Eşq... - Əlizadə Nuri - şeirlər

Yağışı qarşılamaq

Bir anlıq gözlərini ver,

Ver baxım bu dünyaya, -

Barı bircə dəfə gözəl görüm dünyanı!

 

…Hörüklərini ver, basım bağrıma

Yüz ilin tənhasıtək

Kirpiklərini ver, hücum çəkim

Ayrılıqların üstünə…

Yanaqlarını ver, - açmaq istəyən

Çiçəkcən göstərim

Dodaqlarını ver, bir beyt seir yazım….

…Gülüşlərini ver,

su kimi səpib söndürüm

Bu dünyanın əzablarını

Gəncliyini gizlətdin,

Barı uşaqlığını ver, -

Gedək çöldə oynayaq…

…Əllərini ver, tutum əlindən

Gedək yağışı qarşılamağa…

 

Bir ürək və… üç nöqtələr…

Məktubuma cavab kimi yazdığın

Qırıq-qırıq nöqtələr…

- Ürəyimin xətlərini çəkmisən, yoxsa, -

Sən ki, həkim deyildin!..

Onda sənə olan sevgimi çək,

Ağrı kimi göstər orda…

…Üç nöqtələr, qırıq-qırıq

Xətlər göndərmisən,

O xətləri tutub sənə çatmaq olarmı?

 

Bir yağış dindirdi məni…

Dünya necə fırlanır ki, -

Qalmışam qaldığım yerdə?!

Torpaq da şeir yazacaq, -

Mən lələk saldığım yerdə…

 

Sevgi səndən, qəhər məndən,

Yol səndəndi, kəhər məndən…

Simlər də inciyir məndən,

Dərdimi çaldığım yerdə.

 

Mələkdi, nəydi bu yağış,

Bəlkə lələydi bu yağış?

Çiynimə dəydi bu yağış, -

Xəyala daldığım yerdə…

 

Bu qələm ahnan oynayır,

Şahmatda şahnan oynayır…

Dünya uşağnan oynayır,

Mənim qocaldığım yerdə…

Sözü yalan danışmaq…

 

Əl də yalan danışar, -

Nə deyim bu əllərə?

Sənə bir şeir yazdım,

Payladım gözəllərə.

 

Vüqarla yazdığımı,

Sına-sına oxudum.

Sənə yazdığım şeri,

Özgəsinə oxudum…

 

Sözü narahat edib,

Özüm rahatlanmışam.

Daha dinə bilmirəm,

Dil kimi qatlanmışam…

 

Suları diksindirən,

Torda, tilovda günah.

Bir şeirlə yüz qızı

Ovlayan "ov"da günah.

 

…Bir dəfə atdığım ox,

Yüz hədəfə dəyibmiş.

Bir sevgi məktubumu

Yüz qız əzbərləyibmiş…

Haçansa bizə də

and içəcəklər

Bir gün açacağıq sirr pərdəsini,

Qurtarıb dünyanın yalanlarından.

Bir gün göz yaşına dönərik biz də,

Düşərik bir qızın yanaqlarından…

 

Qoşulub gedərik əsən yellərə,

Yarpaqlar arxadan əl eyləyəcək.

Kimsə çağıracaq bizi yanına,

Kimsə uzaqlardan "gəl" eyləyəcək.

 

Torpaq olacağıq bir gün, nə oslun, -

Haçansa bizə də and içəcəklər.

Üşüyən çocuqlar ocaq qalayıb

Bizim üstümüzdə isinəcəklər.

 

…Bir gün ulduzumuz sönsə səmada,

Biz də yer üzündə sönə bilərik.

Həyata dönməyi demirəm, ancaq,

Bir gün xatirəyə dönə bilərik…

 

Sən gedəli…

Sən gedəli,

Yolların boynu büküldü, -

Qanrılıb geri baxmaqdan.

Sən gedəli,

Ağaclarla dost olmuşam darıxmaqdan.

 

Sən gedəli,

Xatirən ocaq qalayıb,

Tüstüsü yox, boğulum.

Sən gedəli, bu ayrılıq

Ac qurd kimi

Otağıma soxulub…

 

Uzaqdakı dəniz kimi

təkəm sənsiz,

içimdəki dalğalara

qayıq dəyər, qorxuram.

 

Xəyalının üstünü

Kədərimlə örtmüşəm, -

Soyuq dəyər qoxuram…

 

…Gün gizləndi göy üzündə,

Duman oldu, sis oldu.

 

Sən gedəli, nə oldu ki?

Bu dünya sənsiz oldu…

Bu dünya sənsiz oldu…

… İndi sənsizlik və səssizlik

Başına götürüb dünyanı…

Gecə reysi

Bəlkə göydə də bağ var,

Göylər - özü boyda sirr.

Səmadan yarpaq düşür, -

Bəlkə göydə yel əsir?

 

Bir kölgə keçdi göydən, -

Mələklərmi baxdılar?

Ulduzlar çiçək-çiçək,

Göylər nə xoşbaxtdılar!

 

Nə dedim dəydi sənə? -

Ay ürəyi yuxa sən…

Qolumu açmadım ki,

Qucağımdan çıxasan?!

 

…Ömür qaya kimiymiş,

Qayadan çapdım səni.

Mən ki, heç axtarmadım,

Bəs necə tapdım səni?

 

Göydə yazılan şeir

…Tez

            tez endir

təyyarəni,

təyyarəçi qardaş.

Vətənə

Yuxarıdan aşağı

Baxmaq istəmirəm…

 

Yeriyib üstümə

qaçar bir ağac

Ayın şöləsindən əriyər duman, -

Dumanın içindən bir şəhər çıxar.

Gecə işıqları yorulan zaman,

Yerin köynəyindən bir səhər çıxar.

 

Qocalar o kənddə naçar bir ağac,

Getsəm, - çiçəkləyib açar bir ağac…

Yeriyib üstümə qaçar bir ağac,

Sanaram  qarşıma yüz nəfər çıxar…

 

Bir yol yoxuşunda ölə bilərəm,

Bir yaz yağışında ölə bilərəm.

Bir qız baxışından ölə bilərəm, -

Ancaq qorxuram ki, birtəhər çıxar…

 

Yaxşı ki, xoşbəxt deyilik…

Məktubumu oxuduğun,

Əllərindən şerim səni.

Evinizə elçi düşdü,

Gətirmədi evim səni.

 

Günahı kimdə axtaraq, -

Bir nəfərə yük olmasın?

Bu necə sevgidi, Allah,

Böyüsün, böyük olmasın?!..

 

Bir həsrət var aramızda,

Əlində tətik oynayar.

Oyuncağı olmayanlar

Dünyayla evcik oynayar…

 

Səmtimizi kim dəyişdi, -

Qoşa axan sulardıq ki?

…Yaxsı ki, xoşbəxt deyilik,

Yoxsa nə arzulardıq ki?!

Yelə yalvarram, 

elə yalvarıram...

Yalvardım, - tez açılsın

Yazda tumurcuqlara.

Baxtı bağlı əlləri

Açılmış çocuqlara…

 

Üşütməsin saçını

Yalvardım yağışlara.

Yalvarmışam Şuşanı.

Deyib - uçan quşlara…

 

Sən yatdığın yuxuya,

Mürgünə yalvarmışam.

Heç vaxt solmasın deyə,

Bir gülə yalvarmışam.

 

Üzü Şuşayadırsa,

Əsirsə o ellərə, -

Heç vaxt əyilməyən sən

Yalvar indi yellərə…

 

Səni bir kədər soruşdu…

Özümü tuta bilmədim, -

Yenə də tutdum adını.

Ürəyimin sularında,

Yuyub qurutdum adını.

 

Kim deyirdi, "sevgi suçdu"

O özü də eşqə uçdu…

…Səni bir kədər soruşdu.

Yaxşı unutdum adını!

 

Sevgi adlı bir quş vardı,

Onunla qurtuluş vardı…

… "Oyun"da yüz uduş vardı, -

Yaxşı ki, uddum adını!..

 

Dağ

Səndə yürüşüm var, bayrağım - lalən,

A dağım, üstümdə əsirdi nanən…

Ay ağac, göylərə çəkildi nalən, -

Kəsildin, ağladı, koğuşun altda…

 

Çobana oxşayır qaraltı adam,

Bir kola sığınnam, neynəyirəm dam?

Kimsə oxuyurdu yağışlı axşam.

Səsi islanırdı yağışın altda…

 

Burda çiçəklərin dodaqları nəm,

Burda fırça gərək, acizdi qələm.

…Bu gecə yuxuda balamı görrəm, -

Bir bala görmüşdüm bir quşun altda…

 

Qurudu dar ağacları…

Ürəyində deyiləmsə,

Yanında yer saxlama.

Bu gül səninçün açılıb,

Şeh vaxtı dər, saxlama.

 

Sevgi nədi - sirdi bütün,

Gözdə başlar, qəlbdə bitər…

Aç sinəni sətir-sətir, -

Sinəmdə sirr saxlama.

 

Bu dünyadı, - ya harasa?

Nə gəzirəm aza-aza.

Sevsəm, məni sağaltmasa,

Evində pir saxlama.

 

Yığışdırın bu tacları,

Kədəri "toxdu" acların…

…Qurudu dar ağacları,

Daha kəndir saxlama.

 

Bəzən qürurluyam,

bəzən qüruram

Əgər qısadırsa bu ömür yolu, -

Bəs niyə mən sənə çata bilmirəm.

Bu qədər ulduz var, Ay var səmada,

Mən niyə başımı qata bilmirəm?

 

Bəzən qürurluyam, bəzən qüruram,

Xoşbəxt olmasam da xəyal qururam…

Bu dərdi sinəmdə ovundururam,

Dərdi oyaq qoyub yata bilmirəm.

 

Günəş saçlarıdı, - o dan anadı, -

Girdim qucağına, adam anadı.

Dünya "uğaşını" atan anadı,

Mənsə bu "ana"nı ata bilmirəm.

 

Dəymə o ağaca, sərhəddi bəlkə?

Araya çəkilən həsrətdi bəlkə?!

Vətənin çöpü də

 Sərvətdi bəlkə, -

Mən heç bu çöpü də sata bilmirəm…

 

Dünyadan uşaq gedək…

Dan üzüylə danışaq,

Bir az da susaq, gedək.

Qaranlıqlar içinə,

Biz də üzüağ gedək.

 

Kədər girsə barıdan,

Ölüm versə Yaradan.

Ancaq vüqar sarıdan,

O dünyaya sağ gedək.

 

Bu ömür uduşunda,

Nə qaldı ki, huşunda?

…Üşüyüb qəm qışında

Quru bir budaq gedək…

 

Nə görüb bu bəndədə, -

Ey eşq, saldın bəndə də…

Ağlayaq gedəndə də, -

Dünyadan uşaq gedək.

Eşq

Mən bir eşqə düşmüşəm,

Anacan, eşq deyirəm!

Sonda dilimdə bitsin, -

Sonacan eşq deyirəm!

 

Gec göndərib, nə olsun?

Bir az gərib… nə olsun?

Qışda gəlib, - nə olsun, -

Yanacam, eşq deyirəm!

 

Var ol, yazı yazan ki,

Sevmək belə asan ki?

Elə kövrəyəm, sanki

Sınacam - eşq deyirəm…

 

Girmə usanan yola,

Girdim - o salan yola.

Məndən uzanan yola, -

Onacan - eşq deyirəm…

 

Gələndə payızı

özünlə gətir…

Deyirsən payızda dönəcəm geri,

Bilirəm, vaxt uzaq, ayrılıq çətin.

Geri qayıdanda tək darıxarsan, -

Gələndə payızı özünlə gətir.

 

Payızda bir yerdə darıxmazsınız,

Yağışı başlasa, başlasın, nə qəm?

Sarı yarpağını çətir eyləyib

Başının üstündə tutar, bilirəm.

 

…Çiçək bitirəcək getdiyin o yol, -

Hər gün suvarıram saldığın izi.

Payız da uzaqda, sən də uzaqda,

Durub gözləyirəm hər ikinizi…

 

Uzaqda yaxına buraxma qəmi,

Çağır xəyalları sən qalanda tək.

Payıza qoşulub qayıdarsınız,

Sarışın hörüklü rəfiqələrtək.

 

…Bu ömür deyilən nə uzun imiş, -

Günləri - günlərə satıram indi.

Özün qürbətdəsən, səsin burdadı,

Səsinlə başımı qatıram indi…

 

O mavibaxışlı

dəniz də dalğın…

Ay Allah, bu dünya niyə belədi, -

Mənim sevdiklərim qürbətə gedir?

Bu dünya cəmisi beş-on kəlmədi,

Onun da yarısı qeybətə gedir.

 

Qara tüstüsü var çırağının da,

Tənhalıq tapırıq bu tünlüyündə.

Həyat amansızdı, sənin tapdığın

Nədənsə az olur itirdiyindən…

 

…Quşlar ürəyimə uçub qonacaq,

Ağaclar azalıb, intizar artıb.

Bu bahar dağlara gec gəlib deyə,

Şəlalə özünü dağlardan atıb…

 

O mavibaxışlı dəniz də dalğın,

Dönüb ürəyimiz qubar yerinə.

Çoxunun taleyi qızılbənd olub,

Ehtiyac asılıb açar yerinə.

 

…Sən də atıb getdin bu yolda məni,

Bu yollar heç kimi atmadı ancaq.

Sənsiz xəstələnib xatirələrin,

Sən geri dönəndə şəfa tapacaq..

 

Qürbətə məktub

Qürbətdə hava soyuqdur,

Yoxsa ayrılıq küləyi?

Bəlkə göndərim bir azca,

Vətəndən ilıq küləyi?

 

Qürbətdə duman necədi, -

Barı duman dağılandı?

Buranı da duman basıb,

Çəkilmir heç duman andır…

 

Orda da dünya darıxır,

Ümid yaradana qalıb,

Orda da güllər günəşə,

Boylana-boylana qalıb?

 

Əslində qürbət deyil ki, -

Bir parça vətənsən orda.

Zəmin burda da biçilir,

Nə olsun ki, dənsən orda?!

 

Əslində qürbət deyil ki,

Vətənin əkiz qardaşı.

Burda da daşlar sevinir,

Sən dindirsən orda daşı.

 

Burdan yerin üşüyür,

Gəl əlini çək, deyirlər.

Sən orda "salam" deyəndə,

Burda da "əleyk" deyirlər…

 

Hamının birdi dünyası,

Arada yollardı ancaq.

İşdi, payızda qayıtsan,

Güllər təzədən açacaq!

 

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir! 

 

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!