I
Bir misra yaxın gəl, bənövşəgözlüm,
Sənsizlik bələnsin sənin ətrinə.
Bir ömür arxanca qaçan qəlbimin
Ta dəymə qəlbinə, Allah xətrinə.
Məhəbbət qoxulu ayaq izlərin,
Sən keçən yolların təbəssümüdü.
Saralıb ömrümün biçənəkləri,
Hələ də könlümdə yar mövsümüdü.
Şam kimi əridi bəxt yavaş-yavaş,
Bir məzar başına iməkləyən daş,
De, kimin səsidi, kimin sözüdü?
Əcəl çox başlara yaxıbdır xına,
Baxma güzgülərin aydınlığına,
Güzgülər ölümün cavan üzüdü.
II
Güzgülər ölümün cavan üzüdü,
Üzü güzgü deyil cavan üzlərin.
Səsimə çən düşüb, gözüm dumandı,
Oxunmamış qaldı sənin gözlərin.
Köynəyi islanıb misralarımın,
Ürək sənə sarı yüyürür hər gün.
Yasəmən qoxulu sözlər kövrəlib,
Ümid yüz təsəlli uydurur hər gün.
Gözündə yaş donub ötən illərin,
Quruyub dodağı xatirələrin.
Səndən söhbət açır yağan yağışlar.
Xəfifcə titrəyir baxtın əlində,
Payız məktubudu vaxtın əlində,-
Üzündə dil açmış o lal qırışlar.
III
Üzündə dil açmış o lal qırışlar,
Söz tapmır deməyə xəcalətindən.
Baxışın gör necə əfsunlayıbdı,
Hər səhər yıxılır əcəl atından.
Getməyə bir misra yol qalmayıb ki,
Özündən-özünə çıxıb gedəsən.
Cavanlıq o qədər uzaqda durub,
Əl çatmır əlini sıxıb gedəsən.
Qəhərdən tutulub sözün boğazı,
Qırışmış alnından boylanan yazı,
Ömrün dərəsidi, ömrün düzüdü...
Islanıb bir ömrün qərib yaddaşı,
Pəncərəni döyən payız yağışı,
Solmuş gözəlliyin hönkürtüsüdü.
IV
Solmuş gözəlliyin hönkürtüsüdü,
Qara saçlarının bəyaz gülüşü.
Sıxma ürəyini, bənövşəgözlüm,
İlk görüş yerinə yenə gün düşüb.
Səni unutmağa ümid yox daha,
Hər gün danlayıram özüm-özümü.
Qəlbimə vurduğun dağlarda qalıb,
Lalə yanaqların öpüş mövsümü.
Çətin xəyalımdan özgəsi keçə,
Hər gecə gözümdən yıxılır gecə,
Utana-utana açılır səhər.
Mən kimi sevmişdim, ürəyim, kimi?
Yollar doluxsunub ürəyim kimi,
Getdin ögeyləşdi bu doğma şəhər.
V
Getdin ögeyləşdi bu doğma şəhər,
Küçələr üşüyür ayaq səsindən.
Söylə ürəyimə, bənövşəgözlüm,
Yol versin, qoy çıxım Yer kürəsindən.
Bəxtdi də nə deyim mən bu qismətə,
Daha arzuların xəzan vaxtıdı.
Qalmadım eşq adlı ibadətimdən
Daim ürəyimdə əzan vaxtıdı.
Çox öpdüm alnından yağışın, qarın,
Üz qoydum üzünə tənhalıqların,-
Dedim, bu ağrını kimsə bilməsin.
Dərdimdən boynunu bükübdü dərdim,
Üstünə bəmbəyaz misramı sərdim,
Küçədə can verir son addım səsin.
VI
Küçədə can verir son addım səsin,-
Götürüb ovcuma üzünə baxdım.
Bir səs hıçqırırdı o səs içində,
Nə üzlə üzümə baxırsan, baxtım?!
Mənim yaddaşıma yağışlar yağır,
Sənin yaddaşında hava necədi?
Ömrüm ömür deyil, ta səndən sonra,
Adını daşıyan tənha küçədi.
Alnımdan buludtək ötdü fəsillər,
Sənsiz keçən ömrə şahiddir illər,-
Misralar içində bir söz gülmədim.
Gözün ovuşdurur yazdığım beyit,
Ətrinə bələnmiş bir əlçim ümid-
Günlərlə axtardım, tapa bilmədim.
VII
Günlərlə axtardım, tapa bilmədim,
Bu alın yazımdan itmiş vergülü.
Götür misra-misra saçlarına yax,
Bəyaz varaqlara səpdiyim külü.
Səhra tək quruyub ömür torpağı,
Adın dodağımda bağça-bağ salıb.
Mən ki, bu ömürdə çoxdan ölmüşəm,
Həsrətin qəlbimdə hələ sağ qalıb.
Qatla qoy cibinə dözümü, tabı,
Onsuz da bağlanıb ömür kitabı,
Xəbər ver əcələ daha gəlməsin.
Ömür çöllərinə düşübdü axşam,
Kim deyir səninçün mən darıxmışam?!-
Salıb itirmişəm "unut" kəlməsin.
VIII
Salıb itirmişəm "unut" kəlməsin,
Bəlkə ovcundadır, ovcuna bir bax.
Mən ki, xəbərsizəm öz ürəyimdən,
O sənin evindi, içinə gir, bax.
Dilimdə bir sözün ilməsi qaçıb,
Ürək muğayatdır sənin adından.
Mən hardan biləydim bənövşəgözlüm,
Həyat misra-misra çıxıb yadından.
Hər gün sinəmdəki dağı aşıram,
Hər gün həsrətinlə qucaqaşıram,-
Həsrətlə baxıram hər gün üzünə.
Bir əlçim ümiddə qazıb qəbrimi,
Geyib ayağıma Tanrı səbrini,
Sənsiz bir sənsizin düşdüm izinə.
IX
Sənsiz bir sənsizin düşdüm izinə,
Yolun nəfəsini kəsib də getdim.
Dözüm gözüyaşlı durdu üzümə,
Dedi, ta özün bil, mən daha bitdim.
Vurub qoltuğuma alın yazımı,
Ömrümü dözümdən çırpıb gedirəm.
Sənə qovuşmağa möhlət vermədi,
Dünyanı gözümdən çırpıb gedirəm.
Həsrətin ocağı sönmür ki, sönmür,
Payız nəfəsindən üşüyür ömür,-
Baxıram yollara qəlbim isinə.
Səpib çiçək-çiçək iztirabını,
Ayrılıq əlinlə açdı qapını,
Sən getdin, arzular çırpır dizinə.
X
Sən getdin, arzular çırpır dizinə,
Hıçqırır içimdə hər sətir, hər söz.
Hər gün sənsizliyin qaçır dodağı,
Oğulsan, gəl indi bu ağrıya döz.
De, harda qalmısan payız ətirlim,
Sənsiz bir uğursuz misrayam indi.
O payız qoxulu təbəssümünlə,
Sinəmdən asılan daşı sevindir.
Haçan gözlərini açır əllərim,
Üzü sənə sarı qaçır əllərim,
Səbrin səbr etməkdən gözləri dolub.
Hər gün gözümdə bir matəm ayıdır,
Getdiyin o yollar sənsiz qayıdır,
Ümidlər yıxılır üzüqoyulu.
XI
Ümidlər yıxılır üzüqoyulu,
Daha bu ürəyə döz demək olmur.
Sənli xatirələr elə kövrəlib,
Yanında bir kəlmə söz demək olmur.
İslanmış məktubdu gözümün yaşı,
Oxu, içindəki payızı, oxu.
Adam balasıtək dil başa düşmür,
Qəlbimi əlimdən alıb bu duyğu.
Son ümid sozalan şam kimi yanır,
Gözümə baxmaqdan rənglər utanır.
Sənsiz keçən ömür xəzandır- deyə.
Tanrıya ismarıc yollayıb ürək,
Gözüm gözlərinlə danışanadək.
Əcəl bu könlümü kaş dindirməyə.
XII
Əcəl bu könlümü kaş dindirməyə,
Səbrindən yıxıla səbrin yiyəsi.
Əzrail bir səhər gəlib çağıra,
Hardasan, eşq adlı qəbrin yiyəsi?!
Bəlkə də min ildi çıxıb getmisən,
Ta gözü tor görür bu həqiqətin.
Bu payız qoxulu ömrün içində
Bir adım yaşayır, bir də həsrətin.
Açılır dərdimin hər gün qırımı,
Sənə sarı uçan duyğularımı,
Tanrı ucalıqdan kaş endirməyə.
İllərin üstündən ötüb gedirəm,
Əlimdə bənövşə tutub gedirəm,-
Bir görüş yerini sevindirməyə.
XIII
Bir görüş yerini sevindirməyə,
Allahdan istədim bir ovuc görüş.
Sən mənim ruhuma elə hopmusan,
Barı insaf elə bir yadıma düş.
Min ildi səninçün susamışam mən,
Sən gedən yolları içirəm hər gün.
Sənsiz ölməmişəm, can üstündəyəm,
Əcəlin könlündən keçirəm hər gün.
Səndən gələn dərdin öpdüm saçını,
Görüb üzümdəki ağrı-acını,
İçimdə həsrətin gözləri dolub.
Payıza bələnib bir ömür köçü,
Bir də həsrətini yaşamaq üçün.
Dəyər qayıtmağa bir ömür yolu.
XIV
Dəyər qayıtmağa bir ömür yolu,
Dərdindən təzədən ölmək nə xoşdu.
Səni axtarmağa gedən ümidin
Dönməyə üzü yox, əlləri boşdu.
Üşüyür gözümdə ilk görüş yeri,
Solub ovcumdakı pıçıltılar da.
Əlimdə əlinin səsi yaşayır,
Səni axtarıram pıçıltılarda.
Ağlayır içimdə söz fəsil-fəsil,
Qəmli misraların göz yaşını sil,-
Mənim sevgiüzlüm, məhəbbətüzlüm.
Gözümün yaşında yosunlar bitib,
Dünyanın bənövşə qoxusu itib,
Bir misra yaxın gəl, bənövşəgözlüm.
XV
Bir misra yaxın gəl, bənövşəgözlüm,
Güzgülər ölümün cavan üzüdü.
Üzündə dil açan o lal qırışlar
Solmuş gözəlliyin hönkürtüsüdü.
Getdin, ögeyləşdi bu doğma şəhər,
Küçədə can verir son addım səsin.
Günlərlə axtardım, tapa bilmədim,
Salıb itirmişəm "unut" kəlməsin.
Sənsiz bir sənsizin düşdüm izinə,
Sən getdin arzular çırpır dizinə,
Ümidlər yıxılıb üzüqoylu.
Əcəl bu könlümü kaş dindirməyə,
Bir görüş yerini sevindirməyə,
Dəyər qayıtmağa bir ömür yolu.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!