Bu vətən kimindir? - Orxan Şaiq Gökyay

 Orxan Şaiq GÖKYAY

 

BU VƏTƏN KİMİNDİR

Bu vətən torpağın qara bağrında

Sıra dağlar kimi duranlarındır.

Olümdən qorxmayıb, onun uğrunda

Köksünü qabağa verənlərindir.

 

Ərşə dirək olan ocaqlarından,

Qırat tək şahlanan irmaqlarından,

Qalalarından uca bayraqlarından

Alnına şəfəqlər vuranlarındır.

 

Ardına baxmadan yollara düşən,

Şimşək kimi çaxan, sel kimi coşan,

Döyüş meydanında ərtək savaşan,

Yağıdan haqq-hesab soranlarındır.

 

Tarixə imtahan verirmiş kimi ,

Ən müqəddəs bir iş görürmüş kimi,

Gül-çiçək bağına girirmiş kimi,

Allah dərgahına girənlərindir.

 

Əsrlərlə yaşar yazılan dastan;

Qovağı boy atan, çiçəyi bitən,

Hər daşı ləl, yaqut olan bu vətən

Canvermə sirrinə ərənlərindir.

 

Gökyayım, nə yazsan ziyadə deyil,

Sevgidi, bir quru ifadə deyil,

Məkrli gavuru röyada deyil,

Topun namlısından görənlərindir.

 

 

SİTƏM

 

Aylar, illər keçdi, unutdun məni,

Üstünə adımı yazdığım ağac.

Açdın dərdlərini, kövrəltdin məni,

Boynuna incilər düzdüyüm ağac,

Səndə gözlər-qaşlar belə deyildi.

 

Dörd bir yana xəbər aparan quşlar,

Yarıyolda unutdular sözümü.

Göy üzündə pozuldumu düzümü,

Nə gördü fəryad qoparan quşlar?..

Mənim gördüyüm quşlar belə deyildi.

 

Gül kimi açardı adın dillərdə,

Ruhuma ruh qatardı sözlərin.

Qərib kimi dolaşıram ellərdə,

Niyə məhzun-məhzun baxır gözlərin,

Əzəlki baxışlar belə deyildi.

 

Soran olmaz bizi yardan, əğyardan,

Nə çarə, adımız itib-batmışdır.

Yol üstə çeşmə də baxır nagüman,

İçdiyimiz sular axıb getmişdir,

Mərmərdə naxışlar belə deyildi.

 

İçimdə kədər var, hüzn var, həsrət var,

Çəkilməsi zor dərd var, möhnət var,

Sındısa quruyar, bitməz budaqlar,

Nə olsun təqvimdə bahardı, bahar,

Vallah-billah, bu işlər belə deyildi.

 

TÜRKÜ

 

Bir türkü söyləyim dağlar dilindən,

Dumludan Ağrıya ün getsin, gəlsin.

Nə dastanlar yatır tarix yolunda,

Bu gündən dünənə şan getsin, gəlsin.

 

Yenə alp ərənlər atlara minsin,

Şeypurlar gurlasın, davullar dinsin,

Afyondan İzmirə ordular ensin,

Süngü uclarında can getsin, gəlsin.

 

Bayraq dalğalansın ucadan uca,

Artıq fərq eləmir cavan, ya qoca,

Lüzum yox sormağa: halımız necə,

Sevdalı qəlblərdən qan getsin, gəlsin.

 

Sən ey yayda bir ox kimi qurulu!

Oxmu dəydi, düşdün yerə yaralı?

Dörd ətrafı mərmərlərlə hörülü,

Sar, devir bunları, sin getsin, gəlsin.

 

Gökyayım neyləsin ıssız çağlarda,

Bir ağlar, bir gülər, durmaz kənarda,

Dayansan, dağ kimi dayan dağlarda,

Axşamdan sabaha gün getsin gəlsin.

 

MARAŞ TÜRKÜSÜ

 

Yorğunam, mənzilə necə varım mən,

Açılmır qapılar… yüz il durum mən?

Yarımı bulmadım, kimdən sorum mən,

Oy, Maraş, Maraş … amansız Maraş,

Qara gözlərimdə yaş, bağrımda atəş.

 

Maraşın gölləri ördəkdir, qazdır,

Dağları zimistan, düzləri yazdır,

Qaraxal lalələr yenə köz-közdü,

Ucal, ey göy, ucal, əyil, dağ, əyil,

Mən gördüyüm Maraş bu Maraş deyil.

 

Maraşı dolaşdım küçəbəküçə,

Bir adam sormadı, əhvalım necə?

Nə gündüzüm gündüz, nə gecəm gecə,

Oy, Maraş, Maraş … amansız Maraş,

Qara gözlərimdə yaş, bağrımda atəş.

 

Maraşın üstündən keçdi durnalar,

Od olub, könlümə düşdü durnalar,

Yoxsa, qərib görüb, çaşdı durnalar,

Mənmi qərib, durnalarmı qərib, oy,

Dəli-dəli hönkürməyim gəlib, oy…

 

Maraşı görüncə yandım-yaxıldım,

Qan-yaş olub, gözdən üzə töküldüm,

Öksüz kimi bir qırağa çəkildim,

Bilmədim bu Maraş

O Maraşdımı,

O Maraşdımı?

 

SAYƏNDƏ

 

Bir tüneldən çıxmış qatar kimiyəm,

Baxdım, sağım-solum günlük-günəşlik.

Mən məndə deyilkən, mən var kimiyəm,

Yox oldu içimdə o müdhiş boşluq,

Sayəndə…

 

Topların sədası hər səsdən uca,

Həddi nədi səmada bir quş uça,

Toqquşan qılınclar nur saçır gecə,

Düzənə dönmüşdür kəsəklik, daşlıq,

Sayəndə…

 

Dənizlər çarpışmış , dağlar çarpışmış,

Qara günlər ötmüş, bayram erişmiş,

Qoca qurdla körpə quzu barışmış,

Sayəndə…

 

Bülbül cəh-cəh vurur, güllər mənimdir,

Lal ikən açılmış dillər mənimdir,

Azadlığa çıxmış ellər mənimdir,

Savaşa barışmı eləyir eşlik,

Sayəndə?

 

Yüksəklərdə durdum bayraqcasına,

Baharda cücərdim torpaqcasına,

Gökyayım, söylər bu dil haqcasına,

Qürurdandır gözümüzdəki nəmlik,

Sayəndə.

 

 

YAS

Atatürkün xatirəsinə

 

Tökün çiçəkləri, budaqlar, tökün,

Axın, yaslı-yaslı, sularım, axın.

Bükün boynunuzu, bayraqlar, bükün,

Bir alınmaz qalam vardı, yıxıldı.

 

Durmadan kükrəyən o mavi dəniz

Bir damla yaş kimi səssiz-səssiz…

Vətən səmasında o Ay, o ulduz,

O şanlı süs, baxdım, aşağı endi.

 

Qara xəbər çovğun kimi sovrulur,

Yanardağlar ürəyimdə qıvrılır,

Vətənin qədəri məndə yoğrulur,

Bir bilsən, nə yaşlar gözdən töküldü.

 

Gökyayım dərdiylə adını anar,

Bir qərarsız quşdur, yanına qonar,

Harasında, bilməz, bir yara qanar,

Saran getdi, incə boynu büküldü.

 

ÇAĞIRIŞ

 

Haydı, qoç igidlər, haydı, qoçaqlar,

Bir dastan danışım, divan qurulsun!

Haydı, qoç igidlər, haydı, qoçaqlar,

Meydan sazlarına meydan verilsin!

 

Davullar səslənsin bütün ellərdə,

Min kərə anılsın adı dillərdə,

"Bax, gəldi, gələcək" - deyə yollarda

Toz-duman içindən həp o görünsün!

 

Şəfəqi parlasın yanırmış kimi,

Dönsün, zəfərlərdən dönürmüş kimi ,

Yeddidən yetmişə əsgərmiş kimi,

Ayağa qalxıban salam verilsin.

 

Sıyrılsın qılınclar paslı qınından,

Asılsın bayraqlar ər meydanından,

Millət o millətdi, zaman o zaman,

Onun vaxtındakı dövran sürülsün!

 

Yerinə yetirib yenə əhdimi,

Qırx il əvvəllərə sürdüm atımı,

Ölümlə aramız bir ox atımı,

Qurşanın oxları, yaylar gərilsin!

 

SOYLAMA

Ankaralı Aşıq Ömərə

 

Çalxanı-çalxanı Qara dənizə

Hürr rüzgarlarla yol alan bizdəndir.

Kökdən düşmüş qolu sınıq bir saza

Gümbür də gümbür tel olan bizdəndir.

 

Görüb qaralara batmış ağları

Pörsümüş tuğların al saçaqları.

Yeddi bir tərəfdən yağan oxları

Qılıncın dalıyla dələn bizdəndir.

 

Dünyaya göstərdik türkün gücünü,

Düşmənə daddırdıq ağrı-acını,

Adımıza gələn dar ağacını

Bayraqlara dirək qılan bizdəndir.

 

Gökyayım der ki, boy boylaması,

Yaxının uzağa əl eyləməsi,

Mustafa Kamala soy soylaması,

İgidlərinə də şölən bizdəndir.

 

NƏ ETSƏM OLMUR

Behcət Kamal Çağlara

 

Gecə-gündüz dağlar ilə, daşlar ilə

Dayanıram, dayanıram.

Yuxu görsəm, gözlərimdə yaşlar ilə

Oyanıram, oyanıram.

 

Bəzən olur, qar üstündə rəsmin ilə,

Bəzən olur kitablarda ismin ilə,

Yalnızlıqdan dostun ilə, hasmin ilə

Ovunuram, ovunuram.

 

İllər dönür, yenə, yenə bayram olur,

Bu bayramlar, neynim mənə haram olur,

Ürəyimdə göz-göz olmuş yaram olur,

Yanım üstə çevrilirəm.

 

Başımda bir qara bulud, qara duman,

Gedəmmirəm, yolum yaman, halım yaman,

Əngüründə sarp qayalar vermir aman,

Al qanıma boyanıram.

 

Düz yolumla gedər ikən bir qurd çıxsa,

Zaman məni yerdən-yerə vurub yıxsa,

Yeddi yerdən toparlanıb yağı gəlsə,

Adın ilə qorunuram,

Adın ilə qorunuram!

 

QÜRBƏT

 

Məni atıb gedən vəfasız dilbər,

İnan, həsrətindən dura bilmirəm.

Hara istəyirsən, gedək bərabər,

Özgə yara könül verə bilmirəm.

 

Axşam olur, quşlar qonur dallara,

Susamış ulduzlar enir göllərə,

Gözəllər düzülür güllü yollara

İçlərində səni görə bilmirəm.

 

Axar çaylar görsəm, məlul olaram,

Bu dərddən xəstəyəm, yəqin ölərəm,

Harda olsan, yenə səni bularam,

Çağırmadın deyin vara bilmirəm.

 

Bu gül yarpağı, dodaq deyilmi,

Nə deyə büzülmüş, yazıq deyilmi,

Sənə gedən yollar uzaq deyilmi,

Qorxumdan bir dürlü sora bilmirəm.

 

Könlümdə şiş uclu dağlar yatışır,

Görünməz budaqda quşlar ötüşür,

Qürbətdə bir qərib yanıb-tutuşur,

Yaram hey qan verir, sara bilmirəm.

 

BƏYANI-EŞQ

 

Aşiqəm, başımda durmadan əsən

Bir dadlı sevdanın xoş havasıdır.

Qəlbimdən düzəltdim sevgilimi mən,

O, eşq cənnətinin ilk Həvvasıdır!

 

Önündə aşiqlər günahkar olur,

Vüsala yetənlər bəxtiyar olur,

Ayaq basdığı yer cəmənzar olur,

Bu ona xilqətin iltimasıdır.

 

Bir səhər vaxtıydı, daldım xəyalə,

Könlüm istədi ki, yetəm vüsalə.

Ən sonda anladım məni bu halə

Salan o mələyin bir təmasıdır.

 

Şaiq, bu qəhr içində çox aləm gördü,

Sevgisindən həp müdam sitəm gördü,

Desə ki, həp hicran, həp ələm gördü,

Divanə könlünün iftirasıdır.

 

 

Hazırladı:

Dilsuz


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!