Uşaqlar, cavanlar (lap ixtiyarlar da) taylarını tapanda dostluqlar sədaqət, dəyanət hərarəti yaratmaq üçün çaxmaqlanır, qovlanırmış...
Ömür-gün sevdasına çıxanların ulduzları ulduzlarıyla barışanda məhəbbətləri bir ömürlük alovlanırmış.
Məsləklər özləri də mənəvi taylar kimidi.
Öz peşəsinə tuş gələ bilənlər də əqidələri uğrunda bütövlənir, büləvlənirlər...
...Kəndimizdə (indiki erməni tapdağındakı Əskipara) ləzgi Məhəmməd adlı dəmirçi vardı. Hər dəfə Körüyünü basmamış sinəsindən eyni kəlmələr havalanırdı. Allahın, Məhəmmədin köməyilə köməyə gəlmək istəyirəm. Uşaq olsam da onun dəmirçi kürəsindən kəndə evlərinin zirzələrinin, maşalarının, qıfıl və açarlarının doğulduğunu başa düşürdüm. Sözlərinin mənasını yeniyetmə çağlarımın birində anladım (ilk məhəbbətin bənövşəvarı bəndinə düşüb, ilk şeirimi yazmağa hazırlaşanda).
Sonradan dərk etdim ki, içinə düşdüyümüz Yer kürəsinin özü də canına daraşmış insanlar üçün bir növ dəmirçi kürəsiymiş. Fəsillərinin istisi-soyuğu ilə onları bərkidir, çətinlikləri ilə döyəcləyə-döyəcləyə dostluğa, sevgiyə, məsləklərə layiq insanlar yaratmaq istəyirmiş.
Günlərin bir günü (sinəmin dəmirçi kürəsinə döndüyü zaman) ömrümü söz cilalamağa, kəlmə döyəcləməyə həsr edəcəyimi anladım. Şeir-sənət məhəbbətinin qanıma işlədiyini başa düşdüm.
Bundan geriyə yol olmadığınısa ustad şair (zamanın bir ömürlük sazını və sözünü əlindən aldığı) Borsunlu Məzahir Daşqının bircə misrası bunu dərk etməyimə bəs elədi: "Məhəbbət qandasa, silmək çətindi".
O zamandan bugünkü ömrümə kimi sinəmi körüyə çevirmişəm. Şeirlər, hekayələr, romanlar bişirib-düşürmüşəm. Dəmirçi kürəsində döyə-döyə, bəyənilə-bəyənilə, döyülə-döyülə.
Bir zamanlar (ilk "Payız" şeirim çap olunan zaman) universitet müəllimlərimdən biri mənə uca bir zirvəni göstərib demişdi, şeirin sənətin şöhrət tərəfi tez, zəhmət tərəfi gec görünür. Zəhmət tərəfinin yolu-izi olmayan zirvələrə qalxmağın nə olduğunu anlamışdım.
Səksən yaşımı haqladığımı anlayıram. Amma zirvə yolçuluğumun hansı mənzilində olduğunu yox. (Yazarlara həmin yeri əsərləri zamanın sınağından çıxandan sonra göstərir. Buna Sarı Vaqif nə daralır, nə də saralır). Rəfiq Zəkanın bir dəfə Zaqatalada qonaq evindəki bir zarafatını yadıma salıram. Bizə məclis açmış Qurban kişiyə "təşəkkürünü" belə bildirmişdi.
- Deyirsən yetmiş yaşım var. Bir köpəkoğlu sənə həmin yaşı verməz. Çox verər-çox verərlər altmış doqquz.
Bundan xəbərdar dostlarımın biri də mənə həmin şəkildə təskinlik verdi.
- Cavan oğlana oxşayırsan. Sənə çox verərlər-çox verərlər yetmiş səkkiz.
Vaqif Nəsib
Vaqif Nəsib Sarıhüseynoğlu
Ömrə bayatı üstə
Biçilmiş otlaqlara
Soyqun, tay, taya,
Tay, taya...
Seçilmiş dosluqlara
Uyğun tay-taya,
tay-taya...
ölçülmüş məsləklərə
ürək hey maya, hey maya...
Ömrüm, günüm
biçildi də,
dostum, günüm
seçildi də,
Az gedib də
Üz gedib də
dərə, təpə düz gedib də
Axır ki, səksən yaşıma
Çatdım taytaya, taytaya.
Cəlaləddin Rumi Mövlanəyə
İnsanlığa güzar yeri torpağı,
azar yeri,
bezar yeri torpağı
Yaranışa məzar yeri torpağı, -
Hardan düşdük
dünya kəndə bilinməz,
(cırlaşmada nəslimiz,
Gorlaşmada əslimiz).
Fırlanırıq bir sıxılmış yumruda
gah cücəyik
gah da onda yumurta,
Özümüztək sirlərini yumur da
Varı, yoxu düşüb bəndə, bilinməz.
("aldıqca nəfəsimiz,
aldıqca nəfəsimiz").
Gözlərimiz
babaların gözüdür,
sözlərimiz
ataların sözüdür,
Onun özü
astarı, ya üzüdür,
Sənmi məndə,
mənmi səndə bilinməz.
("qaldıqca qəfəsimiz,
qaldıqca qəfəsimiz").
Əskiparaya
Nə deyim, kirvəyə, - dönüb,
Vəhşilik zirvəyə dönüb,
Qara çərçivəyə dönüb
Kösövlənmiş talvarları.
(evlər qara ağı-ağı).
Məbədi keşişlik olub,
Varı, yoxu dişlik olub,
Bulaq üstü şişlik olub
Qoyun, quzu, mal varları.
(Həndəvəri yağı-yağı).
Kərəm yanıb Əsli qalıb,
Əskiparam yaşlı qalıb,
Kəndirlərdən asılı qalıb
Uşaqların şalvarları.
(böyüsünlər dağlı-dağlı
Heyf alsınlar haqlı-haqlı).
Oğluma və oğullara
Ömürlərə qarşı ömür eyləmə,
Ana arzusunu kömür eyləmə.
Günahkar balatək basma körüyü,
Yandırma,
Yanarsan bir ömür boyu.
Şəvə tellərinə ələmə qarı,
Dərdinlə, sərinlə eləmə qarı.
Sırsıra olmasın bir cüt hörüyü,
Dondurma,
Donarsan bir ömür boyu.
Ana ürəyini oxuyanların
Durar arxasında hürr, ulu dağlar.
Ana ürəyinə toxunanların
Üstündə həmişə bir bulud ağlar.
***
Böyük şair, yüksək musiqi təhsilli
Vaqif Səmədoğlu kefinin
dördnala çapdığı zamanlarda
köhlən kimi kişnəyə də bilirdi.
Yerin Borçalı üzündə,
Onun al-yaşıl düzündə
Bir at ömrünü yəhərtək atmışdı,
Əcəl köhlənə yetişib
Atdan salmışdı.
Səmədoğlu da
Sevincini nal kimi töküb
Torpaqda kök atıb qalmışdı.
Ata ehtiramla baş əyə bilmirdi
Heç yerinə də kişnəyə bilmirdi
Ona görə həmin an
Borçalı atlarının
Kişnərtisi kökdən düşüb laxlamışdı.
Bakıya qədər mısmırıq sallayıb
Borçalıdakı ata
Yas saxlamışdı...
***
Həm bəhrəmiz,
həm dəhrəmiz,
həm kirkirə,
həm cəhrəmiz,
həm nəhrimiz,
həm nəhrəmiz
dəli zaman.
Həm bitirən,
həm bitirən,
həm gətirən,
həm ötürən,
həm yetirən,
həm itirən
aman, aman.
Həm gəmirdi,
həm sümürdü,
həm xəmirdi,
həm dəmirdi,
həm ömürdü,
həm kömürdü
yaman-yaman.
Dan yerimiz,
can yerimiz.
Döyüşəndə
Qan yerimiz
Dəyirmi
Xırman yerimiz
Bizlər həşəm,
Saman, saman.
***
Görəsən dururmu
Əskipara məzarlığının
simsar ağacları?
Qızıl gülləyə gəlmiş
Üç eloğluya doğmalaşan
Cır nar ağacları
Mahmudu, Adıgözəli Hasanı
Quş dili,
Bulaq şırıltısı
Yarpaq pıçıltısıyla
Tovladılar.
Meşənin üç qaçağını
Cəbhəyə səfərbər adıyla
"ovladılar",
Bayıl türməsində qızıl gülləyə gətirdilər,
Məzar yerlərini də
İlim-ilim itirdilər.
Nə yaxşı Əskipara məzarlığında
Boy göstərdi üç nar ağacı.
Üç şenlik oğlunun
Simsar ağacı.
Bir dəfndə mərəkəyə dedi
Mehdi oğlu Hasan, - bu dərdin
yaşıdı.
Elə bilinən
Bu üç nar ağacı Mahmudun
Adıgözəlin, Hasanın
başdaşıdı,
başım haqqı,
üç batmış başın haqqı.
***
Nəcəf dayı
Çöl işindən gələndən sonra,
Oxqayıyla dincələndən sonra
Götürüb yerdə qalan gücünü,
Bir də bülövünü ülgücünü
Köşkünə yetişərdi.
Sağğallılar salam verərdi
Sağyola,
O da əleykiylə bala-bala
Haləhval tutardı ülgüc çala-çala
Biz uşaqlar da
Növbəyə düzərdik yaşımızı,
Nəcəf dayı üç yumurtaya
Qırxardı "yumurta" başımızı.
Haqqımızdan
Ya üç cücə çıxardı
Həyət-bacasında
Ya qayğanaq
Biş-düş olardı.
Sonralar hər o zamana
Boylananda
Nəcəf dayı yadigarı
Kəkillərimizlə
(kəkilli şəkillərimizlə)
Görüş olardı...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!