Məktub
Sovet İttifaqı Qəhrəmanı
Əvəz Verdiyevin Laçındakı heykəlinə
Səni xatırlayanda xəcalətimdən
ölüb yerə girirəm, Həşimin oğlu!
Adamı xatırlayana
belə xəcalət verərlərmi, kişinin oğlu?!
Vətəni səni kimi sevəcəyimizə
and içirdik pionerə, komsomola keçəndə.
Tanrı hər şeyi görk elədi -
ağ yalanlarımız ağardı
gecənin üstünə səhər ağaran kimi...
Biz qaçdıq sən çiynində avtomat,
Laçın adlı yurdunla əsir düşdün.
Səndən bir az yuxarı - abidənin altda
Ana heykəli dizinin üstündə körpəsi
arxamızca baxa-baxa qaldılar.
Gözlərindən yayınaq deyə
çoxumuz Laçından gecə çıxdıq,
Elə o çıxan-bu çıxan -
nəfəsimiz üstümüzdə heçə çıxdıq.
Laçından çıxandan sonra bildim -
daş olsa da, heykəllər də qanır,
Heykəllər də içində çəkir,
içindən doğranır.
...Laçında qış soyuq olur,
əllərini ovuşdurmaq, isitmək istəyirsən.
Bir də salam yazmadım,
bilirəm, salamı oxumaq yox,
dilimizdən eşitmək istəyirsən!
Ürək söhbəti
Ayrılıq, dostum, aradan
sel aparan körpüdü,
Sənə iki yol qalır -
Ya geri qayıtmaq,
ya dizi qucağında
çayın qırağında oturmaq...
Birinciyə ürək lazımdı,
İkinci də ürək istər.
Baxır sən hansı ürəyə sahibsən...
Ayrılığın payız yağışı
xatirə mozaika
Kövrək xatirələr qaldı nə qədər, -
Heç bilmirəm pisdi, yaxşıdı, tellim.
Zəng edib dəstəkdə o hönkürməyin
Ayrılığın payız yağışıdı, tellim.
Taledən, yığvaldan ağzım yanıxdı,
Sevgini məlhəmtək ağrıma basdım.
Yanına gələndə səndən daha çox
Sənin təkliyini bağrıma basdım.
Özün bilirsən ki, çox sadəlövhəm
Mən günü bu gün də uşağam, tellim,
Həmişə bərk-bərk tapşırardın -
"Çənəndən öpməyə heç kəsi qoyma!"
Heç kimə deməyə üzüm gəlmədi,
Bilirsən ki, üzüyumşağam, tellim.
Hələ yadımdadı Nohurgölündə
Dedin ki, qorxuram - suya baxanda -
Bir yerdə sulara əksimiz düşür.
Bir də ki, yadıma sənin evində
Şamın işığında rəqsimiz düşür.
Kövrək xatirələr qaldı nə qədər, -
Heç bilmirəm pisdi, yaxşıdı, tellim.
Zəng edib dəstəkdə o hönkürməyin
Ayrılığın payız yağışıdı, tellim.
Yıxılasan
Əlibıçaqlı qova səni,
Qapı ağzında yıxılasan.
Nazlanır nazın nazdan naza,
Səni nazından yıxılasan.
Aşa bilmədim nə sədd qaldı?!
Ürək yenə də həsrət qaldı.
Kimsən, oxuyan? - cəsəd qaldı,
O avazından yıxılasan.
Sözün varmı, adam şəkilli?!
Həm dərdlisən, həm də fikirli,
Qışdan çıxıb dili şükürlü, -
İlin yazında yıxılasan.
Xatirələr sərgisi
Sənli xatirələrim olan yerə
baş çəkdim bu axşam,
Sətəlcəm adama titrətmə kimi
Bu cana sevginin əsəri gəlir...
Mənim başıma xeyir -
Hələ sevgidən məstəm, sərxoşam.
Məzara baş çəkənlər kimi...
Gözlərim doludu, əlləri boşam.
Saata baxıram - səkkizə qalır...
Mətbəx pəncərədən qaraltın keçir.
Yəqin, yenə çayın qaynayır
Mən olsam deyərdim - dur altın keçir.
Evinizin hər tərəfində
Xatirələrin sərgisi qalıb.
Həm iliyə işləyən qışın sazağı,
Həm yayın qovuran bürküsü qalıb.
Xatirəsiz bir yer yoxdu,
Bax burda bir dəfə dilin "gəl" - dedi,
Bax burda bir dəfə "bir ayaq saxla".
Deyirdin maşını tanıyırlar
daldaya çək, uzaq saxla!
İkimiz bir yerdə görünmədik heç
Tanrı verən eşqi gizlin yaşadıq.
Günahkar olsaq da bir onu billəm
Biz elə sevginin əslin yaşadıq.
Sən bir az təşərdin, bir az cilvəli,
Maşında güzgüdə dil çıxardırdın...
Elə gəlməliydim kimsə duymasın,
Qapıdan içəri girirdim sonra
Paltomun altından gül çıxardırdım.
Dağıldı dörd yana xatirələr
Küçədə, maşında, güzgüdə qaldı.
Yığıb topalaya bilmədik,
Heyif! Xatirələr sərgidə qaldı.
Əsgərlərimizə
Sizin qarşınızda ikiqat ollam,
Bu yurdun ən təmiz, duru yerisiz.
Vətənin gözünün dikənəcəyi,
Xalqın ürək qutu, qürur yerisiz.
Parçalanmış yurdu bir yerə yığmaq, -
Sizdən bundan özgə nə umuruq biz.
Bir Allah bilir ki, hər gələn gecə
Sizə umud olub göz yumuruq biz.
Nə qədər meydanı daraldı onun, -
Qoy şaxı açılsın - o bayraq üç rəng!
Onun bir adı da sevinc göz yaşı, -
Ondan gözəl olmaz gözümdə heç rəng!
Nə vaxt döyüş olur, torpaq qayıdır,
O bayraq sizinlə irəli gedir.
Əsgər yoldaşının son nəfəsidi -
Bax o da dayanmır, yaralı gedir.
İllərdi ürəkdə bir arzumuz var, -
Düşmənin burnunu əzəsiniz bir!
Tanrı çox görməsin - qalxsın bu töhmət-
Papağı yan qoyub gəzəsiniz bir!
Yan-yana sıx durun düşmən önündə,
Amandı sıranız olmasın seyrək!
Tağbənd körpülərin daşları kimi
Biri-birinizdən bərk yapışın, bərk.
Sizin qarşınızda ikiqat ollam,
Bu yurdun ən təmiz, duru yerisiz.
Vətənin gözünün dikənəcəyi,
Xalqın ürək qutu, qürur yerisiz.
Səni unutmaq olmur
Məhbusun illər sonra
unutmadığı təkadamlıq
məhbəs kimi,
Şimşəkdən sonra
ağlımıza gələn səs kimi
Səni unutmaq olmur.
Elə bilmə yad kimisən...
Güllərdə bildiyim ətir,
Meyvələrdə tanıdığım
dad kimisən
Səni unutmaq olmur.
Bir misal deyim, -
Çınqılda necə gəzər,
nəyi unutmaz ayağıyalın?!
Hər vaxt xatırlanan
ölüm kimisən, zalım,
Səni unutmaq olmur.
Təbəssüm
Şəkil göndərdin -
dodaqlarında bir topa təbəssüm
bir topa çiçək kimi...
Ovqatım təzələndi,
yoxa çıxdı incikliyim, umu-küsüm.
Dodaqlarında bir topa təbəssüm -
bir topa çiçək əvəzi,
Stola qoyulmaz, meydan istəməz,
Hər yerdə yanımdadı -
su istəməz, güldan istəməz.
Dodaqlarında bir topa təbəssüm -
bir topa çiçək kimi,
Ətri sardı dörd yanımı...
Təbəssüm küsü saxlamaz!
Şəhərin heç bir gül satanı
belə buket bağlamaz.
Bir qadın ola
Bir qadın ola, -
Sevib sonra dalaşasan,
Küsdürəsən, küsəsən...
Barışanda hönkürüb ağlayacaq qədər
səni sevdiyinin şahidi olasan.
Həm özünü qınayasan,
Həm də bığ altından güləsən,
Belə bir qadın ola
Özünü xoşbəxt biləsən...
Sevgi aclığı
Nə ad qoyulur qoyulsun -
bütün korluğum, aclığım
Sevgi adına korluğumun,
yanında heç nədi, tellim.
Bircə sevgi aclığım
sən olmayınca keçmədi, tellim.
Göz sevginin ardınca yaşarır, tellim,
Sevgi aclığı nəfəs aclığı kimidi
Almasaq içimiz boşalır, tellim!
Dua
Ağaclar barıynan,
dağlar qarıynan,
Göylər quşuynan xoş olur.
Tanrım, heç kəsi sevgisiz qoyma,
Sevgisiz bəndə lələk kimidi, -
içi bomboş olur...
Xallım
Tanrım elə şans tanıya,
Nazını mən çəkəm, xallım.
Mən varam - mən olan yerdə -
Sənin dərdlərin kəm, xallım.
Basdıqca yanına qədəm
Doğma adamtək ərk edəm, -
Səni öpüşə qərq edəm,
Zəhləni də tökəm, xallım.
Kim olar ki, sən busatda?!
Yaranmısan xoş saatda.
Həm sevgidə, həm həyatda
Mən tək oğlu təkəm, xallım!
Qarışqa qısqanclığı
Sənə zəng gəldi...
Nə bilim hansı qohumdan,
hansı kəmfürsətdən
görüş yarımçıq bitdi,
Çaya da vaxt olmadı...
Süfrə alt altdan qaldı, üst üstdən.
Ayrılanda bağının əncirindən
pay qoydun - üstü qarışqalı.
Mən də yarımçıq görüşün acığına
yolboyu qarışqasıyla yedim payını.
Qarışqalardan biri fürsət tapıb
dilimi dişlədi - verdi "vay"ımı.
Qarışqa ya sənin qisasını alırdı,
ya əncirinizin.
Əncir olmasaydı deyərdim qarışqa acdı,
Qohumlarının adı çıxıb,
Qarışqaların qohumlardan qısqancdı.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!