Sevgi ölkəsi
Sevmək başqa bir ömrə səyahətmiş, sən demə
biletimi almışam, cibimdədi
özüm gedəcəm bu yolu,
əllərimdə illərin yorğunluğu...
"Səni sevirəm"i axtaracam yol xəritəmdə
görən, harasında gizlənib bu müdhiş cümlə
hansı küncündə ağlayır
hansı bucağında darıxır
hansı köşəsində sevinir... bilmirəm...
Elə bir şəhər olmalı mütləq
bir kaşifin tapıb ortaya çıxardığı
adını "səni sevirəm" qoyduğu
turistlərin axışdığı şəhər
bələdçilərin xoşbəxtcəsinə danışdığı
küçələr, parklar, muzeylər...
adamların şəkil çəkdirdiyi...
hansı xoşbəxt bucaqda...
hansı uşaq çığırtısında...
hansı yağışlardan qoruyan ağaclarda...
O şəhər hardadır görən
o şəhərdə yaşayan varmı
ölən varmı
bilirəm, o şəhərdə adamların cibi üşümür
maşınların səs-küyü yox orda
zibilqabları da gözə dəymir.
Uşaqların göz yaşı şeirdir o şəhərdə
qocaların yerişi nəğmə...
Gecələr düşmür o şəhərə
bəyazlara bürünüb yatır gecə...
Gecənin eskizi
Saat gecənin ağır-ağır çırpınan ürəyidi,
bilmirəm, ömrün hansı günüdü, ayıdı,
içimdəki adamlar yuxular aləmindədi.
Saat kibrit alovu kimi
darıxan pəncərə işıqlarıdı.
Bilmirəm, ömrün hansı günüdü, ayıdı,
qaranlığa batmış küçədə
rəngli karandaşlar kimidi
indi günəşi arzulamaq,
indi adamların xorultusudu
məhəllə-məhəllə gəzən,
dənizdəki balıqların səsidi bulvarda dolaşan,
dalğalanan dəniz indi durğundu,
ömründə susmayan külək indi yorğundu.
Sərxoşların ağacları qucaqladığı anlardı indi,
indi itlərin zibil qutularında sümük axtarışıdı,
kişilərin səssiz hıçqırıqlarıdı gecədən gələn,
körpələrin yuxuda süd gördüyü vaxtdı.
Saat gecənin öldüyü saniyələrdi,
bilmirəm, ömrün hansı rəngidi, suyudu,
siqaret tüstüsünün ilan kimi
süründüyü dəqiqələrdi,
kiminsə ağrılarıdı, əzablarıdı sayrışan işıqlar
gecədi, söndürün şəhərin işıqlarını...
güllələyin gecənin bətnini...
Ayaqlarından
yetim qalmışdı küçələr
Şəhərə anamın qalıqları yağırdı,
saçıma qonurdu əlləri
günəşə oxşayan əlləri...
İslanmış küçəyəm indi mən,
maşınların işıqlarında görünən
qaranlıqlarda yox olan küçə
bir nəfərin gələ bilmədiyi küçə...
O bir nəfər
onu deyirəm
saçıma qonurdu əlləri
yoxluğunu Yer kürəsindən asmışdı,
xatirəsi sulu qara çevrilmişdi,
ayaqlarından yetim qalmışdı küçələr
kağızlarda oxunmurdu kəlmələr...
Sənsiz qalıb o küçə
uşaqlarla dolu küçə
burdan bir ömür keçə
üstünü örtə gecə...
Uşaqlığın son akkordu
Onda hələ atamın əlləri günəşi əvəz edirdi,
onda hələ adamlar incitmirdi adamları
onda hələ topumuzu
parçalamamışdı pis adamlar...
Yağış tez-tez yağardı şəhərimizə,
islanardıq yarpaq küçələrdə,
binalarda axşamlar işıqlar çox yanardı,
uşaqlar aydınladardı qaranlıqları...
Onda hələ anamın üzündə uşaqlar qaçışardı,
onda hələ ağlamazdı anamız
onda dizimizin qanamasına gülərdik
onda hələ darıxmazdıq, tənhalaşmazdıq
islanardıq söyüd qoxulu küçələrdə,
tez yatardıq bürkülü iyun gecələrində...
Və onda həyat hələ həyat deyildi
hər yer balacaydı, körpəydi
oyuncaqlarımızı aparmırdı küləklər...
Bağışla
Mən gedəndə yarpaqlar tökülmüşdü o parka,
bir az içmişdim,
şəhərə sənin adını pıçıldayırdım
sərxoşdum, bir az qışqırdım,
qabağıma çıxan qızlara sataşdım, bağışla.
Paltarım bədənimə yapışmışdı elə bil,
adamlar işıqdan çıxıb arta-arta
bir qatar kimi üstümə gəlirdilər,
bu da sizin yol, tez-tez görüşdüyümüz yerlər
sənin keçdiyin küçələrə tüpürdüm, bağışla.
Daha gözəl qızlarla baxışdım bu gün
sonra başladım arxanca deyinməyə,
ağzıma gələni deməyə, söyməyə,
Tanrını, səni, yoxluğunu...
sənə aldığım gülün başını üzdüm, bağışla.
Küçəmiz sizin küçəyə bənzədi
bircə zibil maşınıdı fərq
qaranlıqda ağaca dırmaşan pişiyə daş atdım
pişikləri çox sevirdin, bağışla...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!