Səni düşünmək deyil, ...gecələr günəbaxanların baxdığı yerə baxmaqdır mənimki!
Ovcumdan əsən küləklər
çırpınıb yıxılar bir gün tərk etdiyin yollara...
Tərtəmiz bir payız axşamında
palçıqlarla kirlənər xatirələr
saatın əqrəbləri tək.
...fırlanar xaraba dəyirmanların ağrı daşı,
islanar yağışlar üstündə göy üzü,
islanar yağışlar altında pəncərələrin göz yaşı.
Saniyəsi neçəyədir gözlərinizin, soruşa bilərəmmi?
...Skamyalar Allahın atılmış oğlu,
tənhaların sürgünlükdə sığınacağı, skamyalar.
Skamyalar,
üstünə şeir yazılar
ağlımın küçələrindən keçərkən yarpaqlar...
Qaranlığı yalayar bir kimsəsiz itin tənhalığı.
...Uçar ağaclar göy üzünə,
qonar ağaclar bir quşun budağına,
ağrıyar qurşunların vicdanı.
Mənimki şeir yazmaq deyil,
oturub bir-bir ruhuma batan qəlpələri çıxarmaqdır mənimki!
Səni düşünmək deyil,
...gecələr günəbaxanların baxdığı yerə baxmaqdır mənimki!
O kimdir gözlərində
gecəyarı oturub siqaretin tüstüsüylə
şəhəri dumana bürüyür...
O kimdir nəfəs çəkdikcə
gəmi yelkənləri havalanır...
Bakı gecələri soyuq olur...
Adını üstümə çəkirəm.
Ovcum dolu qəlpələrlə...
...Yenə həsrət,
yenə həsrət,
yenə həsrət!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!