Yorğun qağayıdır sükutun dili
Enməyə suyu yox,
Uçmağa göyü.
Yol çəkib yoxluğun içindən əli
Sancılıb sahilə - ağac göyərib
Göynəyi üstündə lal - düyün-düyün...
Suların içində çəkib geriyə
Dərin nəfəsini, bir div gizlənib
Qoyub ürəyini büllur şüşəyə
Atıb,
Sinəsinin boşluq yerinə kimin canı düşsə,
can təmizlənir...
İlahi!
Nə yaxşı dərin suların
Nə yaxşı göz boyu çölün var sənin.
Nə yaxşı dünyadan köçüb getmisən
Nə məzarın qalıb,
Nə xanimanın.
Nə çərxin, nə dənin, nə dəyirmanın,
Nə tutub yaxandan niyə deyənin
Nə ortada qalan ölün var sənin...
Getmisən...
Gəlmisən,
pəncərəmizdə
Təzə çiçəklərə torpaq olmusan
Bax, o küçədəki ağacımıza
Kök-köməc olmusan,
yarpaq olmusan...
Sənə də bəs edir, mənə də bu ev
Divin sinəsinin boş yerindədi...
Sən də sev bu səhər,
Bu şəhəri sev
Canını axtarma
Canın məndədi...
***
Düşdü tor içinə Tanrı dağları
Yollardan gözünü çəkib sükuta
Zillənib sakitcə öldü bir adam...
Bütün olanları, olacaqları
Axı hardan bildi, bildi bu adam?
Sən de kor quyudur, mən deyim səma
Hərə öz qəlbinin pəncərəsindən
Boylanıb baxanda
Yaxşı görünür
Gedən də, gələn də, ölən də.
amma...
Kim çəkib bağlayıb lal qapıları,
halaldır!
Əlləri var olsun onun!
Hərə öz içində qursun Tanrını -
Kimi səmasında,
Kimi korluğunda öz quyusunun...
Bircə toxunmasın heç kim çöllərin
Sarı sükutunun ağaclarının
get-gedə təklənən budaqlarına
Dua gözləməyir
Çöpdən yuvalar quran quş dimdiyi,
Dinclik istəyir
dinclik
uçanların qanadlarına...
Qırılıb
Çilik-çilik olmuş
gecənin sükutunun ortasında
Bir bulud göyərdi...
Bir
Ağac qurudu yolunun
şəhərlə kəsişdiyi yerdə...
Bir də
küçə fənərinin işığı
Gözünü
Qarşıdakı qaranlıq pəncərəyə dikmiş
Adamın üstünə səpələndi...
Kəlmələndi
yoxluğun
beş-on addım o yanında
Bütün günahlara meydan oxuyan
bir gülümsəmə -
Kimsə bilmir...
Kimsə bilmir...
...və heç zaman da bilməyəcək...
***
Qoxusuz çiçəklərin üstünə çökən
duman kimidir
Hansısa yoxluqlar
Aynaların o tərəfində
Kölgəyə çevrilir insanlar hər axşam...
Mən nə o üzdəyəm indi
Nə bu üzdəyəm
Yıxıb getdiyim hər şeyin dağıntılarıyla
göz-gözə dayanmışam...
İslaq küçələrin qıjıltılı səsini dinləyirəm,
Ürəyim sakitləşir
Sakitləşir əllərimin titrək döyüntüləri
Sakitləşir köksümü ağrıya
sürükləyən üsyan...
İndi
Gözümü zillədiyim bircə nöqtə var
hər yerdə
Bircə ibadətxana
Bircə dua
Bircə ünvan -
Tanrı...
O da...
Qarşıma çıxdı keçənlərdə -
O balaca qızın qorxaq baxışlarında...
Unuda bilmirəm
- Bağışla - deyir, - bağışla hamını...
Bizi də içində...
...bacarmıram...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!