DİLSUZ
Ümid Yaşar Oğuzcan
İSTANBUL
Evin içində bir oda, odada İstanbul,
Tərtəmiz, bərraq bir ayna,
aynada İstanbul.
Mövsüm yaz oldu, qış oldu,
havada İstanbul,
Qadın çantasını açdı,
çantada İstanbul.
Uşaq bir qarmaq atdı dənizə, gördüm,
Çəkməyə başladı, qarmaqda İstanbul.
Bu nə tövr su, bu nə tövr şəhər,
Şüşədə İstanbul, masada İstanbul.
Biz gedəndə gedir, biz duranda durur,
Ay kimi,
Bir yanda sən, bir yanda mən,
ortada İstanbul.
Bir dəfə sevdinmi, əl çəkməz səndən,
Hara gedirsən get,
oradadır, orada İstanbul!
BAŞQA BİR İSTANBUL
Oturdum, başqa bir İstanbul düşündüm,
Daha çox sən olan, yəni, dopdolu səninlə.
Yaşılı daha yaşıl, mavisi daha mavi,
Hər şeyi gözəlləşdirən o əllərinlə.
Sildim bütün ulduzları göy üzündən,
Yerinə gözlərini qoydum, gözlərini.
Sərdim saçlarını üstünə İstanbulun,
Dodaqlarının rənginə boyadım hər yerini.
İndi İstanbul elə aydınlıq, elə pırıl-pırıl,
O əsən sənin ətrindir dənizlərdən, -
Sənin gözəlliyinlə süslədim bağçaları.
Səni İstanbul yapdım, İstanbulu sən,
Hər küçənə şeirimi yazdım, sətir-sətir,
İndi bu şəhərin bütün səmtləri səni anladır.
İSTANBUL İŞIQ-İŞIQ
İstanbul külək-külək, sevgilim,
gah bir lodosdu, dənizlərdən əsən,
ilıqmı, ilıq,
gah ülgüc kimi dəli poyraz .
Aç, tök saçlarını
küləklərinə İstanbulun,
bu şəhərdə sevgisiz və küləksiz
yaşamaq olmaz.
İstanbul bulud-bulud, sevgilim,
bəzisi bəmbəyaz,
incə tül kimi,
bəzisi qapqara, qətran misalı...
Buludları da insanlarına
bənzər İstanbulun,
İnanma, sevgilim, inanma buludlara.
İstanbul yağış-yağış,
gah narın-narın yağar,
gah da səhəngdən süzülürcəsinə.
Hələ bir yağmağa başlasın...
Sevgilim,
ölmək yaşamaq kimidi bu şəhərdə,
Yaşamaq da ölmək kimi...
İstanbul dəniz-dəniz, sevgilim,
bir az maviyə,
bir az yaşıla çalan duzlu su -
üstündə irili-xırdalı qayıqlar...
Vəfasızdır dənizləri İstanbulun, sevgilim,
İstanbul qədər.
İstanbul qədəh-qədəh, sevgilim,
içdikcə içmək istəyir adam,
Sərxoşluğu od tutub
yanmağa bənzər
və bir kölgədir yalnızlıq
Səninlə dolaşar,
səninlə gəzər
meyxanələrdə.
İSTANBUL DEDİM DƏ SƏNİ XATIRLADIM
Budur İstanbul...
Budur yorğun-arğın şəhər...
Budur canından bezmiş
Bosfor gəmiləri...
Budur kədərli tramvaylar...
Qalata körpüsündən
insanlar keçir,
üzlərində təlaş...
Və bir səssizlik
əriyir pilləkənlərdə
addım-addım.
Budur İstanbul...
İstanbul dedim də
səni xatırladım…
Balıqçı səbətlərində
tekir, bambunya, iskumru, levrik -
pulları gümüşə çalar -
Budur İstanbul…
Qarşıda
gözləri yaşlı bir qadın kimi
Qız kuləsi,
və əl kimi
Allaha açılmış minarələr…
Yorğun şəhər,
Məhzun şəhər…
İstanbul dedim də səni xatırladım.
Boğazdan bir gəmi keçdi,
Mənim ağlımdansa sənin gözlərin…
"Bəbək"di dedilər, düşdüm.
Hara baxırsan dənizdi.
mavi-mavi bir hüzndü
ayaqlarının altında…
Budur İstanbul,
Haliç,
Çiçək pasajı,
Bəyoğlu…
Bəyoğlunun dar küçələrində
İçim ürpərtilərlə,
qorxularla dolu…
İstanbul dedim də səni xatırladım.
Yavuz Bülənd BAKİLƏR
GÖZLƏRİN İSTANBUL OLUR
Qəfildən bir yağış başlayır yenə,
Bir gözəllik doğur ürəyimdə şeirdən.
Qağayılar qonurlar çiyinlərimə,
Gözlərin İstanbul olur birdən.
Səhərlərdən, axşamlardan uzağam,
Şeirlərim rüzgardır, dağlardan əsən.
Məhzun göllər kimi quruyacağam,
Bir gün birdən-birə çıxıb gəlməsən.
Şərqilərlə gələcəksən, duyğulu, incə,
Yalnız gözlərimə bax deyəcəksən.
Əllərim üsulca əllərinə dəyincə
Ansızın qeyb olub gedəcəksən.
Bir əlim elə hey şəklini çəkdikcə
pəncərələrə,
Bir əlim elə hey siləcək, siləcək...
Qəlbim göyqurşağı, gündə min kərə
Sənin üçün, sənin üçün can verəcək.
Nə gözəl səni bulmaq bütün üzlərdə,
Sonra da qeyb etmək elə o yerdə.
Nə gözəl minəcəyim gəmilərə gecikmək,
Tək-tənha qalmaq iskələlərdə.
Qəfildən bir yağış başlayır yenə,
Bir gözəllik doğur ürəyimdə şeirdən.
Qağayılar qonurlar çiyinlərimə,
Gözlərin İstanbul olur birdən.
Ziya Osman SABA
İSTANBUL TÜRKÜSÜ
Səni görürəm yenə, İstanbul,
uzaqdan, gözlərimlə
qucaqlayırmış kimi:
minar-minarə,
ev-ev,
yol-yol,
meydan-meydan...
Gəlir Boğaz içindən -
limandan qalxan gəmilərin səsi,
Mavi sular üstündə yenə
xatirələr qədər bəmbəyaz
Qız kuləsi.
Bir yanda
səhər-səhər
günəşlə bərabər
doğulduğum sahil - Beşiktaşım.
Bir yanda səmt-səmt, yer-yer
beş yaşım,
on beş yaşım,
ah, iyirmi yaşım...
Durur o təpəcikdə
oxuduğum məktəb,
Əsgərlik çağımda
qışla idi obir üzü.
Bir gün bir qızını
verdi mənə
Hüsnünə doymadığım Rumelihisarı.
Mənim deyilmi oralar -
Babamın yatdığı Kiçiksu,
Anamın yatdığı Eyubsultan...
Hər belə kövrəldikcə,
Sanki çocuqmuşum kimi,
Tutar əllərimdən İstanbul...
Naşidə GÖYTÜRK
İSTANBUL
Gecəsində hüzn,
Gündüzündə hüzn,
Ulduzunda hüzn,
Dənizində hüzn.
Necə qıydın
hələ fidan olan sevgimə?
Mən sənin yalanlarının
sancısını çəkirəm...
Ağlını başına yığ,
vuraram səni, İstanbul!
Vuraram boynundakı gərdanlıqdan,
Vuraram səni ən sarı payızından.
Ağlını başına yığ…
Sənə yalvaran
bu neçənci şair,
bu neçənci şeir…
Yarımçıq qalmış
sevgilərdən gəldik qucağına,
şeirimiz yetim qalsın deyə?
Dillə deyə bilmirəmsə,
qəlbimi anla:
sevda de buna,
çörək pulu de buna,
eşq de,
ar, namus de,
adət de,
cəfa de, səfa de,
vəfa de,
nə deyirsən, de!
Amma ağlını başına yığ,
özünü ələ al,
vuraram səni, İstanbul,
vuraram ən yaşıl baharından,
Qız kuləndən, Asiyandan, Bəbəkdən,
dənizindən vuraram səni,
mavi-mavi axar qanın,
mavi-mavi ağlaram sənə,
məni mənə vurdurma,
ağlını başına yığ,
özünü ələ al,
İstanbul, İstanbul!
Ceyda GÖRK
* * *
Öl desən, ölərdim,
qal desən, qalardım.
Sev dedin, sevdim,
anlamadın…
Çıxıb getmək idimi muradın,
zifiri qaranlığım?
Hər gün dan söküləndə
yuyardın üzünü
səhər əzanlarının şəfəqlərində…
O əzanlarda hələ
duaların var…
Sevdalım,
bu şehri-İstanbul kimi
fikirlərim qarmaqarışıqdı
Nə yaşadığım,
nə yaşamadığım bəlli…
Mümkünü yox unutmamın…
İstanbulu sevər kimi
sevdim səni,
Və sənsiz
İstanbulu həsrət kimi
yaşadım.
Turqut UYAR
BİR SƏHƏR
Ver əlini, Heydərpaşa,
Gəmi limandadır, pırıl-pırıl.
Hava azacıq soyuq.
Dənizdən qətran və balıq iyi gəlir,
Körpüdən qayıqla
keçmişəm qarşı üzə,
Birnəfəsə çıxdım bizim yoxuşu…
Bir gün səhər-səhər qapını döysəm,
Kimdir? - desən
yuxulu səsinlə içəridən…
Nə bilim,
bəlkə saçların dağınıqdır,
bəlkə tam ayılmamısan,
Bəlkə əvvəlkindən də
gözəl olmusan?
Nə bilim?
Bir gün səhər-səhər qapını döysəm,
Oyandırsam yuxudan səni,
Hələ sis çəkilməmiş Haliçdən,
Hələ insanlar işə getməmişdən…
Kubilay TƏK
MƏNİM ADIM İSTANBUL
İstanbul mənim şəhərim,
aynada əks edən üzüm.
İstanbul mənim şəhərim,
İstanbul qışım, yazım.
İstanbul yorğun əllərim,
gecə qaranlığım.
İstanbul yorğun əllərim,
hər zaman inandığım.
İstanbul mənim adım,
Konstantindən sonrakı.
İstanbul mənim adım
ölənədək baki
İstanbul mənim türküm, -
gecələr dinlədiyim.
İstanbul mənim türküm -
ağlayaraq inlədiyim.
İstanbul ana qucağım,
İsti, dalda bucağım.
İstanbul ana qucağım,
Olmasa, olmayacağam.
İstanbul içimdəki sancı
qıvrılaraq izlədiyim.
İstanbul içimdəki sancı,
hər kəsdən gizlədiyim.
İstanbul mənim adım
Konstantindən sonra
İstanbul mənim adım
1453-dən sonra.
Nazim HİKMƏT
GÜLXANƏ PARKINDA
Başım köpük-köpük bulud, içim, çölüm dəniz,
Mən bir ceviz ağacıyam Gülxanə parkında.
Budaq-budaq, şerham-şerham qocaman bir ceviz,
Nə sən bunun fərqindəsən, nə polis fərqində.
Mən bir ceviz ağacıyam Gülxanə parkında,
Yarpaqlarım suda balıq kimi qıvıl-qıvıl,
Yarpaqlarım ipək məndil kimi tiril-tiril.
Yarpaqlarım əllərimdir, tam yüz min əlim var,
Yüz min əllə toxunuram sənə, İstanbula.
Yarpaqlarım gözlərimdir, şaşaraq baxaram,
Yüz min gözlə seyr edərəm, səni, İstanbulu,
Yüz min ürək kimi çarpar-çarpar yarpaqlarım.
Mən bir ceviz ağacıyam Gülxanə parkında,
Nə sən bunun fərqindəsən, nə polis fərqində.
DAVİD OYSTRAXA
MƏKTUB
İstanbula getmişsiniz.
Konsetinizdəymiş.
Çox bəxtsiz bir qadını
xoşbəxt etmişsiniz.
Yağmura uzanan
iki yaşıl yarpaq kimi gözləri
baxmış barmaqlarımıza.
Məktubunda "Unutdum hər şeyi" - deyir,
Dərdlərindən başqa
unudacaq bir şeyi yox.
"Ağladım" deyir, "Fərəhləndim" - deyir,
"Dünya" - deyir, "gözəl, içim rahat".
Siz qısqandığım
biricik insansınız, ustad.
İSTANBULLU QAĞAYILAR
"Slavya" qəhvəxanasında
dostum Tauferlə
Vıltava irmağının sahilində
üzbəüz oturub,
Şirin-şirin söhbət etməyi sevirəm,
İllah da səhər-səhər,
illah da yaz aylarında
İllah da səhər-səhər,
illah da yaz aylarında.
Söhbət edərkən xəyallara dalarıq,
Bir-birimizi
gah itirərik
gah bularıq…
İllah da səhər-səhər,
illah da baharda
Praqa şəhəri gümüşü bir dumandır,
Və birdən Nezval çıxar qəbrindən,
paramparça ürəyi də əlində,
qarşılaşırlar Orxan Vəliylə.
Rumelihisarında gəlir -
telli qovağa bənzər Orxanım,
onun da ürəyi dəlik-deşik…
Biz də o yolun yolçusuyuq, Taufer,
bilirik, sənətlərin ən qorxulusu şairlikdir:
sirlər sirrini öyrənmək üçün
ürəyini yeyəcəksən, yedirdəcəksən…
Praqa şəhəri gümüşü bir dumandır,
Vıltava limanına
qağayılarla gəlir İstanbul…
Legionerlər körpüsünə gedək, Taufer,
gedək İstanbullu qağayılara yem verək…
Hazırladı:
Dilsuz
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!