Hissin mimesisi... - Ey kölgəsində qadınlığımı unutduğum...Nargis

Mən səni sevirəm ey kosmoqonik sevdaların şəhəri, Bakı...

Ən çox gecələrini sevirəm. Bir başqa olur gecələrin... ehtişamlı, amma ümidsiz.

Bir sərkərdə kimi mübariz, amma atılmış...

Bir başqa olur gecələrin...

Collor bonundan öpərkən ulduzlar, xatırlamırsan çiy süd əmmiş gündüzlərini..

Ey vəfasızlıqların, Oskara layiq xəyanətlərin şəhəri!

Ey sevimli Bakı, səni çılğınca sevirəm...

Bəlkə, məni səsləməyəcək xəzriqarışıq avazla Müslüm Maqomayevin avazı.

Bəlkə, duymayacağam bir də səndə Müşfiqin  ağrılarını.

Bəlkə, məni heç vaxt gözləməyəcək əvvəlki kimi çılğın özləmlə sevdiyim... Amma mən bütün bunlara baxmayaraq sevəcəyəm səni, ey  postmodern xülyaların şəhəri, Bakı...

Mənim qəlbimdə elani azadlıq edir gerçəklər.

Mən ağuşunda çılpaqlığımdan utanıram... Sarıl mənə neft qoxan əllərinlə...

Öp boynumdan əvvəlki kimi. İzin vermə olum sapioseksualist. İsit ürəyimi əvəzolunmazım.

Qıyma ürəyimə, qoyma aysberqləşim... Sönük baxışlarının ünvanı olmasın gözlərim...

Dözə bilmirəm, Bakı...

Mən elə həmin, mənəm... Səninsə əllərin bumbuz... Sənin baxışlarından xəyanət yağır...

Niyə itirmisən səmimiyyətini?

Kimdə unutmusan məsumiyyətini?

Ey mənasız qovğaların, lağlağı sevdaların şəhəri...

Mən Qız qalası kimi duyğusuzca məğrur olmağa çalışmayacağam, üşüdür məni tənhalığım.  Bezikmişəm sənsizliklərimdən...

Hesablamağa gücüm çatmır kədərləri...

Bilirəm gecdi, bilirəm başa düşməyəcəksən məni...

Ey ağuşumda bəslədiyim ilan! Ey laməkan ruhumun çıxmaz sokağı!

Ey darıxmaqlarımın şah əsəri, ey ən qanayan yaram...

Açıb-ağarda bilmədiyim zaafiyyətim...

Zəifliyim, laqeydliyim, aqressiyam.... ey kölgəsində qadınlığımı unutduğum...

Tərk edilməlisən, yoxsa yenidən, yenidən bilirəm bu məğrurluğun məni valeh edəcək...

Amma mən, dözə bilmirəm unudulmağa, sevə bilmirəm heç kimi, toxuna bilmirəm, ən qorxulusu hiss edə bilmirəm artıq heç kimi...

Duel elan et mənə...

Söz verirəm silahsız gələcəyəm, Bakı!

Ey gizli sevdam...

Ey məğlubiyyətim...

 

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir! 

 

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!