Gerçəklik və Ruh
Gerçəklik və Ruh
Bir bətndən doğulan
əkiz uşaqlar kimidir.
Gerçəkliyin şum altında qalan
göyərməyən toxumları
dən-dən...
Ruh göylərə can atan
gövdəsiz, köksüz budaqlar kimidir.
Başı üstə gəzən ilğım
Üfüqlərə qarışır
Yuxularla sayrışır...
Doğma qardaşlar olsalar da
Bir bətndə aylar boyu qalsalar da
Sonradan yolları ayrılıb -
Hərəsi öz səmtini bir tərəfə salıb.
Biri səhər,
biri gecə.
İkisinin vəhdətindən
Bəşəriyyət gəlib keçər -
...Birləşsələr!...
Yenə...
Çevirmişdim bir az üzümü yana,
Çıxmışdım sehrindən, məhəbbətindən.
Sənin sevincinə, arzularına
Yenə o həsrətlə gələcəyəm mən.
Sükut gurlayacaq qulaqlarımda
Köhnə dalğalarda tutacaq ürək...
Əlimdə, üzümdə, dodaqlarımda,
İydə ağacının budaqlarında
Adın -
ləçək-ləçək
çiçəkləyəcək -
Yüz il bundan qabaq çiçəkləyən tək...
Çörəyin buynuzu
"Filankəsin çörəyinin buynuzu var"
Anamın sözü
Qoç buynuzlarından asılqan düzəldiblər,
Asıblar bir divardan.
Evin içində də yararlanıblar
qoyun-quzudan, davardan.
Neçə illərdir durub yerində,
hər tərəfdən görünür.
Baxanda elə bilirsən
Saxlayıb öz qoçuluğunda
evin bütün qübbəsini.
Kişilər pencəyini, papağını asırlar
xanımlar örpəyini, cübbəsini.
Asılıb durub divarda
sakit səssiz.
Elə bil bir vaxt döyüşən
şaqqaşaq salan
aşıb-daşan
buynuzlar deyilmiş bunlar...
O vaxtı tez-tez buynuz göstərdiyi üçün
veriblər suyunu, aşını
Kəsiblər o qoçun başını.
Ətini də şişə çəkiblər.
Hamıya körk olsun deyə
Buynuzlarından da asılqan düzəldiblər:
- Kimin dili buynuz kimi çıxsa
Kim buynuz göstərsə
qoçuluq eləmək istəsə -
qoy bu asılqan olmuş qoç kəlləsi
yadına düşsün!
Yox, qorxma, qopmasın ürəyin,
Qəlbinə dərd-ələm dolmasın,
Təki verdiyin çörəyin...
buynuzu olmasın.
Şahid çinar
Bir gün isladacaq məni camalın
Bahar çağı yağan leysanlar kimi.
Keçəcək başımdan fikrin, xəyalın -
Zirvədən çəkilən dumanlar kimi
Hərdən qəmlənərsən nə qədər varsan:
- Daha qayıtmadı, o üz çevirdi.
Nə vaxtsa kiməsə pıçıldayarsan:
Hardasa bir oğlan məni sevirdi...
Deyərsən o gözəl bahar da bizi
İsitmir, arzular üşüyür indi.
Bizi görüşdürən çinar da bizə
Mat qalıb,
quruyub düşünür indi.
Mən daha yollara baxmayacağam
Kim isə qəlbinə yatacaq sənin.
Bir də qənşərinə şıxmayacağam -
Çinar... gözlərinə batacaq sənin.
Fərq
O da ilandı,
bu da ilandı.
Götürəndə hər ikisi yamandı -
adam sancandı
qana zəhər qatandı.
Nəbadə
hansınasa rast gələsən,
qoy deyim fərqlərini:
Biri zınqırovluvudur -
həmişə başı lovludur.
Bir işi var ki,
özü səs-küy salır ki:
Dəyməyin mənə -
çalaram yenə!
O birisi.... susur -
Mübhəm sükut içində.
Daim susur o birisi...
Torpaqdan, ağacdan, daşdan
seçilmir dərisi.
Qıvrılır qalır,
dost cilidli düşmən kimi
pusquda durur.
Şayət rastına çıxsan
Elə vurur,
elə çalır!..
İndi deyin hansı ilan
qorxuludur?!.
Dəyər duyğusu
... Oğlum oğluyla gəzir -
Onların başı üstə
Qəlbim vurur müntəzir!...
"Dumanlı" şeir
Haçandı bir qulac duman
Özünə isti yer tapıb -
Harasa köçüb gedən
bir quşun yuvasında.
Gündüzlər çıxıb gəzir
düzlərin, yamacların təmiz havasında,
Qaş qaralanda qayıdıb gəlir
gecələyir o yuvada.
Bu isti, ilıq yuvanın təması
doldurub içini -
Ona görə də hələ ki, özündən olsa
həmişəlik bura salıb köçünü.
Köntöy bir güman
alıb ağuşuna onu -
Elə bilir yiyəsi gəlib tapmayacaq
öz yerini, yurdunu.
Yuvanın istisi qəflət yuxusu kimi
dolub içinə.
İnanmağı gəlmir
Köçəri quşların haçansa qayıtmaq köçünə.
Heç vaxt yurd-yuva qurmayan
bu sərgəndar, gəzərgi duman
bilmir axı
tikmək nədir,
qurmaq nədir...
Zirvələr, dərələr ona
Heç vaxt ev tikmək öyrətməyib.
Hələ onun sinəsini
Torpaq, Vətən ağrısı göynətməyib.
Bilmir axı
Dimdiyində birər-birər
Çör-çöp daşıyan o quşlar
Bu yuvanı nə zillətlə qurmuşlar!
Ağlına gəlmir heç
qayıdacaq həmin günlər,
o köçkünlər
gələcəklər evlərinə,
sevinə-sevinə -
qanadlarında dəlisov küləklər!..
hələ ki...
cevizin sümükləyən vaxtıdır -
payız qışa tərəf yol gedir.
Hələ ki...
Köçüb gedən bir elatın yurdunda
Çən, duman yiyəlik edir -
viranə bayquşları kimi...
Etüd
Duman payızın öz barı,
gəzir evlərin damını -
tüstü deyil.
Şəfəq saçır zirvə qarı,
işıqlıdır -
isti deyil...
Yaşayır...
Hələ dünəndən soyuyub sönən
ocağın külünü təmizləyəndə
Qaldım mat-məəttəl.
Səhərəcən yağan yağışın altında,
Cövlan eliyən küləklərin cəngində
Dipdiri qalmışdı,
ocağın bir topa közü -
qıpqırmızı...
baxırdı üzümə dirigözlü!
... Əsər də belədir,
köklü-köməcli,
mənalı əsər -
Heç nə eləmir ona bir təsir, əsər.
Nə dər-divar kəsə bilir qarşısını,
Nə yağış, nə külək, nə zaman,
nə də üstünə atılan şər-böhtan -
Söndürə bilmir onu.
Əllərdə, dillərdə gəzməsə də
təpki altında qalsa belə,
Közərə-közərə yaşayır
gizlində -
görünmür ömrünün sonu...
Tanrı səxavəti
İnsan nə qədər
itirə-itirə yaşayarmış,
nə qədər itirə-itirə
yenə də nə isə daşıyarmış...
Hara yığılır görən bu qədər
İtkilər
topa-topa,
birər-birər...
Harda yerləşir inni-cinni
Gözə dəyməyən o anbar?!
Hardadır dibi görünməyən o dərə,
o sonsuz dərya?!
Günlər, aylar, saatlar,
uşaqlıq,
gənclik,
sevgi həyəcanları...
Doğma adamların itki dərdləri,
Dostların xəyanətləri...
Hara tutar bir böylə yükü?!
Tanrı verdiklərini insan
Axıra kimi itirə-itirə gedir
Yenə də nə tükənir, nə bitir...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!