Xokkular)

Ağ qağayılar

Ağ məktublardı

Uçur dənizin üstündə.

 

Axır ki, gəldin

Salam ölüm,

Salam...

 

Səndən sonra yaşamaq

Həsrətini çəkmək üçündür,

Əbədi həsrətini.

 

Həyatına qəsd etdin,

Dərdi mənə

Dost etdin... Leyla.

 

Yelləncəkdə xəzəl

İndi

Payız yellənir...

 

Ayaqlarım

Qanad açıb

Sizə tərəf gəlmək üçün.

 

Barmaqların piano dilləridir,

Çalır ayrılıq havasın.

 

Mən

Dünyadan xəbərsiz,

Dünya məndən...

 

Gənc şair Mövluda

Şairlərin bəzilərini

Ölüm gəzir,

Bəziləri ölümü.

 

Biz ölmürük

Yenidən doğuluruq -

Yenidən...

Leylaya

Birlikdə yaşadıq -

Dərdi-qəmi qoşa böldük...

Qoşa ölə bilmədik.

 

Sazın simləri -

Oxuyan şəlalədir

Aşığın sinəsində.

 

Leylaya

Kaş göz yaşlarım

Cücərdə bilsə

Əbədi həsrətini...

 

Şəklimiz qoşa,

Ömrümüz ayrı, -

Şəkil olaydım kas...

 

Səni axtardılar hər yerdə,

Bilmədilər

Ürəyimdə olduğunu...

 

Gecə və gündüz,

Günəş və yağış

Sevgi və nifrət...

 

Mən kimə lazımam,

Nəyə lazımam sənsiz -

Ölümdən başqa?..

 

Yoxsan ki

Bu qədər varsan arzularım...

 

Tütəkmi sevgisinə ağlayır

Ya tütəkçalan?

 

Ağla, Şəhid Anası! -

Bəlkə, göz yaşların

Bir oğul bitirdi...

 

Bir vaxt görüşümə gələrdin.

İndi yuxularıma gələn Leyla ...

 

Ay işığı...

Ot basmış cığır -

Sevgi xatirələri...

 

Xatirələrimi ananın yanında

Dəfn et, oğlum...

Bəlkə, göz yaşlarım cücərtdi...

Qoşa duracaq baş daşlarımız, -

Ölmüş günlərimiz kimi...

 

Halalım olsun göz yaşlarım

Həsrətinə dözümüm.

 

Ölənlə ölmək olmur, deyirlər

Bəs necə öldüm

Səninlə...

 

İnsan əbədi olsaydı

Sevgi olmazdı.

 

Haqq - haqdır

Bir üzü -

Nahaqdı...

 

Sənin eynəyinlə baxıram dünyaya -

Hər şeyi görürəm, hər şeyi  -

Səndən başqa.

- Mənsiz necə yaşayırsan?

- Yaşamıram...

Mən səninlə ölmüşəm.

 

Saatın səsi

Çatır dörd nala

Bizi ölümə aparır.

 

Məndən vəfalıdı

Eşqim dünyada -

Öləndə səninlə qoşa öləcək.

 

Yağır qar yağışı -

Sinəmdə

Söz çiçəkləyir...

 

Dünya qadına bənzər -

Gözəl

Və vəfasız.

Əllərin o qədər zərifdir ki -

Ürək üzmək olar bu əllərlə,

Çiçək yox -

Məktub içində

Solmuş bənövşə...

Unudulmuş sevgi...

 

Sən -

Mənim yanımda.

Mən - səndən uzaqlarda.

 

Uzaqlar çox yaxın,

Yaxınlar çox usaq -

Sevgi kimi...

 

Bülbül qəfəsdə bildi

Azadlığın

Qiymətini.

 

Bir işıq gəlir uzaqdan

Lap uzaqdan -

Ümid.

 

Uşaq evi -

Ögey ana,

Ögey ata.

 

Gəlib keçəcəyəm küçənizdən

Məni tanısa da,

Tanımasa da.

 

Qadın -

Övlad bitirən,

Torpaq - vətəndir.

 

Şuşadan qayıdanda

Gördüm sinəmdə

Döyünmür ürək...

 

Necəsən -

Bizi öldürə-öldürə

Yaşadan sevgi...

 

Xəzan yarpaqlarını

Oxuyur külək -

Sənə yazılmış məktublartək.

Vətənim!

Səni ürəyimdə apardığımdan

Mən görə bilmədim sərhədlərini.

 

Dünyaya sığmadı deyə -

Qəfəsə saldılar

Ürəyi.

 

Elə bil kimisə gözləyirəm həmişə

Bu sənsənmi,

Ölüm...

 

Küləyə verdim

Köhnə paltarlarımı,

Ömrüm ötən illəritək.

 

Bir sənsən,

Bir mən...

Bir ayrılıq, bir ölüm.

 

Qar - dağlara yağır

Mən

Üşüyürəm sənsiz.

 

Anadan, atadan, qohum-qardaşdan

Mənə vəfalı -

Başdaşım.

 

Gözlər -

Göz yaşı axıtmaq üçünmüş

Demə.

 

Məni dəfn edəndə

Ağa bükməyin, -

Ağ gün görməmişəm bu dünyada.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!