Sevgi nəğməsi... - Məmməd ARAZ - şeirlər

SEVGİ  NƏĞMƏSİ


Bir sevgi nəğməsi yaradım deyə,
Bu axşam bulanıb, duruluram mən.
Onu düşünərkən bilmirəm niyə
Başqa bir nəğməyə vuruluram mən.

Kiçik bir mahnını bəstələyincə
Xəyalın min eli dolansın gərək.
Sevən bir ürəyin səsini necə,
Necə dinləməsin sevən bir ürək...

Yenə dillənirsən qonşu otaqdan,
“Sus” demək gəlmir dilimdən, ay qız.
Dalmışam nəğmənə yenə bayaqdan,
Almısan nəğməmi əlimdən, ay qız.

Elə bil, deyir ki, qopan bir səda,
“Divar aramızda daşdan olsa da,
Gərək daş olmaya ürəklərimiz,
Bir varaq eləyək iki qəlbi biz”.

Susuram önündə o şeriyyətin,
Ürəyim dolsa da, ağ qalır kağız.
Qələmsiz, kağızsız ilk məhəbbətin
Yazır nəğməsini qəlbimə o qız.

 

Nə bilim

Səndən mənə bir ömürlük xatirə,

Məndən sənə nə qalacaq, nə bilim?

Çətin bir də: daş üstə daş bitirəm,

Niyə uçdu bu qalacıq, nə bilim…

 

Damağımda bal sevdanın turş adı…

Uşaq ağlım inadını qurşadı.

Nə hönkürdü bu naqafil gurşadı?

Kimə dedim, - dedi,- ancaq: “nə bilim!”

 

Günlər mənə gün yazmağı unutdu,

Gülüm, günüm güllərimi qurutdu.

Bu oyunda kim uduzdu, kim uddu,

Peşimanı kim olacaq, nə bilim?..

 

Mən Arazam, səsim tutqun Arazdı,

Ha çağırdım, ha yüyürdüm, ha yazdım.

İndi daha qaynar təbim ayazdı,

İsinərmi bir od-ocaq, nə bilim…

 

PALID

Sevgilim, o qoca palıda bir bax,
Yenə puçurlayıb onun budağı.
Yadına gəlirmi iki il qabaq
O ilk görüşümüz, o bahar çağı?

Durmuşduq dibində o palıdın biz,
Ətrafda min rəngli çiçək var idi.
Çırpınan, titrəyən bizim qəlbimiz,
Bir də o palıdın yarpaqlarıydı.

Görüb neçə bahar, qış havasını,
Durur qoca palıd bir xatirə tək.
Min yol dəyişsə də, o libasını,
Bizim ilk sevgimiz dəyişməyəcək!

ÖTƏN GÜNLƏR

Gəl daha tənəli sözlərdən əl çək,
Olub-keçənləri gətirmə yada.
Bəzən yarıkönül gülümsəyərək,
Hər sözü-söhbəti üzə vurma da...

Bu sorğu-suallar nəyə gərəkdir,
Gərək unutmağı bacara insan.
Canın dağ da olsa, əriyəcəkdir
Hər günün dərdini ürəyə yığsan...

(Ey qadın ürəyi, ey sirli dilbər,
Bir xəzan görməsin gülün, gülşənin!
Deyirəm, inamsız olduğun qədər
İnamın olaydı dünyada sənin...)

Fikirli görürəm səni hər axşam,
Məni eşqimizə yadmı sayırsan?
Bəlkə gözəlləri unudub tamam,
Səni sevdiyimə inanmayırsan?

Doğrudan ömrümdə faciə vardı,
Uydum gözəlliyə, uydum əzəllər;
Məni də zəhmətdən, işdən ayırdı
Zəhmətsiz gözəllər, işsiz gözəllər...

Alıb “oynatdıqca” qəlbimi onlar
Xəyalım, ilhamım yerində saydı.
Şersiz, nəğməsiz ötən bu anlar
Bir şair ömrünə yazılmayaydı...

Sonralar yandırıb-yaxır insanı
Ötəri əyləncə, ötəri həvəs.
İnan ki, ehtiras aldatmayanı
İnci də, kövhər də aldada bilməz.

Hələ də göynəyir ağrının yeri,
Vaxtında onları oda yaxmadım.
O qansız, duyğusuz daş ürəkləri
Vaxtında qoparıb daşa çaxmadım.

Vaxt oldu qapıldım nifrət hissinə,
Od alıb, alışdı qəlbimin başı.
Mərhəmət gətirdi könlümə yenə
Yalan sevgi nazı, saxta göz yaşı.

Hərdən düşündükcə o günləri mən,
Ürək də sinəmdə tufan qoparır.
Sevgilim, “min ilin dərdini bəzən
Bir anın sevinci yuyub aparır”.

Silinsin qəlbindən qəmlər, düyünlər,
Yüz ilin, min ilin sorağı kimi.
Ömrün budağından qopdu o günlər
Saralmış bir payız yarpağı kimi.
Gəl daha tənəli sözlərdən əl çək,
Olub-keçənləri gətirmə yada.
Bəzən yarıkönül gülümsəyərək,
Hər sözü-söhbəti üzə vurma da...

Gəl yenə söhbət aç saf eşqimizdən,
Tək səni ömrümün günəşi saydım.
Bəlkə də seçməzdim yaxşını pisdən
Həyat yollarında yanılmasaydım...

O  BAXIŞLAR...

O, məni görərkən dayandı bir an,
Dalğın baxışları mənə tanışdı...
Eşqin mənasını duyduğum zaman
Məni o baxışlar yaralamışdı...

İndi o dayandı, sözü var kimi,
Mən yana baxsam da, o mənə baxdı.
Elə bil sıxlaşan buludlar kimi
Bu saat sinəsi boşalacaqdı...

Dilində üç dəfə səsləndi adım,
Sanki öz adım da çıxdı yadımdan.
Onu dindirmədim, danışdırmadım,
Getdi, yaralanmış getdi yanımdan.

O getdi, sahilə baxdım bir qədər,
Mən orda açmışdım ona qəlbimi.
Dayandı gözümdə dalğalı Xəzər,
Mənim ilk eşqimin şahidi kimi...

O çağlar xəyalda yaşadı yalnız,
Aldı məhəbbəti şöhrətmi, nəmi?
Başqa birisinə uyaraq o qız,
Oduna yandırdı odlu sinəmi.


Bəs indi qarşımda dayandı nədən,
Yenəmi, ürəyi məndə qalırdı?
Bəlkə bir röya tək çəkilib gedən 
İlk eşqi, ilk andı xəbər alırdı.

Bəlkə öz işindən peşmandı, nahaq
Əl verib, onunla barışmadım mən.
İlk eşqi qəlbindən çıxarıb nə vaxt 
Necə atdığını soruşmadım mən...

Bəlkə ürəyinə yol tapıb kədər,
Mənimlə bölüşmək istədi bir az...
(Könül, təəssüfə qapılma hədər,
Axan su bir daha geri qayıtmaz...)

O gündən bəridir həftələr, aylar
Ömrümdən-günümdən gəlib şən keçir.
Lakin düşündükcə, bulanıq çaylar
Sanıram kükrəyib qəlbimdən keçir.

Deyirəm özümü danlayım barı-
Ürəyi ürəkdən araladım mən.
Məni yaralayan o baxışları
Niyə yaraladım, yaraladım mən?!
                     

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!