Vaxtsız dəfn etdik bu eşqi... - Yusif NƏĞMƏKAR Şeirlər

Səhərim - dirigözlü...

Qələm ələm andırır

bu xəyal incələrə.

Əllərim şam yandırır

söndüyüm gecələrə...

 

Od bələnən nəfəsim

titrədir yanan şamı,

Sanıram buz qəfəsim

yatdığım hər axşamı...

 

Göz yumub gördüklərim

eşqimin dağ-dərəsi.

Açılan ürəyimdir

ruhumun pəncərəsi.

 

Həyatı səsli, sözlü

gecə-gündüz bilirəm.

Səhəri dirigözlü

açmayanda ölürəm...

 

Bu, ölümdür, ya qalım? -

Çətindir seçə bilmək.

Min səhərdir

bir gecə

qəmini içə bilmək!..

 

O tay-bu tay

Bir ürəyin bir tayı var,

O tay nədir, bu tay nədir?!

Bir olanın bir sayı var,

O tay nədir, bu tay nədir?!

 

Gün gün olsun, ay ay olsun,

Torpaq niyə pay-pay olsun?!

Millət niyə tay-tay olsun?!

O tay nədir, bu tay nədir?!

 

Düz olanlarım səhv dildə...

"Günahlarım" yox əff dildə...

Gözüm tikanlı məftildə...

O tay nədir, bu tay nədir?!

 

Dərd Savalan, qəm Qoşqardır,

Sinəsi od, başı qardır...

Tay tanımaz tən vüqardır!..

O tay nədir, bu tay nədir?!

 

Vayı hanı bu hürrümün?!

Yayı hanı bu "sirr"imin?!

Tayı hanı bu şeirimin?!

O tay nədir, bu tay nədir?!

 

Tay olsun tay atan taya!

Sahil-sahil utan taya!

Ey bizi tay tutan taya

O tay nədir, bu tay nədir?

Araz orda, oralıqda,

Həm də burda, buralıqda.

Su aydınlıq aralıqda...

O tay nədir, bu tay nədir?

Bu ayrılıq əfsanədir!!!

 

Türküm, türk oğlunun yuxusu gəlməz

Havası çatmayan bu cahan bürkü...

Türküm, türk oğlunun yuxusu gəlməz.

Əlində "Divanü-lüğət-it-türk"ü,

Türküm, türk oğlunun yuxusu gəlməz.

 

Qorxutmaz məqsədli qınaqlar onu,

Mələklər saf ruha qonaqlar onu,

Elə ayıldıb ki, sınaqlar onu

Türküm, türk oğlunun yuxusu gəlməz.

 

Ər soyun başına dərd-səri gələr,

Xəncər tiyəsindən kəsəri gələr,

Atatürk mehrinin əsəri gələr,

Türküm, türk oğlunun yuxusu gəlməz.

 

Məğrur Ərzurumun yenə sisi var...

Sellər gədikləri yuyub-yayalar,

Ağrıdağ doğacaq aslan qayalar,

Türküm, türk oğlunun yuxusu gəlməz.

 

And içib o Qara, Ağdənizinə,

Mehmetçik bayrağı tutub üzünə,

Qalxıb türk əsgəri "Topraq" sözünə,

Türküm, türk oğlunun yuxusu gəlməz.

 

Dolmaz Anadolu dolu gülməsə,

Bulmaz səhərləri dan sökülməsə...

Veysəlin gözünə işıq gəlməsə,

Türküm, türk oğlunun yuxusu gəlməz.

 

Uzaqlıq - Kaşğari sözündən uzaq,

Azər, türkmən, özbək, qırğızla qazax...

Madam ki, dostumuz, yadımız ortaq,

Türküm, türk oğlunun yuxusu gəlməz.

 

Şumerdir, Albandır - türk namusudur,

Əxlaqı-dastanı "Bilqamus"udur,

Oyanmaq sevinci, yatmaq yasıdır,

Türküm, türk oğlunun yuxusu gəlməz.

 

Ayıq Nizamilər idraka səslər,

Rumi-Yasəvilər, Yunus Əmrələr...

Eşitsin bayanlar, paşalar, bəylər,

Türküm, türk oğlunun yuxusu gəlməz.

 

Qələm göy qətrədən tapırkən murad,

Bir "Dədə Qorqud" yaz, bir"Manas"yarat,

Koroğlu yatanda basıldı Qırat...

Türküm, türk oğlunun yuxusu gəlməz.

 

Fəndgir yağıların üzü döndüsə,

İsti ocaqların közü söndüsə,

Türküm Qarabağdan didərgindisə,

Türküm, türk oğlunun yuxusu gəlməz.

 

Diləkdən nur doğmuş Nuru Paşam, gəl!..

Təklənmiş qalada sınıq daşam, gəl!..

Ertə qalx, sübh dolan, gündüz, axşam gəl!..

Türküm, türk oğlunun yuxusu gəlməz.

 

Düz-dünya içində, ey Turan, döz ki,

Səni düz göstərməz bu dünya güzgün!..

Şəhid ruh narahat, qazi qəlb üzgün!..

Türküm, türk oğlunun yuxusu gəlməz.

Ana əlifbanın sərdabələri -

Bu "Orxon-Yenisey abidələri",

Ayıq düşündülər söz dədələri...

Türküm, türk oğlunun yuxusu gəlməz.

 

Balasaqunludan "Qudatku-bilik",

Dünən sorağında bugünüm ləlik...

Susmaz "Oğuznamə"m, çağlar qan,ilik,

Türküm, türk oğlunun yuxusu gəlməz.

 

"Gültəkin", "Tonyukuq"-tək daş yazılar,

"Tenori" - "Tanrı" sözü-ən baş yazılar.

"Qarındaş" doğulub, "qardaş" yazılar,

Türküm, türk oğlunun yuxusu gəlməz.

 

Yalanın-vur! - deyib, tutanı varkən,

Milçəyin arxada titanı varkən;

Soyuna soyqırım böhtanı varkən,

Türküm, türk oğlunun yuxusu gəlməz.

 

Göyüzü Göytürkün ününü süslər,

Qafqaz, tən Asiya - türksoy uluslar -

Yuxunu gətirən cəhdə əfsuslar!

Türküm, türk oğlunun yuxusu gəlməz.

 

Tutub önü, atıb tərk varlığını,

Qoruyub dünyaya ğörk varlığını,

Oyaqkən qazanıb türk varlığını,

Türküm, türk oğlunun yuxusu gəlməz.

 

Oyun siyasətlər-zaman laylası,

Qoymur göz açmağa anım laylası...

Yəqin, bağışlayar anam laylası:

Türküm, türk oğlunun yuxusu gəlməz!..

Sənə məktub

Məktub yazdım kədərinə,

Kədərəm özüm, gəlmirəm.

Səni xatırladım yenə,

Hardasan, dözüm bilmirəm!?.

 

Çox axtardım ünvanını -

Neçə şəhər, küçə, dalan...

Yerini de, dərdin hanı?!

Dərdsiz, könlüm oldu talan!..

 

Odum ağlayır kağızda;

Gör nəyi nəyə bükmüşəm?!

Onunçün yanmır kağız da

Üstə söz yaşı tökmüşəm...

 

Vaxtsız dəfn etdik bu eşqi...

Zaman - sevgi qəbiristanı...

Qara qələmli aşiqin

Kağız kəfəndir dastanı...

 

Məktub əlimdə...

birdənəm,

Can yaxıb, külə döndərdim...

Külüm dindi:

- Ünvan mənəm,

Məktubu

Külə göndərdim.

 

Gecə yatmaq üçün deyil

Yaman yerdə gecələdik -

Bəla ovutmaqçün deyil.

Neylədiksə, gec elədik...

Gecələr yatmaqçün deyil...

Günah tutmaq üçün deyil,

Gecələr yumaq üçündür...

Gecə yatmaq üçün deyil,

Bəlkə, göz yummaq üçündür...

 

Ruhun göyə uçmayıbsa,

Doğrumusan, ya xətasan!?

Gündüzün nur saçmayıbsa,

Gecələr necə yatasan!?

 

Kömür közdür qara gecə,

Səpələnib yaramıza.

Ara sözdür ara gecə;

Girib sübhlə aramıza...

 

Ulduzlara nəzər salıb,

Ayı mürgülü görürəm.

Mən gecəyə layla çalıb,

Dərdi yuxuya verirəm...

 

Yuxuludur yalan düzlər,

Əlacımız heyranlıqdır!..

Yuxulardakı gündüzlər

Qaranlıqdan qaranlıqdır!..

 

Al məram qürubuna, bil,

Çatmaq gecə içindədir.

Gecə yatmaq üçün deyil,

Yatmaq gecə içindədir...

 

Gecə lal haray qoparıb,

Səs əkib, sükut bitirdim;

Dağı arana aparıb,

Aranı dağa gətirdim:

 

Bu an xəyalım yapışır

Sualların yaxasından.

Fikir köhlənlər çapışır,

Yuxum qalxır yuxusundan -

 

- Nə danışdım?

Düzmü etdim?

- Bəlkə, heç dinməməliydim?

- Niyə ötdüm? Hara getdim?

- Bəlkə, mən dönməməliydim!?.

 

Bu var-gəllər keçən deyil:

Vicdan cövhəri, mətidir.

Gecə yatmaq üçün deyil,

Oyaqlığın zülmətidir...

Ölüm keçsin...

Diksindirdi bu səs, bu ün,

Xəyala dala bilmədik.

Əridi qələm ömür-gün,

Bir vərəq dola bilmədik.

 

Vücudumuzun bolu su,

Olduq bir qafa dolu su.

Döydü quraqlıq dolusu,

Sünbültək dola bilmədik.

 

Nədən gen düşdük rəhmdən;

"Fələklər yandı ahimdən"?!

Ölüm keçsin günahımdan;

Söz üstdə "ölə" bilmədik...

 

Əsrləri çağ elədik,

Təpə eşqi dağ elədik...

Füzun yazıb ağ elədik;

Füzuli ola bilmədik!..

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!