Üç fərziyyə
Bir neçə günlük yoxluğun
bir həqiqəti anlatdı mənə;
varlığın yox olması deyilmiş ölüm,
ölüm - yox olmanın varlığı imiş.
Sonra üç fərziyyə gəlir ağlıma:
I fərziyyə: mən yoxam.
Sən gözləyirsən. Qadın daha çox gözləntidi axı.
Çox gözləyirsən dönüşümü, lap çox. Anlayanda dönüşüm
hər dəfə dönüşüdü yoxluğumun, uzun-uzadı şəkillərimə
baxmağa başlayırsan gözü yaşlı, sığal çəkirsən bəzən
paltarlarıma. Gecələr bağrına basıb yastığımı hönkürürsən, -
belə olur adətən. Sonra yavaş-yavaş yoxluğumla danışmağa,
dərdləşməyə alışırsan... hər nəsə.
Əməlli-başlı öyrəşirsən yoxluğuma.
II fərziyyə: sən yoxsan,
daha doğrusu, varsan yoxluq şəklində.
Qayıdıram hardansa, fərqi yox, işdən, gəzintidən
və sairə. Kişi də ki, daha çox qayıdışdı axı - bunu
deməmişəm deyəsən. Açarı uzadıram qapının kilidinə...
yoxluğun açır qapını, əlimi uzadıram - yoxluğun yandırır işığı.
Masanın arxasına keçmirəm. Hələ bir müddət alışa bilmirəm
yad olan yoxluğuna - isnişmək lazımdı görünür onunla.
Yatağıma uzanıram, qollarım çarpazlanır sinəmdə məsafə olmadığından
sinəmlə qollarım arasında; yoxluğunu qucaqlayıram hər gecə beləcə.
III fərziyyə: mən də yoxam, sən də.
Nə sən gözləyirsən dönüşünü yoxluğumun,
nə də mən qucaqlayıram yoxluğunu.
Ya əbədi itiririk bir-birimizi,
ya da əbədi qovuşur bir-birinə
varlığı yoxluğumuzun.
Hər üç fərziyyə bu qədər bəsit sadəcə;
bütün yoxluqlarla olduğu kimi. Amma
anladığım həqiqət çox dahiyanə idi, əzizlərim:
varlığın yox olması deyilmiş ölüm,
ölüm - yoxolmanın varlığı imiş.
... - 03.06.2016
Şair-filosof
Şair poetik düşünən filosofdu - deyir Haydeger.
mən də düşünürəm neçə illərdi:
Yaranan nə varsa -
tələbdən doğar,
şəkli əks olunar düşüncədə,
sonra yavaş-yavaş istəyə dönər.
Həyat var a - asta-asta ölümdü elə düşünsən dərindən,
düşünsən dərindən
sevgi - bir az da nifrətdi, nifrət - bir az sevgi,
sevinc - bir az kədərdi, kədər - bir az sevinc,
xoşbəxtlik - bir az bədbəxtlikdi, bədbəxtlik - bir az səadət.
qələbə - məğlubiyyətdi həm də,
məğlubiyyət - qələbə.
(hər şey ifratda öz tərsinə çevrilər). elə çevrilər
bir də görərsən sevinc kədərə dönüb,
səadət acıya, qələbə məğlubiyyətə
ya da tərsinə - odur ki, gəlin şükür edək tale verənə.
Varolan - yox olandı,
yoxolan - var olan.
ölüm - həyatın davamı; yoxolma deyil,
şüurun məhsulu - bu yerdə, deyəsən, səhv edər şüur.
Şair - poetik düşünən filosofdu.
mən də
düşündüm, düşündüm, düşündüm...
və şeir yazdım:
Payız gəldi. saralan yarpaq
elə həmən yarpaqdı,
rəngini dəyişib sadəcə.
Payız gəldi yenə də.
saralan yarpaq
endiyi budaqdan uçmaz uzağa.
... - 14.11.2015
Tələsən adam bəyazlıqda
Tez-tez səhra görür - başdan-başa bəyaz, bomboz hüdudsuzluq
və o bəyazlıqda və hüdudsuzluqda nə istəsə yarada bilir xəyalən.
nə böyük yaratmaq gücü varmış boşluğa bürünmüş hüdudsuzluğun -
düşünür hər dəfə tez-tələsik.
Yadına gələni bir cəhəti var
şeytanı sevindirən: elə hey tələsir.
bəzən özü də bilmir niyə tələsir, hara və kimə tələsir.
amma elə hey tələsir. Tələsir, deyəsən
" heç nə üçün" "heç hara" və "heç kimə". Tələsir və
elə hey gedir. Gedir - hərəkətdə, gedir dayandığı yerdə,
durduğu yerdə, gedir sükunət halında, ətalətdə.
Gənclik illəri idi; gəminin göyərtəsində, düz dənizin ortasında
"gedək" - dedi bir neçə yaş özündən böyük əmisi oğluna. Bilmədi
hirsləndi, ya gülməyi tutdu əmioğlunun. "İndi hara gedək,
burdan o tərəfə dənizdi" - söylədi üzündə anlaşılmaz ifadə. Gəmiyə
minəni neçənci "gedək" idi deyirdi ona indi xatırlamır doğrusu.
Düz otuz il sonra düşünür kaş təkcə getməyi yox, qayıtmağa da
tələsərdi hərdən. qayıtmağa - məkanlara, zamanlara və adamlara,
qayıdıb dəyişə biləydi kaş bəzi hadisələri. Dəyişə bilsəydi, bəlkə də
qərib şəhərlərə tez-tez üz almazdı gəmidə bezdirdiyi əmisi oğlu
və qərib şəhərlərin birində yoluxmazdı ümidsiz xəstəliyə.
Düşünür getməyi yox, qayıtmağı da bacarmaq lazımdı bəzən
məkanlara, zamanlara və adamlara heç nə üçün olsa da belə. Qayıdıb
doldurmaq lazımdı kimsəsiz məkanları zamanla və həndəsi
ölçülərinlə, sonra soyuq divarlara, daşlara üz qoyub alın söykəyib
sıxmaq lazımdı gözlərini yaxşıca. sıxmaq, için bomboş, tərtəmiz olana kimi
sıxmaq gözlərini, sıxmaq ...
Bəyaz, bomboz hüdudsuz səhra idi içi indi. Səhra - bomboş, bomboz, tərtəmiz;
heç nədən, heç kimdən heç nə üçün nə istəsən qur, yarat durmadan tələsik.
... - 23.09.2015
Əzab və həqiqət - dolu piyaləsən, boşal
Yuxusuz gecələrin əzabı olur doğrusu,
amma bəzi həqiqətləri də anlayıram belə gecələrdə.
Demə, həqiqət əzablar arasından boylanarmış daima.
Əzab və həqiqət axtarışının doğurduğu sentimental hisslərdən
söz açmaq fikrim yoxdu - bunu klassiklərimiz çox gözəl bacarıb
vaxtında; indi klassika əsiri müasirlərimiz də
öhdəsindən gəlirlər qismən olsa da.
Anlayıram ki, həqiqət və ədalət hissi
məsələyə münasibətindən asılıdır hər kəsin,
yəni sırf subyektiv.
Düşünürəm bəzən
çox vaxt layiq olduğumu verməyiblər mənə. Amma...
adamın layiq olduğu və layiq olmadığı bir şey yox bu həyatda.
Ala bildiyi və ala bilmədikləri var; yanaşı iki çoxluq - təxminən
8 rəqəminə bənzəyən. Cəmi bir addım! - dərhal o birindəsən.
Qədim filosofların əzabdan qurtulmağa aid bir resepti var:
Dolu piyaləsən, boşal! Qurtul istəklərdən və yenidən dol -
təmənnasız seyr et dünyanı, seyr et təmiz idrakla.
Dəniz sahilində balıq tutulan məkana yaxınlaşıb, əvvəlcə
xırda balıqlara baxdım, sonra balıq tutan adamların üzünə.
Balıqlar ölü idi artıq, tilovuna xırda balıqlar düşən adamlar əsəbi.
Sahil boyu davam etdim yoluma
boşalıb, bomboş olub - ağ vərəq misalı
və yenidən dolmaq arzusu ilə. Xəyalımda
hansısa ağappaq bir məkandan qovurdular məni təkidlə:
Get, get öz məkanına, sən
istəklərçün doğulan məxluqlardansan!
Əsəbi üzləri,
Məkanından ayrı düşən xırda balıqları
xatırladım bir anlıq;
gedirik də onsuz da,
elə gələndən gedirik də daima.
Davam etdim yoluma
boşala, boşala... azala, azala -
azala, azala misqal-misqal anbaan.
Boşalan yerləri yeni istəklər tutur,
ağ vərəqə yeni-yeni arzular yazılırdı tədricən.
... - 15.04.2016
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!