Nəvələr də yaşasın,
nənələr də yaşasın
Səhərdən axşamacan
Ömür diləyir mənə.
Nəyi görürsə nənəm,
Qurban eləyir mənə.
Deyir: - Sənə qurbandır,
Malım, mülküm, bu canım.
Sağlam böyü, tez boy at,
İgidim, pəhləvanım.
Qoy sənə qurban olsun,
Qoşa buynuz çəpişlər.
Onsuz da axşamacan,
Görürlər, çəp-çəp işlər.
- Nənə, yaxşısı budur,
Dinc burax bu çəpişi.
Şabalıd qabığıdır,
Dırnağının papışı.
Buynuzları şeşədir,
Tükləri rəngbərəngdir.
Hey yellənən saqqalı,
Elə bil çərpələngdir.
- Gəl, onda qaçırmayaq,
Bu söhbətin duzunu.
Qoy sənə qurban edim,
O qumralgöz quzunu
- Yox, quzuya toxunma,
O, hələ çox zəifdir.
Burnu fındıq boydadı,
Tükləri də zərifdir.
Qulaqları çiyələk
Yarpağına bənzəyir.
Onun hər mələməsi,
Çəmənləri bəzəyir.
- Onda qalır danamız,
Yaşıl gözlü ağ dana.
Düzü, bir sözüm qalmır,
Daha bundan o yana.
- Yaxşı ki, onun adı
Keçibdir, lap axıra.
Bizim təpəl danamız,
Çoxdan gedib nahıra.
Anasının yanında,
Atılıb-düşür indi.
Dünən dərsdən gələndə,
Məni görüb sevindi.
Mən sənə qurban olum,
Nənə, nənə, ay nənə.
Heç nəyi qurban etmə,
Bundan sonra sən mənə.
Gəl əlindən yapışım,
Gedək gəzək çəməndə.
Sağ-salamat yaşayaq,
Dünyada sən də, mən də.
Keçilər də yaşasın,
Danalar da yaşasın,
Körpələr də yaşasın,
Analar da yaşasın.
Torpağın məhəbbəti
Qışın ağ saçından utandı dağlar,
Üzünə dumandan bir örpək çəkdi.
Yayın həsrətinə dözmədi bağlar,
Söyüd yarpaq-yarpaq göz yaşı tökdü.
Qar yağdı, hər ağac qurdu bir dəyə,
Meşələr bənzədi, bir ağ obaya.
Uşaqlar doyunca sevinsin deyə,
Qayalar çevrildi Şaxta babaya.
Yollar da, çöllər də geydi ağappaq.
Dünya ağcaqayın meşəsi oldu.
Sübhəcən yem gəzib bərkdən ulamaq,
Yenə yalquzağın peşəsi oldu.
Qış qalib gəlsə də köhlən atında,
Canında bir qorxu atəşi görür.
Yer rahat yatsa da qarın altında,
Hər gecə yuxuda günəşi görür.
Görür, yoxa çıxıb ağcaqayınlar,
Qış da uşaq kimi çöldə bürüşüb.
Quşlar da çıxarır min cür oyunlar,
Dünya öz əvvəlki şəklinə düşüb.
Görür ki, baharın yaşıl saçından,
Çöllərə gül-çiçək yağışı yağır.
Yapışıb günəşin qızıl saçından,
Çiçəklər çəməndə incilər yığır.
Hər il bu nağılı deyir təbiət,
Hər il bu yalanlar faş olub gedir.
Bu soyuq nağılın sonunda əlbət,
Qış yazın önündə quş olub gedir.
Nə qədər qar, boran olsa da fəqət,
Torpağı qızdırır, öz məhəbbəti.
Üç ay qış paltarı geyir təbiət,
Qəlbində yaşadır, yaz məhəbbəti.
Qış gedir, bahar gəlir...
Damlalar yumrulanıb
Buludlara düzülür.
Şimşək çaxır, onların
Əli göydən üzülür.
Onlar mavi səmada,
Uçur kəpənək kimi.
Dağlarda, dərələrdə,
Bitirlər çiçək kimi.
Nə çox çiçək göndərir,
Buludlar yer üzünə.
Belə getsə bu dünya
Dönər gül dənizinə.
Çiçəklə yola salır,
Təbiət qoca qışı.
Küləklər at belində
Salamlayır yağışı.
Mən babamın dostuyam
Babam ürəkdən gülür,
Körpə uşaqlar kimi.
Qəzəbi də kövrəkdir.
Təzə yağan qar kimi.
Gülüşləri elə bil,
İlk bahar nəfəsidir.
Danışanda deyirsən,
Səsi bulaq səsidir.
O güləndə göylərdən,
Qara bulud çəkilir.
Sənə salam verəndə
Üzündən nur tökülür.
Səhər məni yuxudan,
Oyandırır birtəhər.
İkimiz də gedirik,
Birinciyə hər səhər.
Babamın bir dostu var.
Onun adı Gülbaba.
Böyüyəndə olacam,
Onun kimi bir baba.
Məni elə öpür ki,
Üzümdə yeri qalır.
Sanki çiçək üstündə
Kəpənək zəri qalır.
Amma mən incimirəm,
Çünki onun dostuyam.
Həm babamın dostuyam,
Həm dostunun dostuyam.
Kirpilər və körpələr
Körpünün altında,
Kirpinin damına
Kim vurub kilidi?
Dinmədi körpələr
Qorxudan kiridi.
Kar kirpi, kor kirpi,
Qabağa yeridi:
- Kirpinin damına
Körpələr vurmayıb kilidi.
Dovşan və paxlava
Dovşan gördü paxlavanı
Dedi ki, bu, şirniyyatdı.
Yedi, burdu bığlarını,
Səhərəcən şirin yatdı.
Ağcaqanad
Ağcaqanad, ağcaqanad,
Üz gözümü azca qanad.
Sən olasan əziz canın,
Yavaşca çal kamançanı.
Qoy ilin bu may ayında,
Bu ən gözəl yay ayında.
Bir doyunca rahat yataq,
Yuxumuza sevgi qataq!
Sən sancırsan, mən vururam
Elə bil çalınır çəpik.
Səhərəcən döyüşürük,
Sillənin biri bir qəpik.
Cızıltın tutub otağı,
Yatammıram gör haçaqdı?!
Hey sancırsan, dişləyirsən.
Yanağım papaq-papaqdı.
Qaranlıqda qanadların,
Ayın dümağ şöləsidir.
Şirin dillə öpmə məni,
Sevgin düşmən sevgisidir.
Ağcaqanad, ağcaqanad,
Üz gözümü azca qanad.
Yağış və duman
Yağış yağır yer üzünü
Cənnətə döndərmək üçün
Duman qalxır, sevgimizi,
Allaha göndərmək üçün.
Göyqurşağı yaranır ki,
Huriləri, mələkləri,
Torpağa endirmək üçün.
Yaz günəşi şairdir
Üfüqdə gülümsənən
Yaz günəşi şairdir.
Torpağa şeir yazır,
Yarpağa şeir yazır.
Qələminin ucundan,
Çiçək yağır çöllərə.
Qartal qalxır göylərə,
Ördək qonur göllərə.
Sözündən ilhamlanıb,
Meşə nəğmə oxuyur.
Açır bütün çiçəklər,
Dünya ətir qoxuyur.
Hər misrası bahardır,
Qaranquşlar ötüşür,
Bülbüllər cəh-cəh vurur,
Torağaylar öpüşür.
Sözləri çox şirindir,
Gülüş doğur üzlərə,
Ürəklər pərvazlanır,
Sevinc dolur gözlərə
Qələmindən tökülür
Yer üzünə çalçağır.
Onun şeirlərindən
Dünyaya sevinc yağır.
Meşə nəğmə oxuyur
Yarpaq titrədi xışşşş xışşş...
Budaq dilləndi xoşşş xoşş...
Xışşş xoşşşş... xışşş xoşşşş...
Bu meşədir, oxuyur.
Çəmən şehə bələndi,
Çiçəklər cilvələndi,
Bir cənnət ətri gəldi,
Bənövşədir qoxuyur.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!