Nə sən gələrdin ağlıma...
Həsrət dağılır səssizliyimdən
Şəhərin boz sinəsinə
Yalnızlığıma bulaşır şəhər
Şəhərə qarışır yalnızlığım.
Və mən yenə xatırlayıram səni,
Bəlkə, indi payız olmasaydı
Bəlkə, dumanlı havaya qoşulub
Ucuz şərabla,
Keçən günləri sisli gözlərimdən keçirməsəydim
Sənə bənzəyən
Eynən sənin kimi saçları çiynini öpən
Yerişi bir yaz axşamı yağan zərif yağış qədər incə
Və hamıdan kirimiş,
Səssizcə yanımdan ötən qızı görməsəydim.
Nə sən gələrdin ağlıma,
Nə sənin gedişindən sonra hər payız
başsız qalan çiynimin ağrısı...
Xəyallarını ümidlərdən ayır, Əli...
Yeniyetmələrin zirzəmilərdə gözlərdən iraq
çəkdiyi siqaretlərtək
Ayıb bir şeymiş kimi içində gəzdirdiyin sevgi
Sevgi deyil, Əli...
Dağıt həyatını köhnə məhlələr kimi,
Dünənlərinin aynasından acıqla gülməsin deyə xatirələr
Sındır bütün güzgüləri...
Uçurt özülünü sabahların
Pərən-pərən elə həyatının sütunlarını
Qaç evindən
Qaçanda yaddan çıxarma
Sevinclərinin altını söndür,
Xəyallarını ümidlərdən ayır, Əli...
Sevgini və ümidlərini
Daşıyacaq sabahın,
Böləcək kimsən qalmayıb
Sonuncu pulunla aldığın kökənin
Yarısını quşlara atırsan
Pişiklərə verirsən yarısını, Əli...
Dodaqların toz tutub
Gecənin qaranlığını yumaq istəyir yağış
Dünyanın işıqları sönüb,
Ovcunda içini çəkə-çəkə yanan siqaretin
gücü çatmır qaranlığa.
Nabələdsən bu şəhərin küçələrinə
Yadsan bu şəhərin qaranlığına
Büdrəyirsən hər addımda.
Sərxoşluğun heç kimə tanış olmayan dildə
danışır yalnızlıqla,
Bir kimsənin anlaya bilmədiyi dildə susmusan...
Uşaqlıqda evinizdəki köhnə xalçanın
saçaqlarıyla oynayarkən
Necə sakit olurdunsa eləcə kirimisən
Dodaqlarını toz tutub,
Susmusan...
Yoxluğun himni
Hardasa çox uzaqda
Görməsəm də bilirəm
tərli güzgüyə baxıb kimsə şeir oxuyur,
Bir də balaca uşaq yatmamaqçun ağlayır,
Anasının saçlarını yaylıq kimi tutub əlində.
Əl-ayaq kəsilir həyətdən
Analarından qabaq,
Uşaqları evə səsləyir isti yeməyin qoxusu
Bir azca da uzaqda kimsəsiz qoca qalır,
İllərdir evinin tavanında gəzir itirdiyi yuxusunu
Hardasa çox uzaqda, görməsəm də bilirəm
Yoxluğun himnini bəstələyir saatın əqrəbləri.
Tanıdığım qadın
Ölümə bərabər bir günün
Son akkordlarını vurarkən
Payızın yağışlı bir gecəsində
Səni xatırlayıram.
Pazltək yığıram səni
Aha əllərin
Gözlərin də burdadı
Bu ayaqların,
Bu çiyinlərin,
Gözlərin burda,
Saçların burda
Əllərin əl yelləyir uzaq dünənlərdən...
Sən hardasan,
Tanıdığım qadın?
Yerişin zəif yaddaşımın dumanında itib.
Necə darıxırsan,
Necə gülürsən
Gözlərində neçə yalnızlıq çiçəyi bitib
Neçə ümid öldürmüsən qollarında...
Həvva və Yeva üçün
Darıxmağın dili yoxdu
Polad əlləri var sıxmağa ürəyini.
Böyük ayaqları olur -
Hara getsən tez arxanca gəlsin deyə
Qollarını zəncir kimi sarıyır bədəninə...
Hər kəs ayrı-ayrı yerlərdə darıxır
Darıxmağın yeri olmur,
Küçəsi olmur,
Saata baxmır,
Təqvimlə dəyişmir
Bəzən elə darıxırsan ki...
Neçə əsri olur,
Neçə ili olmur...
Darıxmağın rəngi olmur,
Dan yerinin solmuş işıqlarına qarışır,
Qürubun qaçqın rənglərində itir,
Kimsə məğribdə,
Kimsə məşriqdə
Darıxır
Biri Həvva,
Biri Yeva üçün...
Gözəl şeylərin,
Darıxmağın, sevməyin
Hətta ölməyin belə
Dili,
Rəngi yoxdu heç harda...
Bütün darıxanların,
Sevənlərin və ölənlərin
Eyni olur gözlərindən üfüqə uzanıb
ölümü gözləyən günəş...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!