Yalnızlığın gündəliyi
Oktyabr - ...Alnına bir güllə sıxır pəncərəmə düşən işıq.
Noyabr - Kölgələr sürünür üzü günəşə...
Dekabr - Göz yaşlarından üz çevirir divarlar...
Yanvar - ...İşıqları söndürün, Tanrı insan yaradır.
Fevral - Dodaqdan üşüyürəm yenə bu axşam...
Gəl, geyindir dodaqlarımı.
Mart - Həssaslığın alın təridi bütün şərablar...
Aprel - Cib saatım bir ovuc qaranlığı kiridir.
May - Bütün şəkillər doğmaları ilə görüşə gedib,
bircə məndən savayı...
İyun - Əslində, bütün peyğəmbərlər
Tanrının müharibə ismarışıdı...
İyul - Göy üzü qəbrini tapmır...
Avqust - Poçtalyonun məktublarından gəlir güllə səsləri...
Sentyabr - Bircə dəfə qapımı döyə Tanrı
və deyə ki: icazə ver, ayrılaq...
Ayağını itirmiş şəkillər
...Hərdən
ayaqlarını itirmiş şəkillərinə baxıram,
günahlarım can verir baxışlarında,
uzaqların islandığı payız yağışlarında.
Gözlərimi o qədər döyüb ki, ayrılıq,
göz yaşlarım yanaqlarımda büdrəyir...
Yadındamı,
son görüşümüzdə
əllərinə söykəmişdim üzümü.
Öləndən sonra gördüm
əllərin ayrılığın məzar daşıymış...
Sabahkı keçmişimə
Esse-düzgü
Radiolar susar, sən susmazsan gecələri...
Bax,
mən səni
susmadığın bir tində itirdim, hunay tanrısı!
...Sənə dediyim
o son söz də hələ yadımdadır:
Bir körpələrin,
bir də fahişələrin üzündən inandığın Allah baxar.
Səndən sonra
bir bətnlik şeir də yazdım o axşam:
...O gedəndə baharın toy gecəsiydi,
buzbulaq sətirlərin mey gecəsiydi.
Gəlmişdi əlində "Gidiyorum bu",
Saftrik şamanın key gecəsiydi.
İndi xaç ortasındakı hilal kimiyəm...
Yenə də
arzulara keşiş ölürəm.
Sonuncu şənbə gecəsi
...Xatirələrin də rəngi saralır payızda
və saplaqları qurumuş gülüşlər
düşür gözümüzdən ayağımızın altına.
...Ümidlərin zirzəmilərinə su dolur,
yolları keçilməz olur ağ-qara şəkillərin.
Oktyabrın əvvəlidir hələ,
arzuların qanı donur.
Yazı masasının üstündə can verir bakirə kağızlar...
Alın yazısını
Tanrının üstünə atıb qaçır
payızın son şənbə gecəsi...
Gecəninsə rəngi solur tənhalıq qorxusundan.
Kimsə
bütün qəbirləri geri çağırır bu payız...
Ad günü notu
Daha yetməz dodağının istisi,
Üzümün qırışını ütüləməyə...
Bətnində boş qəbir,
yataq otağında lal beşik...
...Üşüyürsənmi bu axşam da,
geyirsənmi
bir qarabuğdayı kişini,
bir sarışın qızcığazı əyninə...
Ölürsənmi
otağının işıq düşən tərəflərində...
...Söndür!
Söndür gözlərindəki yiyəsiz işığı,
qoru özünü unutduğun küçələrdən.
Sən qadınsan axı..!
Səmərqənd lövhələri
birinci foto
...Yenə bir payızlıq göz yaşı düşür
tarixin böyütmədiyi divarlara,
soyuqlarsa can verir
küçələrin daş qucağında.
Daş pilləkənlər də boyunu uzadır
adamlara baxmaq üçün.
...Xan çinarların kölgəsi sığallayır
günəşin qan tutmuş gözlərini.
Yarpaqları intihar edir
bir ovuc şam işığında.
Sən demə,
yarpaqlar minillik çinarların nəzir qutusudur.
Səmərqəndə axşam düşür,
yıxılır işıqlar pəncərələrdən...
Bu şəhərin qonaqları təbəssümləri ilə
müqəddəs yazıları üşüdür.
Alnı qırışmış heykəllərsə
hökm oxuyur addım səslərinə: -
qaranlığı tapdamayın!
...Yenə,
yenə yatdığı yerdə yuyulacaq günahlar,
sabah bir də
qəbirlər taxta çıxacaq Gorəmirdə.
ikinci foto
Daşkənd, saat 03:47 -
Bütün qara buludlar
atılmış uşaqların təbəssümüdür...
Səmərqənd, saat 09:51 -
İndi
gözlərini itirmiş güzgülər hönkürür
qocalar evinin önündə...
Buxari türbəsi, saat 11:23 -
Gözləri buxarlanır
günbəzdəki bütün hərflərin...
Gorəmir, saat 14:05 -
Bir qara atlı çapır
payızın son gününə sarı...
Uluqbəy rəsədxanası, saat 21:38 -
Kölgəsinə təzim edir divarlar...
Yolüstü, Gizzah, saat 07:19 -
Ayrılığın telefon zəngidi
bütün qatar fitləri...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!