Ruhumda, canımda, yaddaşımda sən... - Adil Cəmil - şeirlər - Türkiyə dəftərindən

Ankarada sonbahar

Ankarada sonbahar

İlk bahardan əlvan -

Nur saçır hər yan.

Çiçəklər ölmək istəmir,

Yarpaqlar tökülmək.

Bu şəhərə

dövrəsindəki ormanların,

uzaqdakı qarlı dağların

nəfəsi gəlir.

Adama

yaşamaq həvəsi gəlir.

Şükürlər olsun Tanrıya -

Göy üzü günəşsiz deyil,

ürəklər atəşsiz deyil.

Günəş ana qucağı -

üşüyənləri alır ağuşuna.

Torpaq acdır

sonbaharın

yağmuruna, yağışına.

Əskişəhər yolunda

simit satan qarının

gözündə gülür günəş,

babasının belində

bardaş quran çocuğun

üzündə gülür günəş.

Anladım ki, bu zaman

sonbahar son deyilmiş.

...Ankarada sonbahar

İlk bahardan gözəlmiş.

Ağaclar altun kimi,

Yamaclar altun kimi

Közərdikcə közərmiş...

Noyabr 2018

 

Üzüntü

Xəstəxana önündə

var-gəl edir adamlar.

Kimisinin ürəyi

həyəcan dolu.

Kimisi də məyusdur -

Eşitdiyi xəbərdən

yanına düşüb qolu.

Birisi də baxıram

gəzişir veyil-veyil.

Köhnə-köşkül libasda

olsa da

dilənçi deyil -

əl açmır kiməsə,

əlləri cibindədir.

Amma bu kişi

elə bil

quyunun dibindədir.

Birgünlükdən oxunur

gözündə dərd yazısı,

üzündə qəm dastanı,

sanki demək istəyir

məni yaxından tanı...

...Bir siqaret istəyir,

yüz dəfə "sağ ol" deyir.

Soruşuram xəstənmi var?

Açır dərdini birdən-birə

yurd dışından gələn müsafirə:

arvadım xərçəngdir,

beş-altı günlük ömrü qalıb

dedi həkim,

ağırdır yüküm...

Ağlayıb çocuqlarını

görmək istəyir qadın.

Onları köydən gətirmək üçün

əlli lirə bulamadım.

İndi telefonumu satmaq istəyirəm

əlli lirəyə -

özümü çatdırım köyə...

...Bu zaman zəng gəlir ona.

Kövrələ-kövrələ danışır:

- Hə, qızım, gözləyin,

gələcəyəm,

sizi ananıza yetirəcəyəm...

Amma daha mənimlə

danışa bilməyəcəksiniz,

çünki bir azdan

telefonumu satacağam...

...Əlli lirə uzadıram ona,

satma telefonunu - deyirəm

Zatən mən də deyiləm

zənginlərdən birisi,

Allaha əmanət olsun

                                    gerisi...                                                

Ankara, Qazi xəstəxanası

noyabr 2018

Qocanın qərarı

Qızılay qələbəliyində

Şüşəbənd bir restoran.

Hamı yeyib-içir,

Siqaret tüstüsündə

                        burulur zaman.

Tində xırdavat satan

bir qoca da onlara

baxaraq gülümsəyir

Mənə tutur üzünü,

Eşitdirir sözünü:

- İndi dövran başqadır,

bu yeməklər öldürəcək,

deyir bizi.

Sonra da qərar verir:

- Yediklərimiz yeyir bizi...

Ankara, noyabr 2018

 

Darıxdım

Darıxdım, yaman darıxdım

Yamaqlı küçəmizdə

Ucalan göydələnlər üçün,

Gedib-gələnlər üçün.

Darıxdım,

yaman darıxdım

bağ evimizin

suvanmamış hasarı üçün,

Qaraşəhərin

yaşıl bazarı üçün,

ata-anamın

Masazırdakı qoşa məzarı üçün...

Darıxdım,

yaman darıxdım

nəvələrimin dilində bitən

baba sözündən ötrü.

Fidanın, Aytacın,

Toğrulun, Nihadın

özündən ötrü.

 

Darıxdım,

yaman darıxdım

doğmalarımla

paylaşdığım anlar üçün,

darıxdım

məndən ötrü

darıxanlar üçün.

Ankara, dekabr 2018

Bitirdim

Nə var ki, səhrada gül bitirməyə,

Mən daşın üstündə daş da bitirdim.

Gözlərdən gizlətdim dolan gözümü,

Solğun yanağımda yaş da bitirdim.

 

Məni sevməyənə sevgimi verdim,

İsti ürəyimi ev kimi verdim.

Üşüyən dostuma kürkümü verdim,

Yazın həvəsiylə qış da bitirdim.

 

Bilmirəm mən nədən batdım günaha,

Gecələr qovrulub çıxdım sabaha.

Ayımdan, ilimdən nə qaldı daha,

Ömrümü mən bərkdə, boşda bitirdim.

Ankara, dekabr 2018

 

Ay zalım fələk

Yaşamaq istədim, a zalım fələk,

Sorğusuz sitəmlər çəkdirdin mənə.

Yaşamaq istədim, bir az yaşamaq,

Diriykən qəbrimi tikdirdin mənə.

 

Söndürdün odumu, ocaqlarımı,

Soldurdun yamyaşıl bucaqlarımı.

Qurudub qaynayan bulaqlarımı

Səhrada ağaclar əkdirdin mənə.

 

Kimlər yandırası, kimlər yanası,

Belə yaşamağın nədir mənası?..

Üzüldü ömrümün əlvan hanası,

Onu ilmə-ilmə sökdürdün mənə.

 

Çətinə tuş gəldim asan yerinə,

Adili qoymadın insan yerinə.

Gurşad əvəzinə, leysan yerinə

Gözümün yaşını tökdürdün mənə.

2018

 

İstiqlal fədaisi

M.Ə.Rəsulzadənin qəbri önündə

düşündüklərim

Əsri məzarlığında

Uyuyursan illərdir.

Sənə həyan bayrağın,

Bir də təzə güllərdir.

Tale tapşırdı səni

O zaman bu torpağa.

Düşdün bizdən uzağa,

Düşdün gözdən uzağa.

Bilmirəm tutuşdumu

Qəlbindəki o niyyət,

Bilmirəm bəs etdimi

İnsanlara hürriyyət.

Bilmirəm bilirsənmi

Azərbaycan azaddır.

Mən bütün varlığımla

Duyuram ruhun şaddır.

Sən istiqlal dahisi,

Sən millət fədaisi.

Enməyən bayrağınla

Qayıtdı Cümhuriyyət.

Tarix təkrarlanırmış,

Qismət var imiş əlbət...

...Yurddaş qanı töküldü

Azadlıq yollarında.

Ərənlər can verdilər

Vətənin qollarında.

Qan ilə suvarıldı

Azadlığın ağacı.

Yoxmuş başqa əlacı...

Qurduğun Cümhuriyyət

Bir də qurulmaq üçün

Biz təzədən qurulduq.

Düşmən nişan alanda

Qarabağdan vurulduq.

Zəngəzurdan silindi

Xalqımın ləpirləri.

İtirib-batırdılar

Min illik qəbirləri.

Fəlakətlər yaşadıq,

Biz bu yoldan dönmədik.

Yüksələn bayrağınla

Biz yüksəldik, enmədik!

 

Ankara, Əsri məzarlığı

28 may 2018

 

Sən

Qarşıma çıxmısan bir xəyal kimi

Çölümdə, düzümdə, dağ-daşımda sən.

Qocalıb gəlmişəm indi qapına,

Məni tanımazsan bu yaşımda sən.

 

Sinəmə sağalmaz yara vurmusan,

Yoxuşlu yollarda məni yormusan.

Məhəbbət ünvanlı yuva qurmusan

Ruhumda, canımda, yaddaşımda sən.

 

Sənə qovuşmağa yoxdur əlacım,

Ömür xərcləməkdə boldur xəracım...

Adiləm ağarıb o qara saçım -

Dumanlı sevdasan ağ başımda sən.

2018

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!