Səmərqənd - "Gur Əmir"də düşüncələr... - Sona Vəliyeva

 

Son zamanlar poema janrında boşluq olduğu, janrın sıradan çıxmaq reallığı ilə üz-üzə qaldığı danılmazdır. Bunu Ədəbiyyat İnstitutunda "İlin poema mənzərəsi" ilə bağlı ardıcıl etdiyim elmi məruzələrdə də səsləndirmişəm. Amma meydana çıxan bəzi istisnalar problemə yenidən baxışı aktuallandırır. Ötən həftələrin birində Nəriman Həsənzadənin Milli Qəhrəmanımız Mübariz İbrahimova həsr etdiyi "İstiqlal əsgəri", eləcə də bu gün "Ədəbiyyat qəzeti"nin oxucularına təqdim olunan Sona Vəliyevanın "Səmərqənd - "Gur Əmir"də düşüncələr" lirik poemaları janrın, xüsusilə tarixi mövzunun poetika axtarışlarının istiqamətini ifadə etməyə imkan yaradır. Bu gün poema janrı müəyyən nümunələr timsalında keçmişimizin miyqaslı hadisələrinə yenidən qayıdır, tarixi şəxsiyyətlərimizin obrazını, şanlı türk epoxasını yaradan sərkərdələrin daxili güc və əzəmətini lirik-epik janrın sınağında təcəssümə çalışır.

Sona Vəliyevanın poeması Səmərqənd səfəri zamanı yaşanılan hisslərin təzahürüdür. Müəllif bədii vasitə kimi Əmir Teymura xitab və monoloq üsulunu seçmişdir. Xalq və sərkərdə taleyinə, dünəndən bu günə gələn yola qayıdış cəhdi burada "düşüncə səyahəti" kimi yalnız bədii-tarixi reallığında deyil, həmçinin romantik boya qatışığında təqdim olunur. Poema məhz bu problematikanı ehtiva edir: millət, milli düşüncə, milli perspektiv məsələləri! Və Əmir Teymurun simasında bunun səciyyəsini - ideya zəminini, ideal və real ölçülərini verir.

Elnarə AKİMOVA

Sona Vəliyeva

Səmərqənd - "Gur Əmir"də düşüncələr...

Ruhun qorunduğu,

sözün bitdiyi, heyrətin

sükuta yendiyi

yerdir bura,

Əmir Teymur!

 

Yuxumda gördüyüm kürsümdə

yarı insan, yarı Qurd donunda

elə bir andaca

görünüb gözümə,

yox oldun yenə...

Günəş Tanrının mərhəmət,

səxavət üzü...

Günəşin şüaları

dəyişdirir qəbir daşının

rəngini...

Əzəmət, heyrət, səndən

danışılan əfsanələr,

sehrləyib insanları...

Cazibən min-min heyranını

Sorğu-sualsız qarşılayıb,

yola salır...

Əsgərləri övlad kimi

bəslədiyin, nar şirəsi sıxılan

daş dibəklər danışır: ...

Əmir olanın, əsgəri dəmir kimi

möhkəm olmalıymış, -

demə...

Daş divarlarda

Qurdun baxışı, öz baxışın,

Əmir Teymur!

Min illər sonra da

yaddaşları oyaq tutacaq.

qurd rəsmi

görünür gözümə...

"Camal, huyy, huyy" - deyə

yaşlı qadın türbə önündə

nəvəsini axtarır.

Qurd ulamasına bənzəyir:

"huyy, huyy"...

Doğrumu,

deyirlər, sərkərdələrin

şəhid olanda,

sən "huyy" çəkəndə

yerlə göy qovuşarmış...

Dağ-daş ovularmış

Qurd qiyyəsi,

Qurd əsgərlərin yası, xiffəti,

öc andı, əsgər dəyəri,

övlad məhəbbəti...

Deyirlər qələbə müjdən,

Şükranlıqla qovuşan gün,

dağ başında, Ay işığında

qıldığın namaz

çoxdan Tanrıya qəbul,

Əmir Teymur!

Yüz illərdir, Əmir,

Türkün qum saatı

Zamanı qürurla çevirir,

Sevin!

Üzümüz günəşə doğru yol gedirik.

Ruhumuz Tanrıya

iman və məhəbbəti,

İçimiz Fateh sevgisini, nəsihətini

ocaqda od kimi qoruyur.

Nəsihətin, vəsiyyətin ömür yavanlığımız,

Tarixin qapıların

Nəsihətinlə, ədalətlə

üzüağ açırıq, Əmir!

Dedilər, pirdən, mürşüddən

ayaqda uyumaq vəsiyyətin

könül rahatlığın, -

Tanrı məqamında, işıq kimi

ucalmağın.

Dedilər, "Əmir Qarabağa aşiq",

Dedilər, "Əmir Qarabağı gözələ

bənzətmiş".

Bu gün Qarabağ qara sevdam,

Əmir!

Ruhun qələbəsi,

Türkün zəfəri,

Qurd qiyyəsində

Sənə çatan gün

duyuram çox uzaq deyil.

Deyirlər pirlər piri

Əmirin,

"Tanrı qulu Teymurun"

Haqq məqamında nur yeri var...

Qələbə günündə,

üçrəngli bayrağın

Ay üzünə kölgə saldığı zaman

türkün yeni zəfərində

görüşənədək,

Əmir Teymur.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir! 

 

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!