Ustad şair Rəsul Rzaya
Bir bahar səhəri,
Quşların nəğmələri,
Sübhün gözlərindən
Şehi silirdi.
Qoşulub bu səhərə
buludlar gülür,
yarpaqlar sevinirdi.
Candan can qopmuşdu o gün,
Cana can hopmuşdu o gün.
Körpə qığıltınla həyat ayılmışdı,
Göyçayda Ana qucağında.
Ata ocağında,
Bir tonqal da qalanmışdı,
Gəlişinlə.
Gəldin…
Dünyaya adını gətirdin,
Anandan atanın andını gətirdin.
Adını elçi qoydular,
xoş xəbər elçisiydin axı.
Kənd qapı-qapı döyülmüşdü,
oğul müjdəsiylə.
Sənə elçi adını verənlər
bilmirdilər,
gələcəyin elçilik edəcək zamana.
Bilmirdilər, şeirlərin körpü olacaq
dünəndən - sabaha.
Təvəkkül Allaha,
vermişdilər Rəsul adını sənə.
sənə verilənə,
möhür vurdun göyqanadlı düşüncələrinlə.
Solmadı sözlərinin rəngi.
"Rənglər silsiləsi"ndən boylandı,
talelərin ahəngi.
Sənə fərqsizdi millətlərin irqi.
Bəşərin vicdanından asdığın insan şəkli,
insanı özünə endirdi,
özündən qaldırdı,
düşündürdü,
düşündürür,
düşündürəcək.
Gələcək,
şeirinlə gələcək,
sübhün görüşünə.
Şeirlərinlə sevgi toxumu əkdin,
gələcəyin bətninə.
O sevgidi göyərir,
budaqlayır,
yarpaqlayır.
Hər il zaman üstünü torpaqlayır,
yenə boy verir şeirlərin
dərinliklərindən ürəklərin.
"Qızılgül olmayaydı" əsərindən
Oxucun qönçə ətrini duydu, şair!
Sənə öz sözlərindən
Zaman sevgi abidəsi qoydu, şair!
Bu gün,
O abidənin önündə
Əyilir ölüm.
Torpağına söykənən
çinar ömrün
elə kölgə salır ki, altına.
May yağışı yağır kölgəndən
Şeirimizin quraqlığına.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!