Şeytan
Gəzir, dolaşır qanımda,
çırpınır hər həyəcanımda,
bu yazıq bədəni meydan
etmiş özünə şeytan…
Ölmür, itmir, batmır,
sıxılıb qalır ruhumda
yaşananların xatirəsi,
çıxır canımın üzünə
günahlarımın şirəsi,
daraşırlar taleyin bəlaları;
şeytan balaları
şeytan yuvalarında -
gözlərimdə, dilimdə, qulaqlarımda
qaynayırlar, qarışırlar,
qarışqalar yem daşıyırmış kimi
daşıyırlar dünyanı içimə;
şeytan yedizdirirəm,
şeytan böyüdürəm içimdə.
Doğurlar, törəyirlər
baxışlarımdan, toxunuşlarımdan…
arzularım canımda şeytan yumurtaları -
çat verirlər, qırılırlar sözlərimdə,
gülüşlərimdə,
şeytan balaları
civil-civil civildəşir sevincimdə -
şeytan yetişdirirəm,
şeytan çoxaldıram içimdə…
Artırlar, artırlar,
ruhumu didirlər, dartırlar,
xortumları ləzzət çəkir canımdan,
ətimdən, qanımdan
yeyirlər, artırlar,
gözümlə görürlər,
əlimlə dəyirlər artırlar,
dilimlə deyirlər artırlar,
artdıqca
mələklər sıxılır canımda,
şeytan fışqırır sözlərim, baxışlarım -
şeytan görünürəm, şeytan daşıram,
şeytanlaşıram…
şeytan dolur içim, çölüm,
şeytan dolu çölüm, içim,
sənə sığınıram, İlahi,
"əuzi-billahi min əş-şeytanir-rəcim".
Kasıb insanlar
Məbədlər kimidir kasıb insanlar
uçulmuş, sökülmüş görkəmləriylə,
qırılmış, tükənmiş arzularıyla…
varlıqlarındakı yoxluqlarıyla,
boşluqları saran ümidləriylə,
heçliklərə varan sevdalarıyla,
gurlayan, parlayan insanların yanında
susqunluqlarıyla, solğunluqlarıyla,
köpürən, daşıran zamana baxıb
şaşqınlıqlarıyla, durğunluqlarıyla
məbədlər kimidir kasıb insanlar.
***
Harda bu nəğməni eşitsən
donacaqsan,
elə durduğun yerdə çəkəcək səni xatirələr,
anacaqsan…
adamlar keçəcək yanından,
kimi baxıb güləcək,
kimi "olur" deyəcək,
sən başqa dünyalarda,
sən bu qədər adam içində tənha-tək,
çox-çox uzaqlara dalğın...
birdən nəğmə kəsiləcək,
sən şaşqın, sən durğun
baxacaqsan soluna, sağına...
sonra gülümsəyərək
çıxıb gedəcəksən qayğılarına.
***
Bu dəniz əvvəldən çəkirdi məni,
sahillərində dönürdü başım,
elə istəyirdim sulara dönüm,
sonsuzluqlarına axım qarışım,
fırtınalarında çağlayım, coşum,
məchulluqlarına baş vurum gedim,
şəffaflıqlarında durulum durum,
maviliklərində əriyim itim…
bu dəniz çəkirdi, çəkirdi məni…
ya mən bu dənizi fəth etməliydim,
ya da batmalıydım dərinlərində.
mən belə çarəsiz qalmamalıydım
indi bu dənizin sahillərində.
Sevdiyim qadınlar
Aldanışlarında açdılar,
yalvarışlarında söndülər…
ilğıma, xəyala döndülər
bir zaman, bəlkə də indi də
sevdiyim qadınlar…
Bu ürək, bu ürək,
çıxarım daşlara vurum,
kimsəni sevmədi sonadək,
mənə ömürləri verdilər,
mənə taleləri qıydılar,
nə etdim, nə yapdım
mən sərsəm, mən eşşək…
Bir vaxt cənnətin sularını
dinlədiyim səslərində,
indi ruhumu sarsan cəhənnəm alovları -
xatirələrin qiyaməti…
öncə səhərlər kimi açıldıqlarım,
yayıldıqlarım,
sonra axşamlar kimi darıldıqlarım,
sıxıldıqlarım,
guya bir metafizik səbəbdən
amma əslində bir başqasına görə
ayrıldığım, ayrıldıqlarım,
gecələr yuxularıma sarılan ilanlar,
səbəbsiz uzaqlara daldıqlarım,
hərdən köks ötürüb gizli bir qürurla
gənclərə danışdığım filmlərim, macəralarım -
sevdiyim qadınlar.
Bir vaxt cənnətin sularını
dinlədiyim səslərində,
indi ruhumu sarsan cəhənnəm alovları.
***
Cənnətdən bir bağçamı, atəşdən bir çuxurmu,
Bir əzəli oyanış, bir əbədi yuxumu,
Bir varlığa qayıdış, bir heçliyə dönüşmü,
Həqiqətmi, yalanmı, gerçəkmi, görünüşmü,
Sonmu, sonsuzluqmudur?..
Bu məşum müəmmanın bir cavabı yoxmudur?
Düşündükcə dərindən ruhum bədəndən çıxır,
Üfüqlərim daralır, qəbrim indidən sıxır.
Ya bəlkə düşünməmək çevirmək bu varağı,
Amma ölüm… var axı.
Hər an addım səsləri qəlbin döyüntüsündə,
Hər an artan kölgəsi ruhun görüntüsündə,
Hər an bir az da yaxın,
hər an bir az da gümrah,
Bu gün, sabah, nə vaxtsa boğazımdan tutacaq
Bəlkə gələn nəfəslə, bəlkə gedən nəfəslə
Gələr nə yaşa baxar, nə həvəsə, nə fəslə…
***
Nolursan bir dəfə yollarıma çıx,
Elə bircə dəfə uzaqdan görün.
Arzu da, ümid də tükəndi artıq,
Bir şeyi qalmadı bu fani ömrün.
Elə bircə dəfə, elə bircə an
Görün təsadüfən, görün qəfildən.
Diksinim, dayanım, baxım uzaqdan,
Bir ömür bu anı gözləmişəm mən.
Gözlərim gözlərdə, pəncərələrdə,
Bir xəyala dustaq baxışlarımdan.
Hər an gözlədim ki, elə indicə
Hardansa, kimdənsə boylanacaqsan.
Uduzdum bu ömrü, itirdim səni
Zamanla məkanın oyununda mən.
Darıldım, sıxıldım, gərildim, səni
Qopara bilmədim xatirələrdən.
Arzu da, ümid də tükəndi artıq.
Bir şeyi qalmadı bu fani ömrün,
Nolursan bir dəfə yollarıma çıx,
Elə bircə dəfə uzaqdan görün.
***
Bax gözlərə, bax üzlərə.
varmı bu adamlar içində
ürəyi yarasız bir adam,
varmı xatirəsiz bir adam?
Kimi yaralamadı,
kimi kəsmədi ki zaman
ən gözəl sevdasından.
Mənim o yaşıma çatırsan indi
Mənim o yaşıma çatırsan indi -
atılmaq yaşına.
Nə böyük həvəslə, nə böyük həzlə
mən indi çıxardım sənin qarşına.
Mənim o yaşıma çatırsan indi -
çarəsiz yaşıma, dəli yaşıma.
Gəl, gir də bu yaşa gör
nələr gətirmişdin mənim başıma.
Mənim o yaşıma çatırsan indi -
qədər yaşına,
ayrılıq yaşına, kədər yaşına,
bu qoca dünyanın, bu sirr dünyanın
etmə edərlər yaşına.
Durub gözləyirdi tale o vaxtdan,
səndən sakit, səssiz hesab soracaq,
qəlbinə gömdüyün o xatirələr
dirilib qəlbində məhşər quracaq.
Sən elə xoşbəxtəm, xoşbəxtəm deyə
şübhəli gözlərdən saxlanacaqsan,
amma ürəyinin neçə yerindən
gündə neçə dəfə dağlanacaqsan.
Kimsə görməyəcək, mən görəcəyəm
ruhundan cəhənnəm fışqırdığını.
Gecələr qəlbimlə dinləyəcəyəm
qəlbinin səssizcə qışqırdığını.
Mənim o yaşıma çatırsan, çat, çat,
mən sakit öləcəm, sən qalacaqsan,
ta ölənə qədər elə o yaşın
lənəti içində qıvrılacaqsan.
***
Nə verdisə aldı zaman,
baş açmadım bu hesabdan,
üstə gəlir, vurur, çıxır,
bölür yenə qalır sıfır.
Min illərdir belə gəlir,
belə gedir qoca həyat,
dəyişir insanlar, zaman,
dəyişmir bu riyaziyyat.
İnsan oğlu ləzzətlərdən
acılardan ömür yığır
yığır, yığır, artır-çıxır -
yenə sıfır, yenə sıfır.
Nə fərqi var bu hesabın,
ya bir sıfır, ya on sıfır,
bir deyilmi əvvəl-axır,
önun sıfır, sonun sıfır.
Bu dünyada hər şey sıfır,
dərdə-qəmə batma belə,
harda düşsən, harda qalsan,
dur sıfırdan başla yenə.
***
Lənətləyin ilk dəfə
çiçəyi tapdalayan insanı.
Heç şübhəsiz elə o
çiçəyin ahı tutdu dünyanı.
***
Ey ulu Qələbə, ey ulu zəfər,
ey göz yaşlarını donduran qəhər,
illərdir həsrətindəyəm!
Gəl!
Nə canlar getdilər uğruna,
nə qanlar tökdülər umruna,
yoluna şəhidlər döşədim,
bir ömür gözlədim,
gəl,
çiçəklə, güllə də olsan,
sinəmə sancılan güllə də olsan.
Gəl, şəhid ruhları çağırım,
sonunda mən də
bir köküs dolusu bağırım:
- Qələbə! Qələbə!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!