Telefonla söhbət
Dəstəyə əl atıb çağırdım:
- Alo! Təcili yardım,
kömək eləyin.
- Alo! Buyurun, deyin,
xəstənin neçə yaşı var?
- Milyard, daha çox olar.
- Uzatmayın,
xəstəliyi nədir?
- Nüvə silahı asılıb başının üstdən,
bir ayağı qəbirdədir.
- Tez eləyin,
zarafatı buraxın,
Hansı ünvana gələk, deyin!
- Ünvan? Bizim səyyarə -
Yer kürəsi.
bütün canlıların
yaşamaq həvəsi.
Təcili yardım, tez gəl, -
"tez" sözündən də bir az tez.
Zamanın sürətilə yox,
zamanın özündən də
bir az tez.
Həkim
Mənə "dəli" - dedi -
- Düyməni basdı.
Mən də dəstəyi yerinə asdım.
Düz deyirsən, dəliyəm mən,
Dəliyəm mən!
Danəndeyi Bəhlul kimi bir
Gülməliyəm mən!
1962
Bu şeiri 1959-cu ildə yazmışam. İlk dəfə 1962-ci ildə dərc edilib. Aradan əlli ildən artıq vaxt keçib. Bu vahiməni canımda dünyanın dörd qitəsində gəzdirmişəm. Təsəlli tapmadım. Əksinə, narahatlığım bir az da artdı. Məhəbbətdən yaranan, məhəbbətin gözəl barı olan insanda bu qədər nifrət-kin hardandı? Kin ən təhlükəli silaha çevrilir. Canlıları, həyatı, hətta Yer kürəsini məhv edəcək, yeri yerindən oynadacaq silahlara çevrilir. Əlli ildən artıqdır mənimlə yol yoldaşlığı edən, məni qocaldan, özü daha da cavanlaşan bu pərakəndə fikirlərimi ilin ilk günlərindən yazmağa başladım. Yaşım mənə bu gün yazacağım yazını sabaha saxlamağa ixtiyar vermir. Bu təhlükə hamı üçündür, bütün canlılar üçün, hətta hələ yaranmamış, yaranacaq canlılar üçün də vahimədir. "Kainat, insanlar haqqında dağınıq fikirlərimi" sizə təqdim etməyə qərar verdim.
13.01.2019
Kosmik, dağınıq düşüncələr
Yer kürəmiz,
Doğma, əziz,
Bir yuvadır kainatda...
Heç bilmirik
Kainatın güneyidir, quzeyidir,
Hansı səmtdə, hansı qatda...
Bildiyimiz bir odur ki,
Zamanların çox müqəddəs muzeyidir...
İnsanlığın özəyidir,
Öz evidir.
İnsan burda yoğrulubdu,
Yapılıbdı.
Doğum - burda doğulubdu,
Ölüm burda tapılıbdı.
Dağlar, daşlar danışırlar.
Sular dağlarda ayrılır,
Yollar boyu yarışırlar,
Dənizlərdə barışırlar.
Güllər torpağın üzüdü,
Ətri torpağın sözüdü.
Dağlar, daşlar
Daşa dönmüş sözdür, səsdir.
Yer üzünün hər qarışı
Müqəddəsdir, müqəddəsdir!
Yer kürəmiz kainatda
Olanları vecə almır.
Saysız milyard illər görüb
Nə artmayır nə azalmır.
Yer kürəmiz də bir canlıdır,
Ayrılmış yerdə dolanır.
Solu donur, sağı yanır.
Bütün canlılar aldığı
Nəfəs onun nəfəsidir.
Bütün səslər onun səsidir.
O, uçmaq istəyən insanların
Qəfəsidir.
Onun da qəfəsi öz orbitdir.
Ay da yerə cazibə ilə zəncirlənmiş
Sadiq itidir,
Quludur, mütidir!
Yer kürəsi yaranışdan
Çalışır, yetişdirir,
Yeyir.
Günəşə şükürlər olsun - deyir.
Bir zərrə də artmır, azalmır.
Heç vaxt narazı qalmır.
Bezmir, qisas almır.
Hər il bir zərrə böyüsəydi
Yəqin, çoxdan şişərdi...
Günəşin gözündən düşərdi...
Orbitindən oynayardı...
Küləklər onu yonardı,
Fəzada toz eyləyərdi...
Milləti tarixdən silinmiş
Mənası bilinməyən
Bir söz eyləyərdi.
Hamımız eyni enerjiyik
Müxtəlif dillərdə,
Müxtəlif şəkillərdə,
Ey daş,
Qardaş sən də, mən də,
Su da, torpaq da,
Torpaq üstündə
Tikanlar da, güllər də...
İnsanın yaratdığı
Güllələr də...
Hamımız oyuncağıq əllərdə.
Güllələr bizim əlimizdə...
Taleyin əlində oyuncağıq biz də...
Ağlımız da, qəlbimiz də
Oyuncaqdı.
Oyuncaq bu dövr - bu çağdır
Himə bənddi, bu silahlar.
Oyanacaqdı, oynayacaqdı.
Bizi,
Yer kürəmizi
Yerindən, orbitindən oynadacaqdı.
Bəlkə də, kainatdan baxıb izləyirlər
Həyəcanla gözləyirlər,
Bu gərgin dramın oynanacağı vaxtı,
Şüurun məntiqi deyir ki,
Belə getsə bu olacaqdı.
Qumar masasına qoymayın
Həyatı, taleyi, baxtı,
Hər yaradan Allah deyil.
Allah - Yaradan, - yaşadandı.
Sizin yaratdığınız zülümdür.
Günahdı, qandı.
Əgər siz
O yola varacaqsınız
O zaman ölüm xilas sayılacaq.
Siz də ölüm üçün
Allaha yalvaracaqsınız!
Rəsul Rza demiş:
"Vaxt var ikən"
Bir də düşünün-daşının...
Tökün ətəyinizdən mənəm-mənəm daşını.
Qoyun Yer kürəsi
Dolandırsın başını.
Qoyun Yer kürəmiz
Kainatdakı qohumlarına
Göndərsin öz vətəndaşını.
Görsün orda pisi-yaxşını.
Bəlkə, orda da biz yaranmışıq,
Bu formasiyanı çoxdan aşmışıq.
Bəlkə, yaxşılığa doğru dəyişmişik.
Bəlkə, burda tövbə eləyək...
Hamımız bir-birimizə:
Qardaş,
Qarındaş - deyək.
Barışaq,
Bir-birimizi bağışlayaq.
Onların bu günündən başlayaq.
Cənnətə döndərək Yer kürəmizi...
Onlar da həvəslə gələrlər bizə...
Bəlkə, hələ orda
Dünyaya heç gəlməmişəm.
Hələ yaranmamışam
Yaşamışam, ölməmişəm.
Dünyaya yenidən gəlmək
İmkanım olar.
Bir başqa dövrüm,
Elə bu vətəndə
Yeni dövranım, yeni məkanım olar.
Köhnə yaddaşla,
Yeni ağılla,
Daha təcrübəli başla
Çalışardıq.
Hamımız sülh dilində danışardıq.
Xalqların böyüyü, kiçiyi olmazdı.
Olmazdı insan dərdi.
İnsan insanı doyuncan
Nəğmə kimi dinlərdi.
İnsanlar can deyib,
Can eşidərdi.
İnsanın hirslənməyə
Nə səbəbi, nə həvəsi olmazdı,
Nə Birinci, nə də İkinci
Dünya müharibəsi olmazdı...
Yerlə günəşin
Eşqindən doğulmuşuq.
Biz səkkiz bacı, qardaşıq.
Tutaq ki, bizi min il əvvəl
O səyyarədə yaratmışdı.
Sonra öz səhnəsindən atmışdı.
İndi də burda
Səkkiz bacı, qardaşıq,
Ayrı-ayrı səkkiz ürəyik,
Səkkiz ayrı-ayrı başıq.
Anamız Zərxaradı,
Atamız Göyüşdü.
Anamız torpaqdı,
Atamız günəşdi.
Axı bu səkkiz qardaşın
Hər birinin öz üzü var,
Ürəyinin öz sözü var,
Hərəsinin öz səsi var,
Hərəsinin öz istəyi, əqidəsi var.
Mənim kimliyimdir
Mənim sağ əlim
Barmaq izlərimin
Hər biri məlum.
Düşmənlə heç zaman
Əl tutmuram mən.
Verdiyim sözü də
Unutmuram mən.
Biz bir xalqıq;
Sözümüz öz canımız,
Canımız öz qanımızdı.
Qanımız - vicdanımızdı.
Vicdansız yaşaya bilmərik.
Biz bu uzaq səfərə
Vicdansız başlaya bilmərik.
Bilmirəm kainatda, harda...
Anamız yerdən kənarda,
İnsanlıq adına, "mən" deyirəm - mən!
Hamının adından "mən" deyirəm mən.
Mənim sözüm birdi,
Əməlim də bir.
Sözüm - əməlimdə
Öz əlimdədir.
Biz qanad açanda...
Başqa günəş sistemlərinə uçanda da
Anamız yer saatı ilə yaşayacayıq.
Anamız yerə görə
Məsuliyyət daşıyacayıq.
Heyif hələ bu gün
Kainatın qapısı üzümüzə bağlıdı.
Bəlkə də, onlar haqlıdı.
Kainatın açarı insan ağlıdı.
Hələ ağlımızın yolu bağlıdı.
Ağıllar xərçəng, ördək, tısbağa kimi
Hərəsi bir yana çəkir.
Ağıllar bir-birinin başında
Turp əkir.
Neyləyəsən üçü ağıllıdı
Beşi dəli.
Necə deyəsən haydı irəli!
Hansı səmtdədi irəli!
Necə biləsən?
Bəlkə də, kainatda yolumuzu gözləyənlər var.
Ordan bizi izləyənlər var.
İşimizdən, əməlimizdən
Baş aça bilmirlər.
Əyridən, düzümüzdən,
Ağıllımızdan, dəlimizdən
Baş aça bilmirlər.
Bizdən baş aça bilmirlər.
Niyə yeri oyuruq,
Dağları suyla yuyuruq,
Torpağı pis günə qoyuruq.
Zərrə-zərrə qızıl qırıntısı yığırıq.
Əridib pul eliyirik
Özümüzü ona ömrümüz boyu qul eləyirik.
Hamıdan gizləyirik,
Qoruyuruq, əzizləyirik.
Elə bilirik budur
Ən qiymətli varımız-yoxumuz.
Daha yaxşı gizləmək üçün,
Təzədən qazıb yeri
Torpağa basdırır çoxumuz.
Necə başa düşəsən
Bu insan balasın.
Bəs kainatdan baxanlar
Bu məntiqsizliyi necə anlasın!
Əslində, insanın baxtı gətirib, baxtı!
Yerin ən qiymətli neməti
Sudu, torpaqdı,
Havadı.
O da gen-boldu, havayıdı.
Yaradanın ən qiymətli payıdı.
Atamız günəşdir,
Torpağımız - Ana.
Günəşlə torpağın
Məhəbbətindən gəlmişik cana.
Bəlkə, hər günəş sistemlərində
Bizim yer kimi,
Bir Yer kürəsi var.
Orda da canlılar var,
Canlıların yaşamaq həvəsi var.
Yarpaqların, oxuyanların,
Otların, otlayanların,
Bulaqların, okeanların,
Külək adlı nəfəsi var.
Dilənçinin də, kralın da,
Canından çox sevdiyi nəvəsi var.
Deməyin kainatdakılar
Bəyəm kordu, kardı,
Görmürlər ki, orda hər şey təkrardı.
Xeyr, təkrar deyil, təkrirdir!
Yaradan tək birdir!
Ən kamil fiqur dairədi.
Dairədə hər nöqtə bir dairədir.
Dairə "ol" sözüdü!
Dairədəki hər nöqtə
Birinci, ikinci, üçüncü də - özüdü!
"Ol!" Allah sözüdü.
Allah - Haqdı!
Allah - dünəndi, bu gündü, sabahdı.
- Ol! - dedi işə saldı vaxtı.
***
Biz onsuz da uçuruq
Öz səyyarəmizdə,
"Yer kürəsi" adlı təyyarəmizdə.
Kainatda uçuruq
Açıq alınla, açıq üzlə.
Öz səyyarəmizdə, öz azuqəmizlə...
Hələ ki öz ərazimizdə...
Bəlkə, yenidən baxaq
Bu uçmaq məsələsinə...
Qulaq asaq ağlımızın,
Ürəyimizin səsinə...
Yeni bir yol seçək.
Bunun üçün gərək
Yer üzündə əlbir iş olsun.
Bunun üçün gərək
Yer üzündə barış olsun.
Hamımız bir yuvanın quşlarıyıq.
Bir zamanın tay-tuşlarıyıq.
Biz idarə eləyirik bu səyyarəni.
Niyyətimiz təmiz, istəyimiz haqdı.
Hamımız yer üzündə əl-ələ versək,
Bizi kim qoymayacaqdı...
Bəlkə, uçmazdan əvvəl
Yəməndə acından ölənlərə
Yardım eləyək, süfrə açaq.
Ən ağır xəstəlik terrordu.
Terrorun qulağı kardı, gözü kordu.
Tökdüyü də günahsız qandı.
Adam utanır deməyə,
Öldürən də insandı, ölən də insandı.
Altı milyard yarım insan yuvası,
Hər an zəhərlənir suyu, havası.
Torpaq zəhərlənib əməlimizlə.
Kainat cənnəti sayılan yeri
Özümüz boğuruq öz əlimizlə.
***
Adəmlə Həvvadan yaranmışıq biz.
Bizim evimizdi bu Yer kürəmiz.
Olanımız budu, çirkli ya təmiz,
Beşi qanandırsa, üçü nadandı!
***
Bizə cavabdehdi bir ana, ata...
Heç kəs yaxasını çəkməsin yana!
Düşmən ola bilməz insan-insana,
Hamı bir atadan bir anadandı.
***
Torpaq cücərdəndi, yaradan işıq
Bu evdə hər şeyi biz yaratmışıq.
Düşmənə-düşmən var, aşiqə-aşiq.
Amma hamımızın adı insandı.
***
Biri çalışandı, biri alışan.
Biri oynayandı, biri pərişan.
Biri ara vuran, küsən, barışan.
Biri meymun kimi it oynadandı.
***
İnsanın hər günü bir iş günüdür,
Bəzi ellər gəzən dərviş kimidir.
Biri gələcəkdən gəlmiş kimidir.
Biri də elə bil o dünyadandı.
***
Uçmaq öyrənirik yuvada hələ...
Gəlin yer üzündə verək əl-ələ
Vaxtı hədər yerə verməyək yelə
Uçmaq zamanıdı, yol qanadındı.
***
Biz yaranışdan,
Lap əvvəl başdan
Səfərdəyik.
Yer kürəsi bizim
Hava gəmimizdi.
Günəş sistemi
Bizim uçan aləmimizdi.
Bu dairədə nə varsa
Bizim ailəmizdi...
Günəş bu ailənin kapitanıdı.
Yol göstərəni,
Canıdı, qanıdı.
Sürət onun sürətidi,
Zaman onun zamanıdı.
Biz öz çölümüzlə köçürük.
Səyyarələrimizlə,
Peyklərimizlə,
Könlümüzlə, içimizlə köçürük,
Yer kürəsində, fil də,
Qarışqa da, canlıdı...
Yer üzərində okeanlar, dənizlər,
Həyəcanlıdır,
Sinəsi qabarır, enir.
Tufanlar deyinir.
Vulkanlar püskürür,
Okeanlar dibindən
Qan qoxusu gəlir
Buludların göz yaşından.
Qarından, yağışından.
Yer kürəmizin ürəyi yanır
Tüstüsü qalxır dağlar başından.
Hamımız yer üzərində sərnişinik.
Kimik?
Hansı işinik?
Bu uçuşda nəyə gərəyik?
Nəyə köməyik?
Heç özümüzü yaxşı tanımırıq.
Canımızda can hardadı?
Bizi narahat edən vicdan hardadı?
Bu qədər suallarla hara uçuruq?
Kimdən qaçırıq?
Kimin yanına uçuruq?
Onu da bilmirik.
Əslində, budur gərək,
Qarışqanın ayağındakı mikrob
Qarışqanı bütöv görmür,
Görməyəcək!
Mənim ayağımın üstündə qarışqa
Məni bütöv görmür, görməyəcək.
Burda ağlın, ürəyin gözü gərək.
Əgər görsəydi ağlın-ürəyin gözü
İnsan özü
Özünü öldürmək üçün
Kütləvi qırğın silahları yaratmazdı.
Sonra da gedib körpəsinin
Yanında rahat yatmazdı.
Sonra bu silah sənin düşməninə də satılacaq.
Sənin və balanın üstünə atılacaq.
Adam özü özünü aldatmaz.
Hamımız bir səyyarədəyik.
Hamımız bir təyyarədəyik.
Adam yalnız özünü,
Bu günü
İçindəki məni,
Düşünəndə
Özü də düşür
İnsanlıqdan mikrob səviyyəsinə.
Mikrob qədər bilir.
Mikrob qədər görür.
Hər şeyi qəza-qədər görür.
Deyir, Allah göndərən qəza-qədərdi.
Ən asan yoldu: uzan-zarı...
Guya Yaradanın işi-gücü yox imiş,
Sənə yükləyib bu azar-bezarı...
Sus! Barı...
O, Yaradandı, öldürən deyil.
Öldürən boş keçən andı, aydı, ildi.
Ölümün səndən əzəl
Gəlib cahana səni gözləyir.
Doğulandan hər an səni izləyir.
Sən qanmayanda atan, anan,
Yaranmışlara canı yanan
Hər kəs səni qoruyur:
Hətta mühit, zaman səni qoruyur.
Sonra öz ağlına, ürəyinə tapşırılar səni.
Öz umuduna qalan kimi.
Sürünürsən
Dil çıxardıb yalvarırsan ilan kimi.
Allah, mənə kömək elə.
Nə zarıyırsan?!
Allah "dayə" deyil, Yaradandı!
Səni yaradıb,
Bəs sən nəyə yarıyırsan?
Əlin boşa çıxıb
Yaradana hayqırırsan!
Silah yaradırsan
Yaradanların yaratdığını dağıdırsan.
Allahın yaratdıqlarını qırırsan!
Sonra o qədər qudurursan,
Ağlını başına yığ, İnsan!
Yer barıt anbarıdı.
İçi dolu dərddi.
Bir himə bənddi.
Barmaqlar düyməyə bassa,
Yer, yerindən oynayacaq!
Yer kürəmiz yanar bir ocaq
Olacaq.
Allah deyəcək: Mən yer üzünü
Cənnət yaratmışdım,
Yaşayasınız qucağında.
Siz onu cəhənnəm elədiniz
İndi özünüz yanın
Cəhənnəm ocağında.
Biz uçmasaq da səyyarəmiz uçur,
Orda özümüz özümüzlə
Qarşılaşa bilərik.
Keçmişimizlə gələcəyimizlə
Görüşə bilərik.
Özümüzdən də gizlətdiyimiz
İçimizdəki "üzlə" görüşə bilərik.
Öz gözümüzdən düşə bilərik.
Səfərdədi Yer kürəmiz.
Sərnişinik biz,
Barı özümüz özümüzdən utanmayaq.
Güzgü kimi gözlərə baxanda
Öz üzümüzdən, gözümüzdən utanmayaq.
Yeri cəhənnəmə döndərməyək,
Özümüz öz cəhənnəmimizdə yanmayaq.
Ayılın yatanlar, eşidənlər, qulaq asanlar!!!
İnsanlar, İnsanlar, İnsanlar!!!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!