Mən sənə oxşayıram
Böyük şairimiz Musa Yaquba ithaf edirəm
Mən sənə oxşayıram, Girdiman çayı, mən sənə oxşayıram...
Sən də bir az mənim kimisən elə.
Hər ikimiz Babadağın ucalığından başladıq,
Müqəddəs yerlərdən baş aldıq,
Axıb gəldik enişlərə, düzlərə,
Gecələrə, gündüzlərə.
Dumduru, tərtəmiz gəldik dünyaya,
Burula-burula axdıq, bulana-bulana axdıq...
Burulduq o səbəbdən ki,
Yolumuzda elə daş-qayalara rast gəldik,
Gördük, keçə bilmirik, gördük, yıxa bilmirik,
baş qoşmadıq, qal öz yerində - dedik,
Astaca böyründən burulub getdik.
Bulandıq o səbəbdən ki,
O qədər çirkab dolu bulanıq dərələr, arxlar qoşuldu bizə...
Amma, şükür, saxlamadıq özümüzdə - tulladıq qırağa,
Yenə başladıq dumduru axmağa...
Mən sənə oxşayıram, Girdimanım mənim,
mən sənə oxşayıram...
Həzinlikdə, kövrəklikdə, təmizlikdə...
Yaşaya bilirik hələ ki içimizdə xəbisliyi, paxıllığı boğub.
Bizi bir ata əkib bəlkə də, bir ana doğub.
Həzin nəğmələr oxuyaraq asta-asta, usta-usta axıb gedirik...
Mən sənə oxşayıram, Girdimanım mənim,
Özümüzdən çıxmağımız, qayalar yıxmağımız var arada,
Daşmağımız, coşmağımız var arada.
Amma tez də ram oluruq,
Yenə də aram oluruq.
Mən sənə oxşayıram, Girdimanım mənim,
mən sənə oxşayıram...
Sən axa-axa
tarlaya, əkinə, bağa, bostana paylandın,
Mən bilə-bilə, baxa-baxa -
ailəyə, oğul-uşağa, tanışa, dosta.
Paylandıq doğmaya, yada.
Nə sən çata bildin ümmanlara, nə də mən...
Amma tükənmədik, itmədik bu dünyada.
Yenə də əmməkdəyik döşündən Babadağın,
Yenə qaynamaqdayıq gözündən min bulağın.
Yenə də axmaqdayıq, yenə ardımız gəlir,
Yenə dadımız gəlir, yenə adımız gəlir,
Yenə suyumuz gəlir, yenə soyumuz gəlir.
Xaos
Sən mənim boğazımda düyünlənib qalmış
udquna bilmədiyim qəhərimsən.
Sən mənim qaranlıq ömrümdə açılmayan səhərimsən.
Sən mənim başıma çəkdiyim ən şirin zəhərimsən,
Həsrətin viran qoyduğu şəhərimsən -
Nə günə qoydun məni...
Bir cüt təşnə dodağam - qabar-qabar oldum,
Qurumuş bir çəmənəm - cadar-cadar oldum.
İntizar sazağından qubar-qubar oldum,
Əsəbdən damar-damar oldum -
Nə günə qoydun məni!
Arxanca sürünməkdən elə yorilmuşam ki,
Sənə tərəf son addım atamağa taqətim yox.
Elə qorxubdur gözüm, sən tərəfə baxmağa
Halətim, cürətim yox.
Bir kəlmə söz deməyə bir gilə qüdrətim yox,
Əlimi uzatmağa qolumda qüvvətim yox...
Nə günə qoydun məni?!..
Yeknəsəqlik
Eyni şeyləri görməkdən - gözlərim,
Eyni yükü çəkməkdən - dizlərim,
Eyni yolları getməkdən - ayaqlarım,
Eyni yalanları eşitməkdən - qulaqlarım,
Eyni sözləri deməkdən - dilim,
Eyni işi görməkdən - əlim,
Eyni paltarı geyinməkdən - əynim,
Eyni sualları düşünməkdən - beynim,
Eyni günlərdən ömrüm qabarladı.
Eyni dərdlərdən ürəyim qubarladı.
Xoş gördük
Darıxmışdım...
Şirin bir yorğunluqla qayıtdım sənə.
Xoş gördük,
xoş gördük dönə-dönə.
Dodaqlarım yuxulu,
əllərim mürgülü...
Köksümdəki intizar qoxulu
pardaxlanmış al-qırmızı Qızılgülü
həsrət sazağından keçirib sənə gətirdim yenə.
Sənsiz yaşamağın mümkünsüzlüyünü
bir daha anladım.
Səni yalqız qoyduğumçün
o ki var özümü danladım.
Sənsizlik
Bu mavilikdə dəniz,
bu boyda dəniz
yetim, kimsəsiz...
Bombozdu sənsiz,
bomboşdu sənsiz...
Min mil uzaqlardan
duyursanmı,
hiss edirsənmi
necə çalxalanır,
necə vurnuxur ?
Min il uzaqlardan
görürəm səni...
Sən necə
bomboş sahildə
görürsənmi məni?
***
Nəfəsindən ayırıb
bir az meh göndər -
sənsiz alışan ruhumu sərinlətməyə.
Gözyaşlarından
bir az şeh göndər -
adının yandırdığı
suluqlamış dodaqlarıma sürtüb
səni soraqlaya-soraqlaya
ardınca getməyə.
Təbəssümündən
bir az ümid göndər,
əlimi uzadıb sənə yetməyə...
Bunları qıymasan,
qollarından
bir az taqət göndər-
intihar etməyə...
***
Arada səni elə arzulayıram ki...
yanında olam...
sənə sığınam...
hər şeyi unudam...
deyirdin.
Bəs niyə unutdun hər şeyi?
***
Bu da sənsən...
Bu da sənin başındı,
Bu da sənin qaşındı.
Bu göz sənin gözündü.
Bax, bu da göz yaşındı.
Dodağındakı atəş,
Bu köz sənin közündü.
Bu qol sənin qolundu,
Bu əl sənin əlindi.
Səni çəkənsə mənəm,
Mənəm - sənin dəlindi.
Güzgü
Onda ki, güzgünün önündə durub
qaşlarını çatıb, gözlərini qıyıb
diqqətlə baxdın güzgüdəkinə.
Onda ki, tanıya bilmədin onu,
əriyib axacaqsan güzgünün təkinə...
Onda heyrətlə baxacaq güzgüdəki
Təəssüflə gülümsəməkdən başqa
heç nəyə gücün çatmayacaq.
Onda anacaqsan məni...
Özünü unudacaqsan,
Ağlayacaqsan məni...
***
Necəsən? - soruşursan.
Bilirəmmi necəyəm?
Haçandı özümdən yoxdu xəbərim...
Bir qaranlıq gecəyəm,
Açılmır səhərim.
Qaranlıqda özümü görə bilmirəm,
Güzgüyə baxıram - üzümü görə bilmirəm.
Boğazımda düyünlənmiş qəhəri uda bilmirəm...
Özümü unutdum,
Səni unuda bilmirəm...
Xatirələrin xəzəli
Elçin İsgəndərzadəyə
Ən kədərlisi sevginin payızında xatirələrin tökümüdü...
Sarı rəngdə olmur xatirələrin xəzəli, qan rəngində olur,
Xışıldamır ayaq altda, inləyir.
İllah da vaxtsız düşən xəzəl ola,
İllah da tökülən yarpaqlar gözəl ola.
O payız hansı yaşdan sonra başlayır? - soruşursan.
O payız yaşa baxmır, professor.
Daha döğrusu, yaş o payıza baxmır,
haçan gəldi vurur özünü payıza.
Məsələn, 18 yaşlı sevgidən xəbərsiz
bir gənci də yaxalaya bilər o payız,
təcrübəli professoru da,
çeşid-çeşid sevgilər görüb
sevginin nə olduğunu bilməyən təcrübəsiz şairi də.
Professorlar ağıllı olduqları üçün
bəlkə də, belə şeyləri bilməzlər, professor.
Bəlkə də, bilib təhlükədən yan keçərlər.
Çeşid-çeşid sevgilərin amansız dərslərindən
dərs almamış şairlərsə bunu bilməz,
bilsələr də bilə-bilə vurarlar özlərini payızın oduna.
Yetmək üçün xəyallarındakı qadına.
Professor olduğunçün sən bilməzsən bəlkə də, professor,
ən təhlükəlisi şairlərin sevgisinin payızıdır -
bunun çarəsi yoxdur artıq, bundan qurtulmaq mümkünsüz.
Nə yan otaqda şirin-şirin uyumuş
dünyadan xəbərsiz qadının xilas edə bilər səni,
nə ayıq və oyaq hər mətləbdən duyuq nəvələrin.
Sənin bəlkə də, qorxun yoxdur, qardaş,
Səninki əlli əlliyədir.
Sənin professorun məhv olmağa qoymaz şairini.
Hər halda xəbərdar etdim,
Hər halda bil ki,
Ən kədərlisi sevginin payızında xatirələrin tökümüdü...
Sarı rəngdə olmur xatirələrin xəzəli, qan rəngində olur,
Xışıldamır ayaq altda, inləyir.
İllah da vaxtsız düşən xəzəl ola,
İllah da tökülən yarpaqlar gözəl ola...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!